12 oktyabr 2023 00:23
325

Azərbaycanla əməkdaşlıq Gürcüstan üçün olduqca vacib və sərfəlidir

Bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan, milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan bütün qonşu dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb. Belə ölkələrdən biri də hazırda regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən olan Gürcüstandır. Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyədə olan siyasi-iqtisadi əməkdaşlığın dərin tarixi kökləri vardır. Əsrlər boyu dinc şəraitdə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi, mədəni əlaqələr, iqtisadi-ticari münasibətlər bu gün mahiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan və Gürcüstan mühüm strateji tərəfdaş kimi tarixi sınaqlardan uğurla çıxıblar.

İki ölkəni mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli təkan verib. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməli qoyuldu. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, indiyədək 118-dən çox sənəd imzalanmışdır.

Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində böyük əməkdaşlıq planları var. İki ölkənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri digər dövlətlərin də enerji təhlükəsizliyinə böyük töhfələr verir. Ölkəmizin Gürcüstanın Anakliya və Kulevi limanlarında infrastruktur layihələrinin yaradılmasında iştirak etməsi əməkdaşlığımızı daha da gücləndirəcək.  Bakı-Tbilisi-Qars dəmir yolu  vasitəsilə yükdaşımaların həcminin 5 dəfədən çox artırılması nəzərdə tutulub ki, bu da Orta Dəhlizin güclənməsinə xidmət edir. 

Prezident cənab İlham Əliyevin oktyabrın 8-də reallaşan səfəri sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizə işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb.

Dövlət başçımızın da mətbuata bəyanatında qeyd etdiyi kimi,  Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir”.  Həmçinin Prezident İlham Əliyev gələcəkdə Ermənistanla görüşlər üçün Gürcüstanı təklif etdi. Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlət başçısı qeyd etdi: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”. Məhz bu amil belə deməyə əsas verir ki, iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaranacaq.

Cənubi Qafqazın ən inkişaf etmiş, güclü dövləti olan, öz ərazi bütövlüyünü təmin edən, geniş iqtisadi potensiala malik, dünyada güclü partnyorları olan Azərbaycanla əməkdaşlıq suverenliyini hələ də tam təmin etməmiş Gürcüstan üçün olduqca vacib və sərfəlidir.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı