11 oktyabr 2023 10:07
132

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfər edib. Səfər zamanı Azərbaycan Prezidentini Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslər qarşılayıblar. Prezident Tbilisidə rəsmi səfəri zamanı mətbuata bəyanat verib. O bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq davamlı şəkildə inkişaf edir: “Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlərölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün, həm bütün bölgə üçün çox vacibdir. Ehtiram əlaməti olaraq ilboyu Azərbaycanda və bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir. Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi.Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır. Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib." 

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri və Baş nazir İrakli Qaribaşvili ilə görüşü, dövlət və hökumət başçılarının mətbuata açıqlamaları Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub. Geniş oxucu kütləsinə malik interpressnews.ge, ambebi.ge, radiotavisupleba.ge, palitranews.ge, apsny.ge, accentnews.ge, realnews.ge, 24news.ge, netgazeti.ge, primetime.ge, gaxa.ge, aktual.ge, 1tv.ge, qafqazturk.com informasiya portallarında, adjaratv.ge, 1tv.ge rustavi2 televiziya kanallarında silsilə materiallar dərc olunub və yayımlanıb. Qeyd edək ki, Gürcüstanın İctimai Televiziyası (1tv.ge) ayrı-ayrı materiallarla yanaşı, dövlət və hökumət başçılarının mətbuata açıqlamalarını da birbaşa yayımlayıb. İnterpressnews.ge portalı Prezident İlham Əliyevə istinadla yazır ki, iki ölkənin enerji, nəqliyyat və digər istiqamətlərdə çoxlu planları var. Prezidentin çıxışından gətirilən sitatda deyilir: “Biz - hər iki lider xalqlar arasında dostluğumuzu və tərəfdaşlığımızı möhkəmləndirmək üçün hər şeyi etmişik və edirik. Bu görüşlər çox tez-tez və ənənəvi xarakter daşıyır, ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına, dostluğun möhkəmlənməsinə xidmət edir”. Portalın yaydığı daha bir materialda Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün bərqərar olması, eləcə də Gürcüstanın vasitəçilik rolu barədə fikirləri yer alıb: “Cənubi Qafqaza sülh lazımdır. Biz hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Necə ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Gürcüstanın Ermənistan-Azərbaycan məsələsində iştirakı zəruridir. Əsrlər boyu xalqlarımız çox mehriban qonşular olub, ətraf mühit çox mehribandır. Bu, Cənubi Qafqaz regionu üçün vacibdir. Ermənistan razılığını bildirsə, biz dərhal Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlərə başlayacağıq”. Ambebi.ge portalında dərc olunan materialda Ulu Öndərin Azərbaycan-Gürcüstan münasibətlərindəki rolu qeyd olunur: “Əfsanəvi şəxsiyyət Heydər Əliyevin Gürcüstan-Azərbaycan münasibətlərində xidmətləri çox vacib və böyükdür”. İki ölkə arasında dostluğun təməlinin məhz tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilir. 1tv.ge televiziya kanalının yaydığı xəbərdə Prezident İlham Əliyevə istinadla bildirilir ki, Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, sosial-iqtisadi inkişaf təmin edilir və bu, ölkə əhalisinin sabitliyinin təminatıdır. Həmçinin bildirilir ki, xalqın hakimiyyətə inamı bunun mənbəyidir. Hökumətin aydın baxışı ölkədə bir çox mühüm layihələrin həyata keçirilməsinə imkan verir. Bu, imkan verir ki, iqtisadiyyat, infrastruktur layihələri inkişaf etdirilsin. Televiziyanın yayımladığı daha bir xəbərdə regionda mövcud problemlərdən bəhs olunur. Azərbaycan Prezidentinin çıxışından gətirilən sitatda deyilir: “Regionda çətinliklər hələ də qalır, Cənubi Qafqazda sülh hələ tam bərqərar olmayıb, biz İrakli Qaribaşvili ilə bu barədə danışdıq, Cənubi Qafqaza sülh lazımdır. Bu gün biz Ermənistanla sülh sazişi üzərində fəal işləməliyik. Ümidvaram ki, biz buna nail olacağıq və Gürcüstan, Ermənistan və Azərbaycanın da iştirakı ilə Cənubi Qafqazda qarşılıqlı əməkdaşlığın aparılacağı siyasi mühit və vəziyyət yaradacağıq”. Digər portallarda da Azərbaycan, gürcü və rus dillərində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından xəbərlər geniş işıqlandırılıb. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin səfəri və səsləndirdiyi fikirlərlə bağlı Gürcüstan mətbuatında 50-yə yaxın material yayımlanıb.

Leyla Nəsibova,
Bakı şəhəri, Xətai rayon 116 nömrəli tam orta məktəbin müəllimi