11 oktyabr 2023 18:49
277

Ermənistanın silahlandırılması sülhün əldə edilməsinə ciddi təhlükə törədir

Elə düşünmək olardı ki, bəşəriyyətin mütərəqqi və sülhpərvər kəsiminin istəkləri, arzuları, bu sahədə göstərilən fəaliyyəti nəticə verir, regionda sabitlik üçün ən böyük təhlükə olan Qarabağ düyünü çözülür və nəhayət Cənubi Qafqazda sülhün bərqərar olması üçün real şans yaranır.

Əslində, bu hadisə təkcə region dövlətləri, xalqları üçün deyil, bunu ürəkdən istəyən, səmimi olan, bu istiqamətdə ciddi işlər görən hər bir insan, hər bir qurum, hər bir dövlət üçün əlamətdar və sevindirici olmalıdır. Doğrudan da hansı tərəfdən baxırsan bax, istər böyük bir fəlakətin, insan ölümlərinin qarşısının alınması, istər ətraf mühitin, tarixi abidələrin qorunması, istərsə də qaçqın və köçkün probleminin həll edilməsi, siyasi və regional təhlükəsizlik, digər baxımlardan Qarabağ probleminin həlli bəşəriyyət çox böyük hadisə və müsbət bir nümunədir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri siyasi ekspert Əhməd Abbasbəyli səsləndirib.

Onun sözlərinə görə, son dövrlər bir sıra xoşagəlməz informasiyalar, bəzi Avropa dövlətlərinin davranışları, bədnam niyyətləri nümayiş etdirir ki, əslində, belə deyilmiş. Yəni, bu vəziyyət heç də hamını məmnun etmir. Müşahidələrimiz deməyə əsas verir ki, hələ də “bulanıq suda balıq tutmaq” istəklərini, niyyətlərini reallaşdırmaq istəyən qüvvələrin, iqtisadi, maddi və sair maraqları, nüfuz dairəsi, təsir imkanları naminə regionda gərginliyi artırmaq, sönməkdə olan münaqişə ocağını alovlandırmaq, bu ocaqda qana bulaşmış əllərini isindirmək istəyənlərin olduğunu qeyd edək.

“Hazırda Cənubi Qafqazdakı reallıqla razılaşmayanların, Azərbaycanın uğurunu qısqanclıqla, hətta nifrətlə qarşılayanların müxtəlif bəyanatları, ayrı-ayrı qurumların iftira-böhtan dolu məlumatları, saxta bəhanələrə söykənən canfəşanlıqları hər bir azərbaycanlı kimi, məni də təəccübləndirmir. Artıq heç kimə sirr deyil ki, özlərini sivil, demokratik düşüncə daşıyıcıları kimi dünyaya sırıyan saxta “sülh göyərçinləri” və “insan haqları və demokratik dəyərlər cəngavərləri”, əslində, eyni “xristian klubu”nun üzvləri olaraq formasını dəyişmiş, lakin mahiyyətcə həmin səlib təfəkkürün daşıyıcılarıdır”, - deyə siyasi şərhçi bildirib.

Vurğulanıb ki, narahatlıq yaradan məqam bu təəssübkeşliyin, sadəcə, bəyanatlarla, humanitar yardımla, siyasi, iqtisadi, mənəvi və başqa vasitələrlə deyil, məhz hərbi yardım, silah-sursat, hərbi texnika və digər sair formada olmasıdır. Niyə məhz hərbi yardım? Bu addımlar doğrudanmı Ermənistanı qorumaq məqsədi daşıyır? Kimi kimdən qoruyursunuz? Niyyətiniz nədir?

Əvvəla dünyanın aparıcı dövlətlərinin, o cümlədən ATƏT-in Minsk qrupu deyilən bir qurumun 30 ildən artıq müddət ərzində həll edə bilmədiyi böyük bir problemə Azərbaycan öz gücünə son qoyaraq, regionda yeni reallıq yaratdı və artıq təkcə öz ərazisinin deyil, həm də regionun təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.

İkincisi, həm Ermənistan, həm də Azərbaycanın dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyünü tanıdıqlarını dəfələrlə bəyan ediblər. Qarabağ problemi tam və qəti şəkildə birdəfəlik həll edilib. Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını bütün dünya, hətta saxta separatçı qurum da “özü-özünü buraxaraq” qəbul edib.

Üçüncüsü, Azərbaycan 2020-ci il noyabrın 8-dən başlayaraq davamlı olaraq sülh təşəbbüsləri ilə çıxış edir, sülhün bağlanmasında ən maraqlı tərəf olduğunu real fəaliyyəti ilə sübuta yetirir. Artıq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirir. Azərbaycan dünya hərb tarixi ilə bərabər, həm də infrastrukturun yaradılması, şəhərsalma və abadlaşdırma işlərinin həcminə, sürətinə görə də yeni salnamələr yazır.

Nəhayət Ermənistanı revanşist və militarist ruha sövq edən, onu silahlandırmağa, saysız hesabsız müasir silah-sursatla təmin etməyə çalışan bəzi Avropa dövlətləri unutmamalıdır ki, vaxtilə bu ölkənin təmənnasız olaraq aldığı silahlar ona heç bir kömək etmədi”, - deyə siyasi şərhçi bildirib.

O qeyd edib ki, dünyada nüfuzunu gündən-günə itirən, başqa ərazilərdən burnu əzilərək qovulan qüvvələr, dövlətlər, ayaqlar altına atılmış nüfuzunu bərpa etmək, öz siyasi, iqtisadi və maddi maraqlarını təmin etmək üçün iki qonşu dövlət arasında münaqişəni qızışdırmaqdan, qonşu dövlətlə müharibəyə təhrik etməkdən belə çəkinmirlər.

Əlbəttə ki, onların bu siyasəti bölgədə sabitliyin yaranmasına, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsinə ciddi təhlükə törədə bilər.

Amma belə ölkələrin, ilk növbədə, Fransanın planları tamamilə xam xəyaldır. Bu çirkin əməllər, iyrənc və cinayətkar addımlar Ermənistana yalnız böyük ziyan vuracaq. Əlbəttə, bu, Fransanı heç düşündürmür, onların “erməni sevgisi” də digər münasibətləri kimi saxtadır.