11 oktyabr 2023 22:49
115

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq

2003-cü ildə Azərbaycan xalqı doğru seçim edərək  uzunömürlü inkişafın əsasını qoydu. Xalq İlham Əliyevi  şəriksiz lideri kimi görürdü. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olması, Rusiya paytaxtında fəaliyyət göstərən böyük bir şirkətin baş direktoru kimi iqtisadi idarəçilikdə təcrübə qazanması İlham Əliyevə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti kimi fəaliyyət göstərməsində kifayət qədər kömək etmişdi.
Azərbaycanın sosial-iqtisadi inkişafında  yeni mərhələnin əsası 2003-cü ildən qoyuldu. Ölkədə sosial-iqtisadi inkişafın davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu. Ölkədə əlverişli investisiya mühiti və yeni iş yerləri yaratmaq üçün digər sahələrlə yanaşı, azad sahibkarlıq fəaliyyətinin inkişafını təmin etmək, sahibkarlıq strukturlarının dövlət köməyi vasitəsilə daha da təkmilləşdirilməsi prioritet vəzifələrdən idi. Çünki özəl sektorun inkişafı ilə ölkə iqtisadiyyatını daha da möhkəmləndirmək mümkün idi.

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.

Bu illər ərzində Azərbaycanın qazandığı ən böyük uğurlardan biri də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əfsanədən reallığa çevrilməsidir. Prezident İlham Əliyev həmin layihələrin reallaşması üçün bütün zəruri addımları atdı. Ardınca Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başlandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin həyata vəsiqə alması Azərbaycanı dünya miqyasında həmin sahədə böyük təcrübəsi olan dövlət kimi tanıtdı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək verir. Bu gün böyük maliyyə resurslarına malik olan Azərbaycan Trans-Anadolu qaz boru kəməri layihəsini reallaşdırmaq üçün xərclərin 80 faizini öz üzərinə götürüb. Bu, ölkəmizin hansı səviyyəyə yüksəldiyini göstərən ən önəmli faktlardan biridir.

Camalxan Xanbutov,
Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli  tam оrta məktəbin rus dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının "Neapol 8A" ünvanı üzrə ərazi partiya təşkilatının sədri