11 oktyabr 2023 16:05
73

Uğurlu regional əməkdaşlıq

Şərqi Avropa və Qərbi Asiyanın qovşağında yerləşən iki dövlət olan Azərbaycan və Gürcüstan, onların müasir kimliklərini formalaşdıran dərin köklü tarixi və qarşılıqlı asılılığı bölüşürlər. Azərbaycan və Gürcüstan arasında münasibətlər sadəcə coğrafi yaxınlıqdan və ya ortaq iqtisadi maraqlardan daha dərindir. Bu, tarixin, ticarətin, mədəniyyətin və ortaq istəklərin köklərində qurulmuş bir bağdır. Onlar irəlilədikcə aydındır ki, onların bir-birinə qarışmış keçmişi əməkdaşlıq və firavan gələcəyin formalaşmasında mühüm rol oynayacaq.

İki ölkəni mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli təkan verib. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməli qoyuldu. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, indiyədək 118-dən çox sənəd imzalanmışdır.

Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində böyük əməkdaşlıq planları var. İki ölkənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri digər dövlətlərin də enerji təhlükəsizliyinə böyük töhfələr verir. Ölkəmizin Gürcüstanın Anakliya və Kulevi limanlarında infrastruktur layihələrinin yaradılmasında iştirak etməsi əməkdaşlığımızı daha da gücləndirəcək.  Bakı-Tbilisi-Qars dəmir yolu  vasitəsilə yükdaşımaların həcminin 5 dəfədən çox artırılması nəzərdə tutulub ki, bu da Orta Dəhlizin güclənməsinə xidmət edir.

Prezident cənab İlham Əliyevin oktyabrın 8-də reallaşan səfəri sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizə işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır: “Təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.” Reallıq budur ki, Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin siyasi iradəsi əsasında çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələri reallığa çevrildi. Regional əməkdaşlığın əsası qoyuldu.

Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan əlaqələri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.

Məhbubə Musayeva,
YAP Xətai rayon təçkilatının "Qacaq Nəbi 13" ünvanı üzrə əraiz partiya təşkilatının üzvü