13 oktyabr 2023 01:58
321

Kağız üzərində bədxahlıq

Və ya Avropa Parlamentinin qətnaməsi "anadan ölü doğulub"

Bəli, bu beynəlxalq təşkilat Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən ədalətsiz qətnamə qəbul edib. Məlum olduğu kimi Avropa Parlamenti qəbul etdiyi qətnaməsində Avropa İttifaqına üzv olan ölkələri Azərbaycana qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. Bundan başqa sənəddə Azərbaycanla əməkdaşlığa yenidən baxılması və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı da öz əksini tapır.

Ancaq Avropa Parlamentinin qətnaməsi bizdə heç də narahatlıq doğurmamalıdır. Məsələ ondadır ki, bu qətnamə məcburi xarakter daşımır, yalnız məsləhət xarakterlidir və heç bir hüququ qüvvəsi yoxdur. Yəni, havaya buraxılmış şara və ya anadan ölü doğulmuş uşağa oxşayır. İstisna deyil ki, Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməni ciddi qəbul etməz. Çünki Azərbaycan otuz beş il əvvəlki Azərbaycan deyil, onun bu gün dünya siyasi sistemindəki yeri də o yer deyil. Azərbaycan Avropada və dünyada günü-gündən güclənən, söz sahibi olan, iqtisadi, eləcə də siyasi cəhətdən özünə dividendlər qazandırmağı bacaran, öz nüfuzunu artıran, ətrafına tərəfdaşlar toplayan bir ölkədir. O səbəbdən də Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və rəsmi Bakıdan qaz idxalından asılılığın azaldılması çağırışının icrası qətiyyən real görünmür. Bunun bir çox səbəbləri var.  Ən böyük səbəblərindən biri Avropa İttifaqına daxil olan dövlətlərin bir çoxunun artıq Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etməsi və bunun beynəlxalq hüquqla heç bir ziddiyət təşkil etmədiyini anlamasıdır. İkincisi, təbii qaza və enerjiyə olan kəskin ehtiyaclar Avropanın bir çox ölkələrində ciddi hiss edilməkdədir.

Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir və Avropa ölkələri Moskvanın qaz asılılığından yaxa qurtarmaq üçün alternativ ölkələrə üz tutublar. Üz tutduqları ölkələrdən biri də Azərbaycandır. Qarşıdan qış aylarının da gəldiyini nəzərə alsaq Avropa ölkələri nəinki Azərbaycandan qaz idxalını dayandırmayacaq, əksinə bu sahədə əməkdaşlığı daha genişləndirmək barədə düşünəcək. Buna heç bir şəkk-şübhə ola bilməz. Çünki o ölkələrin əhalisi yaxınlaşan qışın şaxtasında mənzillərini qızdırmaq üçün sobalarında Avropa Parlamentinin qətnaməsini deyil, Azərbaycan qazını yandıracaq.

Fransanın fitvası ilə Azərbaycan əleyhinə Avropa Parlamentində qəbul edilən bu qətnamə heç nəyə yaramayan kağız parçasından başqa bir şey olmayacaq. Artıq bizə qarşı belə oxşar "qətnamələr" bir neçə dəfə olub. Qətiyyən şübhə yoxdur ki, Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməyə məhəl qoymadan Azərbaycanla tərəfdaşlıqlarını davam etdirəcək, bəzi sahələrdə isə genişləndirməyə çalışacaqlar. Bu qətnamənin məqsədi sadəcə erməniləri daha da qıcıqlandırıb, Azərbaycana qarşı kin-küdurət ritorikasını pik həddə çatdırmaqdır. Məhz bu amillərlə Fransa və onun liderlik etdiyi təsisatlar bölgəyə daxil olub mövcudluqlarını rəsmiləşdirməyə can atırlar.

Bizim üçün çox önəmli olan Qarabağ məsələsini birdəfəlik bitirmək idi, onun da öhdəsindən gəldik. Qalan məsələlər də  zamanla həllini tapacaq. Artıq bu istiqamətdə əhəmiyyətli hadisələrin şahidiyik. Bir neçə gün əvvəl Qranadada Ermənistan baş nazirinin Azərbaycanın Qarabağ, Naxçıvanın Kərki və Qazaxın 7 kəndi də daxil 86,6 min kvadratkilometr ərazisini tanıması ilə bağlı Bəyannaməyə imza etməsi isə yaxın gələcəkdə bizi yenidən xoş xəbərlərin gözlədiyini düşünməyə əsas verir. O ki, qaldı Fransanın təzyiqi ilə qəbul edilən qətnaməyə bu, bizə qarşı kağız üzərində bədxahlıqdan başqa bir şey deyil, yəni milçəyin ürəkbulandırmasıdır.

Vəli İlyasov, "İki sahil"