11 oktyabr 2023 17:57
105

Türkiyə ilə Azərbaycan daim çiyin-çiyinədir

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu Öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır”. Sözünə davam edərək Heydər Əliyev bu sahədə buraxılan səhvlərə diqqəti yönəldir: “Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır.

Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Azərbaycan Prezidenti kimi Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 4-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə və digər məsələlər haqqında 16 mühüm sənəd imzalandı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi. Bunun davamı olaraq, 1995-ci il aprelin 12-də Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Türkiyənin neft konsorsiumundakı 1,75 faizlik payının Azərbaycan neft payının hesabına 6,75 faizə qədər artırılması haqqında müqavilənin imzalanması iki dövlət arasındakı münasibətlərin ən real göstəricisi olaraq həm iqtisadi, həm də siyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. İki dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Belə ki, 1995-ci il dekabrın 7-9-da Türkiyə Prezidenti S.Dəmirəlin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Birgə Bəyanatda beynəlxalq əlaqələrdə BMT-nin rolunun gücləndirilməsinin, regiondakı münaqişənin aradan qaldırılmasının və qlobal problemlərin həlli yollarının araşdırılmasına daha fəal təsir göstərməsinin vacibliyi vurğulanmaqla yanaşı, bir daha Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbi öz əksini tapdı. Bundan əlavə, iqtisadi əməkdaşlıq haqqında memorandum dostluq münasibətlərini müəyyənləşdirən prinsiplərin və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğunu bir daha təsdiq etdi. 1996-cı il aprelin 14-15-də Türkiyə Respublikasının Baş Naziri M.Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı “Azərbaycan-Türkiyə birgə bəyanatı” imzalandı. Bununla yanaşı, 1996-cı il ərzində iki ölkə arasında hərbi, texniki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması Azərbaycan-Türkiyə əməkdaşlığının əhatə dairəsini daha da genişləndirdi. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il mayın 5-8-də Türkiyəyə rəsmi səfəri zamanı keçirilən bütün görüşlərdə ölkəmizin Türkiyə ilə münasibətlərin daha da inkişafına xüsusi əhəmiyyət verdiyini göstərdi. Belə ki, səfər çərçivəsində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə”, eləcə də iki ölkə arasında münasibətləri yüksək səviyyəyə qaldırmış və müxtəlif sahələri əhatə edən ümumilikdə 9 sənəd imzalandı.Türkiyə ilə Azərbaycan arasında dostluq- qardaşlıq münasibətləri uğurla inkişaf edərək elə bir həddə çatmışdır ki, bu dostluq-qardaşlıq bütün sahələrdə özünü göstərdi və gözəl nəticələr verdi. Türkiyə – Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir.  Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş,  sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi “bir millət, iki dövlət” olmuşlar. Eyni fikri Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar. Türkiyə-Azərbaycan arasındakı dostluq – qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Biz bu sarsılmaz qardaşlığa 44 günlük Qarabağ müharibəsində, Türkiyədə baş verən güclü zəlzələdən sonrakı zamanlarda və bir neçə gün bundan öncə Qarabağdan lokal xarakterli antiterrorəməliyyatları zamanı gördük və şahidi olduq. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir.

Ülkər Məmmədzadə,
6 saylı Bakı ASAN xidmət mərkəzinin baş mütəxəssisi,
YAP Xətai rayon təşkilatının üzvü