11 oktyabr 2023 11:05
143

Azərbaycan əməkdaşlığa açıq ölkədir

Müstəqil xarici siyasət suverenliyin təminatıdır. Qlobal miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır. Çünki hər bir müstəqil dövlətin həyata keçirdiyi özünəməxsus siyasətin əsas istiqamətini milli maraqlar təşkil edir. Son illər Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət sayəsində həm onun ətrafında əlverişli xarici mühit formalaşdırılıb, həm də milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməsi ilə səciyyələnir. Əldə edilən nəticələr Azərbaycanın qarşısına növbəti yeni vəzifələr qoyur və ölkənin uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir. Bu, həqiqətən belədir. Bu, həm dövlət siyasətidir, həm də cəmiyyətdən gələn sifarişdir. Biz əsrlərboyu bu ab-havada yaşamışıq və Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri heç vaxt heç bir ayrı-seçkilik hiss etməmişlər, heç vaxt tarixdə dini-milli zəmində Azərbaycanda qarşıdurma, yaxud da hansısa bir anlaşılmazlıq olmamışdır. Ona görə biz bu siyasəti apararkən hesab etdik ki, əgər geniş beynəlxalq əməkdaşlıq bu istiqamətdə qurularsa, bu, həm bizim üçün daha yaxşı olacaq, həm də biz regionda mövcud olan vəziyyətə də müsbət təsir göstərəcəyik. Çünki biz adada yaşamırıq və bizim təhlükəsizliyimiz, sabitliyimiz əlbəttə ki, daxili amillərə söykənir.

Keçilən yola nəzər salsaq görərik ki, əgər  əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuşdusa, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur.  Avropa ilə Asiyanın qovşağında  yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi artmaqdadır. Ölkə Prezidenti  İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində  bu məqama xüsusi diqqət yönəltmişdir: “Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar.” Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi çoxtərəfli əməkdaşlığın nümunələridir.  “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi. İşğal olunmuş ərazilər 30 il ərzində rəsmi İrəvan tərəfindən vandalizmə məruz qalmışlar. İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri

Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Görülmüş işlərin artıq ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır.Düşünülmüş siyasəti nəticəsində daxili imkanlarını artıran Azərbaycan bu gün regionda və dünyada söz sahibidir. Ölkəmiz Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək regional əməkdaşlığa böyük töhfələr verməklə yanaşı, dünyanın xarici siyasətində də dəyişikliklər edir.

Mirhaşim Calalov,
YAP Xətai Rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü