13 oktyabr 2023 00:46
392

Onlar ən ağır cəzaya layiqdirlər

Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndidəki separatçı rejim 2023-cü ilin sentyabr ayında 23 saat davam edən lokal antiterror tədbirlərindən sonra tarixin zibilliyinə atıldı. Qondarma rejimin qondarma rəhbərləri Azərbaycan mərkəzi hakimiyyətinin şərtlərini qəbul etməli oldular. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələrdən sonra əməli işlərə başlanıldı. Artıq qısa zaman kəsiyində bu istiqamətdə müəyyən işlər görülüb.

Artıq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində azərbaycanlılara qarşı soyqırımlar törətmiş və hərbi cinayətlərdə əli olmuş bir qrup separatçı həbs olunaraq Bakıya gətirilib. Bu isə  o deməkdir ki, 23 saatlıq lokal antiterror tədbirlərində zəfər əldə edən Azərbaycan müharibə cəlladlarını da hədəf seçmişdi. Artıq Xocalıda Meşəli qırğınını törədənlərdən biri olan Vaqif Xaçaturyan, Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz varidatını artıran, Xankəndidə oturub terrorçuluğu maliyyələşdirən, ölkəmizə qarşı hədyanlar söyləyən Ruben Vardanyan, minlərlə soydaşımızın qətlində günahkar sayılan  separatçı-terrorçu dəstənin keçmiş “müdafiə naziri” Lyova  Mnatsakanyan, azərbaycanlı əsirlərə qarşı amansız işgəncələr verməkdə “ad çıxaran” Lüdvik Mkrtiçyan, Alyoşa Xosrovyanla yanaşı,  qondarma rejimin “prezident”ləri Arkadi Qukasyan, Bako Saakyan, həmçinin 2020-ci ildə müharibə meydanından xeyli uzaqda yerləşən Gəncə şəhərini "vur" əmrini verən, xeyli sayda mülki insanımızın ölümünə bais olan, bu əməlini qürrələnə-qürrələnə videokamera önündə etiraf edən, ölkəmizin digər böyük şəhərlərinə də zərbə endirəcəklərini həyasızlıqla  bildirən Araik Arutyunyan, separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, qondarma “prezident”in xarici siyasət məsələləri üzrə köməkçisi David Babayan, qondarma rejimin “Milli Təhlükəsizlik Xidmətinin direktoru” Ararat Melkumyan dünya işığına dəmir barmaqlıqlar arxasından baxırlar.

Şübhəsiz, xunta rejiminin sıradan çıxarılmasından sonra separatçıların, xüsusilə onun “rəhbərləri”nin cinayət məsuliyyətinə cəlb olunması ölkəmizin gücünün, iradəsinin göstəricisidir. Halbuki onlar iyrənc əməllərinin qisasının heç zaman alınmayacağının eyforiyasına qapılaraq elə düşünürdülər ki, Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə ilə barışacaq, xalqımıza qarşı soyqırımları törədən qatilləri cəzasız qoyacaq. Amma beynəlxalq hüquq və normalar çərçivəsində öz işini görən rəsmi Bakı mahir gedişləri ilə həmin separatçıları elə mat qoydu ki, özləri də bu işə məətəl qaldılar. Siyasətçilərin fikrincə, İkinci Dünya müharibəsindən bəri düşmənin bu qədər tanınmış liderlərinin eyni vaxtda həbs edilməsi qeydə alınmayıb.

Hazırda Ermənistan və onun havadarları bu şəxslərin "azadlığa buraxılması” üçün dəridən-qabıqdan çıxırlar. Üstəlik, rəsmi Bakını "beynəlxalq məhkəmələr qarşısında cavab vermək" ilə hədələyirlər. Bir sözlə, Ermənistan hakimiyyəti  və onun havadarları bu cinayətkarların həbs edilməsindən də "siyasi şou" düzəltməyə cəhdlər göstərirlər. Şübhəsiz, təcavüzkarın digər şouları kimi bu şounun da onlara heç bir faydası olmayacaq. Hər şeydən əvvəl ona görə ki, həmin şəxslərin həbs olunması Azərbaycan qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüquqa da tamamilə uyğundur.

Bəs Xocalıda, Ballıqayada, Başlıbeldə, Gəncədə, Bərdədə, Tərtərdə və  sadalamadığımız neçə-neçə ərazilərdə xalqımıza qarşı soyqırımı, qətliamlar törədən, əsirlikdə, girovluqda olan azərbaycanlılara ağlasığmaz işgəncələrlə qətlə yerirən faşist xislətli şəxsləri hansı cəza gözləyir? Bu suala Prezident İlham Əliyevin çıxışlarının birində dediyi bu sözlərlə cavab vermək istərdik:  “Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər”. Şübhəsiz, məhkəmə prosesində onların verdikləri ifadələr əsasında digər çoxsaylı cinayətlərin də üstü açılacaq və yeni isimlər də ortaya çıxacaq. Yeri gəlmişkən qeyd edək ki, onların həbs olunması sadə ermənilərin ürəyincədir. Hətta erməni bloger Natali Aleksanyan öz "Facebook" səhifəsində  yazıb: “Heç vaxt həbsdən çıxmamağınız üçün dua edirəm”.

Əli azərbaycanlıların qanına batmış, hərbi cinayətlər, soyqırımlar törətmiş və Azərbaycana qarşı separatçı fəaliyyətə rəhbərlik etmiş digər şəxslərin də bu və ya digər yollarla həbs olunacaqları istisna deyil. Belə müharibə cəlladlarının sayı isə 300-dən çoxdur. Onların arasında törətdikləri qətllərlə Zori Balayansayağı qürur duyan Serjik Sarkisyan, Robert Koçaryan, qondarma separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri”  Vitali Balasanyan, Xocalı qatili Seyran Ohanyan  kimi qaniçənlərin də yer alacağı  şəksizdir. Qeyd edək ki, onların əksəriyyəti hazırda Ermənistanda yuva salıblar. Prezident İlham Əliyev demişkən, dovşan kimi qaçıb gizləniblər. Amma onlar  dünyanın harasında gizlənsələr də gec ya tez məsuliyyətə cəlb olunacaqlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”