11 oktyabr 2023 15:08
271

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, xalqlarımızı uzun əsrlərə söykənən tarixi bağlılıq da birləşdirir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.  Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasətində qonşularla qarşılıqlı maraqların təmin edilməsi, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipləri əsasında yaxşı münasibətlərin qurulması xətti əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Məhz bu gün Azərbaycanın  təşəbbüsü ilə Cənubi Qafqazda etibarlı sülhün  əsası qoyulur.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də  Gürcüstana işgüzar səfəri də ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin göstəricisidir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında gerçəkləşən səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edilib. Səfər çərçivəsində Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış oldular. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında dövlət başçımız  bəyan etdi ki, Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdı. Hələ 9 mart 1996-cı ildə ümummilli lider Heydər Əliyev Gürcüstan parlamentində söylədiyi nitqində deyib: "Gürcüstan ilə Azərbaycan arasında, gürcü xalqları ilə Azərbaycan xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin çoxəsrlik tarixi var. Biz əsrlər boyu dost, qardaş xalqlar kimi həm xoşbəxt günləri, həm də kədərli günləri, faciəli günləri bir yerdə keçirmişik. Xalqlarımız milli azadlıq uğrunda, öz torpaqlarının müdafiəsi uğrunda, müstəqillik uğrunda yadelli qəsbkarlara qarşı əsrlər boyu bir yerdə mübarizə aparıb, döyüşüb, vuruşublar və öz milli mənliyini, öz milli qürurunu daim qoruyublar”.  Bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İki ölkəni mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. İki ölkə bir sıra sahələr üzrə fəal əməkdaşlıq edir. Eyni zamanda, bir çox önəmli layihələr həyata keçirilir ki, bunlar təkcə bölgə üçün deyil, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Səfər  çərçivəsində Gürcüstan və Azərbaycan rəhbərləri mətbuata birgə bəyanatları zamanı maraqlı məqamlara toxunaraq önəmli mesajlar verdilər. Azərbaycan liderinin Gürcüstanda xüsusi rəğbətlə qarşılanması rəsmi Tbilisinin ölkəmizlə əməkdaşlığa verdiyi önəmi bir daha göstərdi. Hər iki ölkənin lideri çıxışlarında dövlətlərin ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan etdilər.  Gürcustanın baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında vurğulayıb ki,  Gürcüstan hər zaman qərəzsiz mövqeyə malik olub. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bu gün Azərbaycan və Gürcüstan tərəfindən birgə və digər qonşu ölkələrlə birlikdə icra edilən layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, Avrasiya qitəsi üçün böyük məna daşıyır.   Bundan əlavə, Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Təsadüfi deyil ki, 2020-ci ilin sentyabr-noyabr aylarında da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olmuşdu. Qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu bağlamışdı ki, bu da əsl dostluq və səmimi qonşuluq mövqeyinin nümayişi idi.  Dövlət başçımızın da mətbuata bəyanatında qeyd etdiyi kimi,  Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib.

Məhz bu amil belə deməyə əsas verir ki, iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaranacaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatınıən sədri