12 oktyabr 2023 10:01
237

Prezident İlham Əliyevin siyasəti tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəsinə və xalqına şərəflə xidmət edən görkəmli dövlət xadimi olmaqla bərabər, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyev eyni zamanda beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət və atdığı addımlar həm öz ölkəsində, həm də dünya ictimaiyyəti arasında yüksək qiymətləndirilir. Prezident İlham Əliyev beynəlxalq aləmdə XXI əsrin liderlik nümunəsini göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin möhkəm əsaslarını yaratmış Ümummilli Lider Heydər Əliyevin keçdiyi çətin və şərəfli yolu yüksək qiymətləndirməklə bərabər, həm də onun yaradıcı şəkildə inkişaf etdirməyin əsl örnəklərini nümayiş etdirir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində həyata keçirdiyi genişmiqyaslı Azərbaycançılıq siyasəti ilə xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlaması və müstəqillik dövründə ölkəmizi dağılmaqdan xilas etməsi Prezident İlham Əliyev üçün dövlətçiliyə və istiqlaliyyətə xidmət nümunəsi kimi qəbul edilir. O, böyük siyasətə və dövlət idarəçiliyinə cavan yaşlarında ikən görkəmli bir dövlət xadiminin böyük məktəbini keçərək gəlmişdir. Azərbaycan xalqının tarixinin ən məsuliyyətli anlarından biri sayılan qanlı 20 Yanvar hadisəsindən bir gün sonra Moskvadakı Azərbaycan daimi nümayəndəliyində Sovetlər İttifaqının rəhbərləri haqqında sərt bəyanatlar verərək doğma xalqını müdafiə edən Heydər Əliyevin yanında olması İlham Əliyev üçün əsl dövlət xadiminin ölkəsi və xalqı üçün bütün fədakarlıqları həyata keçirməklə qətiyyət nümayiş etdirmək baxımından dərs olmuşdur. Ümumiyyətlə, həyatının bütün məqamlarında görkəmli dövlət xadimi Heydər Əliyevin keçməkeşli və mənalı tərcümeyi-halının hadisələri və gedişlərini yaxından müşahidə etmək və dahi siyasətçini daha yaxından dinləmək imkanlarına malik olan İlham Əliyev, beləliklə, dünyaşöhrətli Heydər Əliyevin dövlətçilik məktəbindən keçərək böyük siyasətə gəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında liderlik istedadının bütün xüsusiyyətləri cəmləşmişdir. O, əsl lider üçün zəruri olan qətiyyətli və iradəlidir. Onun ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında çox düzgün qərarlar qəbul etmək qabiliyyəti vardır. İlham Əliyev yüksək siyasi hazırlığa və geniş dünyagörüşünə malikdir. O, dünyadakı və ölkədəki prosesləri və reallıqları obyektiv şəkildə təhlil edib düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçi kimi də özünü isbat etmişdir. Qeyri-adi dərəcədə hazırcavab olması onun liderlik xüsusiyyətlərindən biridir. Nəhayət, xarici dilləri mükəmməl bilməsi və ən mötəbər kürsülərdə həmin dillərin daşıyıcılarından məntiqli çıxışlar etməsi ilə də o, dəfələrlə dünya dövlətlərinin liderlərini heyrətləndirmişdir. Əsl lider üçün əhəmiyyətli olan bu xüsusiyyətlərin Prezident İlham Əliyev üçün bacarıqla rəhbərlik etdiyi müstəqil Azərbayan dövlətinə və doğma xalqına xidmət göstərməyə həsr olunması onun dövlətçilik istedadının mahiyyətini meydana qoyur. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlar olub, fəaliyyət sferasının tam əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyən edir. Bütün məqamlarda müstəqil qərarlar qəbul etmək qabiliyyəti də onun dövlət xadimi kimi fərdi özünəməxsusluğunu əks etdirir.

Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk növbədə Azərbaycanı yenidən yaratması ilə nəticələnmişdir. Müstəqilllik dövründə yeni Azərbaycanın yaranmasının möhkəm təməlləri Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdır. Lakin Prezident İlham Əliyev müstəqil Azərbaycanı bütün istiqamətlər üzrə yenidən qurmuşdur. Azərbaycan regionlarının inkişaf etdirilməsi siyasətinin memarı kimi o, müstəqillik qazanmış ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda sözün əsl mənasında şəhərlə kənd arasındakı fərqi aradan qaldırmışdır. Bu gün istənilən səviyyəli xarici qonaq Azərbaycanın regionlarına səfər etsə, heyrətini gizlədə bilməz. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri də artıq özünün bütün möhtəşəmliyi ilə İlham Əliyev erasının paytaxt şəhərinə çevrilmişdir. Bu gün dünyada Bakı şəhəri qədər sürətlə və planlı şəkildə, həm də fərqli memarlıq üslublarında inkişaf edən paytaxt şəhərləri tapmaq asan deyildir.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında şaxələndirilmiş iqtisadi inkişaf strategiyasının qəbul edilməsi və həyata keçirilməsi ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Azərbaycanın neft-qaz enerj sektoru ölkəmizin yenidən qurulmasına xidmət etməklə yanaşı, region dövlətlərinin və Avropanın iqtisadi inkişafına təsir edən əsas iqtisadi faktorlardan biridir. Bu gün Azərbaycan qədər öz məhsullarını Avropa bazarlarına rahatlıqla çıxara bilən ikinci bir neft ölkəsi göstərmək çətindir. Bünun əsas səbəbi isə ölkəmizin zəngin neft-qaz sərvəti ilə yanaşı, hətta bir qədər də çox Prezident

  İlham Əliyevin düşünülmüş müdrik siyasəti ilə üzvi surətdə əlaqədardır. Dövlət başçımızın çox ağıllı siyasəti nəticəsində neft Azərbaycana həm iqtisadi, həm də çoxsaylı etibarlı dostlar və tərəfdaşlar qazandırmağa uğurla xidmət edir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe və atdığı addımlar Azərbaycanda neftdən asılı olmayan dövlət büdcəsinin formalaşdırılmasında mühüm amillərdən birinə çevrilmişdir. Beləliklə, iqtisadi sahədə də İlham Əliyev erası baş vermişdir.

  Xarici siyasətdə Azərbaycan Respublikasının qazandığı mühüm nailiyyətlər ölkəmizin lider dövlətlər cərgəsində yerini qərarlaşdırmışdır. Dünyanın iknci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin böyük uğurla rəhbərlik etməsi bu ölkələrdən hər birinin həyatında yeniləşmələrin və inkişafın baş verməsi ilə nəticələnmişdir. İkincisi isə, İlham Əliyevin rəhbərliyi dövründə dünya siyasətində Qoşulmama Hərəkatının rolu, mövqeyi, imkanları müstəsna dərəcədə artmışdır. Qoşulmama Hərəkatı ölkələri bu tarixi mərhələdə seyrçi, müşahidəçi ölkələrdən Birləşmiş Millətlər Təşkilatının qərarlarına təsir etmək imkanlarına malik olan aktiv dövlətlər sırasına çıxmışdır. Azərbaycan Respublikasının BMT-də, Avropanın beynəlxalq təşkilatlarında tutduğu yüksək mövqe Prezident İlham Əliyevin müstəqil siyasətinin mühüm nəticələridir. Şanxay Əməkdaşlıq Təşkilatına doğru atılmış addımlar, xüsusən 2022-ci ildə baş tutmuş Səmərqənd görüşləri Azərbaycan Respublikasının dünyanın Asiya siyasətində də fəal rol oynayacağını göstərir. Türk Dövlətləri Təşkilatında Türkiyə Cümhuriyyəti ilə birlikdə Azərbaycanın tutduğu mövqe Prezident İlham Əliyevin liderlik istedadının daha bir parlaq göstəricisidir. Azərbaycan-Türkiyə münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dahiyanə şəkildə müəyyən etdiyi "Bir millət-iki dövlət" formulu əsasında qətiyyətlə inkişaf etdirilərək Müttəfiqlik Bəyannaməsinin qəbul edilməsinə qədər inkişaf etdirilməsi İlham Əliyev erasının böyük nailiyyətlərinin möhürüdür.

  Şanlı Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının çoxəsrlik tarixində qazandığı ən böyük qələbədir. Azərbaycanın əzəli-əbədi torpaqları olan qədim Qarabağın 30 illik işğaldan sonra azad edilməsi qətiyyətli lider kimi qəbul olunan Prezident İlham Əliyevin "dəmir yumruğ"unun nələrə qadir olduğunu dünyaya nümayiş etdirmişdir. Qarabağ Zəfəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin liderlik istedadının daha parlaq bir ifadəsi kimi də mühüm əhəmiyyətə malikdir. Ordunu və xalqın bütün təbəqələrini "dəmir yumruq" ətrafında birləşdirməsi İlham Əliyev liderliyinin parlaq təcəssümüdür. Prezident İlham Əliyevin müəllifi olduğu Böyük qayıdış Azərbaycanın çoxəsrlik tarixində ən böyük dövlət proqramıdır. Böyük Qayıdış Proqramının böyük uğurla həyata keçirilməsi Azərbaycanın içində yeni bir Azərbaycanın yaradılması, nəticə etibarilə ölkəmizin ərazi bütövlüyü şəraitində tam olaraq inkişaf etdirilməsi deməkdir. Cənab Prezidentin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanın regionlarına və o cümlədən Qarabağa səfərləri hər dəfə respublikamızın inkişafında yeni bir parlaq səhifənin yazılması ilə nəticələnir. Bir sözlə, tarixi Qarabağ Zəfəri və Böyük qayıdış hərəkatı İlham Əliyev erasının zirvəsidir.

  Hazırda Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə Zəngəzur dəhlizinin açılması, Laçın koridorunun işə salınması, Ermənistanla sülh müqaviləsinin imzalanması kimi beynəlxalq əhəmiyyətə mailk olan mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə həm ölkə daxilində və həm də dünya miqyasında məqsədyönlü iş aparılır. İlham Əliyev eyni zamanda dünya azərbaycanlılarının haqları və hüquqlarının müdafiə olunması sahəsində də düşünülmüş bir siyasəti uğurla həyata keçirir. Möhtərəm Prezidentimizin Azərbaycançılıq idealına xidmət sahəsindəki çoxcəhətli və yorulmaz fəaliyyəti müstəqil dövlətimizin sabahkı inkişafının ən böyük təminatıdır. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil ölkəmizdə şəffaf və ədalətli bir cəmiyyət yaratmaq istiqamətində həyata keçirdiyi tədbirlər xalqımızın daha xoşbəxt həyatının təmin edilməsinə və dövlətimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

İlham Əliyev erası Azərbaycan Respublikasının hərtərəfli inkişafının və böyük gələcəyinin strategiyası və taktikasını müəyyən edir.

 İlham Əliyev erası - tarixi zəfərlər, möhtəşəm nailiyyətlər və böyük gələcək erasıdır.

Nəzrin Əskərzadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Gəncə prospekti 81a” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü