11 oktyabr 2023 18:25
103

Azərbaycan-Gürcüstan münasibətləri region üçün xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan və  Gürcüstan arasında əməkdaşlığın davamlı inkişafı ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Mehriban qonşuluq və dostluq şəraitində yaşayan ölkələrimiz üçün Cənubi  Qafqazın inkişafı  çox vacibdir.

İl ilboyu Azərbaycanda və bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Ulu Öndərə ehtiram əlaməti  olaraq Heydər Əliyevin 100 illiyi qeyd edilir.Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onların bir-biri ilə sıx təmasda olması və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün göstərdikləri böyük səyləri hər iki xalq unutmamışdır. Öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənən bu iki dəyərli  şəxsiyyətin  fəaliyyəti nəticəsində Gürcüstan, Azərbaycan inkişaf etməyə başlamışdır.

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir.

Hər iki ölkənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. “Yaşıl enerji dəhlizi” layihəsində  iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq.

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 08 oktyabr 2023-cü il tarixində Gürcüstana sayca 11-ci səfəri Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb.

1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.

Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.Hər iki ölkənin qanunverici orqanlarında birgə işçi qrupları var.

 Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi əhəmiyyət daşıyır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur.Bütün bunlar hər iki xalqın bir-birinə olan ehtiramının ifadəsi  və təzahürüdür.

Aygün  Abdullayeva,
YAP Xətai rayon rəşkilatının "General Əliağa Şıxlinski küçəsi 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının