11 oktyabr 2023 12:10
152

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri bağlayır

Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intensiv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyıb. Bu səfərlər sırasında oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana işgüzar səfərini də qeyd etmək vacibdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Səfər çərçivəsində dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.  Həmin gün Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Sonra Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət rəhbərlərinin bəyanatlarında bir sıra vacib məsələlərə toxunulub. Qeyd edilib ki, hər iki dövlətin liderləri ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndirilməsi və  möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmirlər. Dövlət başçılarının ənənəvi görüşləri iki dost və qardaş ölkələrin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar və bu gün də belədir. Bu dostluq əlaqələri həm ölkələrimiz üçün o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.

İki ölkə arasında münasibətlərə nəzər saldıqda qeyd etmək yerinə düşər ki, bugünkü səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür.

Aynur Mustafayeva,
Bakı şəhəri, Xətai rayonu 116 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü