11 oktyabr 2023 22:58
331

Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir

Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Cənab Prezident İlham Əliyev öz çıxışında vurğulamışdır ki , biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.Bu gün biz qürur hissi ilə qeyd edə bilərik ki , Azərbaycanın xarici siyasətinin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görülüb və bu gün də həmin siyasət daha kreativ və zamanın tələblərinə, eyni zamanda milli maraqlarımıza uyğun olaraq davam etdirilir. Beynəlxalq münasibətlərin yeni düzəni dünyanın böyük dövlətlərinin, regionun aparıcı ölkələrinin atdıqları addımdan asılıdır desək yanılmarıq. Azərbaycan da dünyada yürütdüyü siyasətlə, atdığı addımlarla özünün mövqeyini müəyyənləşdirir, gələcəyini təyin edir. Bu siyasət bu gün ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Azərbaycan-Gürcüstan münasibətlərinin də tarixi ənənələri var. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Prezident İlham Əliyevin 8 oktyabr tarixli səfəri Azərbaycan-Gürcüstan arasındakı mövcud olan dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verdi. Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatında ölkə başçımız iki ölkə arasındakı münasibətlərdən bəhs edərkən Azərbaycan-Gürcüstan münasibətlərinin müsbət dinamika ilə inkişaf etdiyini bildirib. Ölkələrimizin bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələri bu gün müttəfiqlik səviyyəsinə yüksəlib.

Energetika sahəsində  ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz - yenə də Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.

Bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.

Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı