12 oktyabr 2023 02:58
274

Dini dəyərlərimizə qarşı erməni vəhşiliyi və saxtakarlığı

Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə məsuliyyət Ermənistanın və bu vandalizmi ört-basdır edən, həqiqəti olduğu kimi deməyən, dünya ictimaiyyətini aldatmağa çalışan riyakar beynəlxalq təşkilatların, ilk növbədə Avropa Parlamentinin üzərinə düşür

Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə Ermənistan həmin ərazilərin bütün milli-mədəni dəyərlərinin planlı və sistemli şəkildə məhv edilməsini həyata keçirib. İşğalçı dövlət Azərbaycanın memarlıq sənəti nümunələrini, inanc və ibadət yerlərini, musiqi əsərlərini, tətbiqi sənət nümunələrini, folklorunu, toponimlərini, eləcə də tarixi əsərlərimizi və yazılı nümunələrinimizi birdəfəlik və ya tədricən yox edilməsini və mənimsənilməsini hədəf götürüb. “Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair hazırladığı hesabatında bildirilir ki, 30 ilə yaxın erməni işğalı altında olmuş Azərbaycan ərazilərinin mənimsənilməsi üçün mədəni irs nümunələrinin məhv edilməsi erməni din xadimlərinin və Ermənistan hökumətinin dövlət siyasətinin əsas xətti olub. Belə ki, ermənilər işğal altında saxladıqları Qarabağ və ətraf rayonların ərazilərində Azərbaycan xalqına məxsus İslam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbiristanlıqlar və s.) dağıdıb, tamamilə məhv edib, vandalizmə uğradıblar. Qarabağda və onun ətraf ərazilərində mövcud olan VIII-IX, XIII-XVI, XVII-XX əsrlərə aid məscid memarlığını məhv edərək, bu torpaqlarda dövlət yaratmaq istəyi heç bir qanuna və insanlığa sığmayan hadisədir.

Araşdırmalarına görə, Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 72 müsəlman məscidi və 140 inanc yeri və ziyərətgah olub. Belə ki, Şuşada 17 məhəllə məscidi, Ağdamda 5 məscid, 18 inanc yeri və ziyarətgah, Füzulidə 17 məscid, 20 inanc yeri və ziyarətgah, Zəngilanda 12 məscid, 19 inanc yeri və ziyarətgah, Cəbrayılda 5 məscid, 37 inanc yeri və ziyarətgah, Qubadlıda 8 məscid 20 inanc yeri və ziyarətgah, Laçında 9 məscid 21 inanc yeri və ziyarətgah, Kəlbəcərdə 2 məscid, 5 inanc yeri və ziyarətgah fəaliyyət göstərib. 1992-ci ildən Ermənistan Respublikasının işğalı altındakı 210 məscid və digər inanc yeri və ziyarətgahlardan yalnız 4 məscid və bir neçə türbə dağıdılsa da, hələlik formalarını saxlayıb. Qalan 200-ə yaxın abidənin isə ermənilər tərəfindən tamamilə dağıdılaraq tarixə qovuşdurulduğunun şahidi oluruq. Ermənilər işğal dövründə məscidlərin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxlamaq üçün - yəni tövlə kimi istifadə ediblər. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır. Bu, ermənilər tərəfindən nəinki azərbaycanlılara, bütün dünya müsəlmanlarına qarşı böyük təhqirdir.

Bu günlərdə Qarabağda azərbaycanlılara məxsus daha bir məscidin ermənilər tərəfindən tövlə kimi istifadə edildiyi müəyyən edilib. Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçən Malıbəyli kəndindəki məscidin tövlə kimi istifadə olunduğu aşkarlanıb. Açıqlamada məscidin 1992-ci ildə ermənilər tərəfindən yandırıldığı, minarəsinin dağıdıldığı, qalan hissəsinin isə işğal zamanı tövlə kimi istifadə edildiyi vurğulanıb. Ümumiyyətlə, erməni vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. İşğal dövründə Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatın kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib. Deyilənləri görmək üçün sadəcə işğaldan azad olunmuş ərazilərə səfər etmək kifayətdir. Hansı ki, bütün xarici jurnalistlər və diplomatlar üçün bu şərait yaradılıb və dəfələrlə səfərlər təşkil olunub. Səfər edən əcnəbilər Qarabağın müxtəlif rayonlarında Azərbaycan mədəniyyətinin, tarixi abidələrinin necə dağıdıldığını, Qarabağda ekosid törədildiyini, daşdan başqa heç nəyi qalmayan ərazilərimizdəki mənzərəni görüb təəccüblərini gizlədə bilməyiblər. Əcnəbi qonaqlar, jurnalistlər, eyni zamanda, qəsbkarın bu torpaqları başdan-başa minalayaraq “barıt çəlləyinə” çevirməsini də görüblər. Yüzlərlə əcnəbi jurnalist, bloqçular işğaldan azad olunmuş ərazilərimizdə dağıdılan mədəni-dini abidələrdən reportajlar hazırlayıb dünyaya təqdim ediblər. Bu faktları dünyanın aparıcı təşkilatları, xüsusilə də vaxtaşırı ölkəmizə qarşı əsassız iddialar səsləndirən Avropa Parlamentinin üzvləri də görüb və izləyiblər. Lakin hər zamankı kimi susurlar…Məgər görmürlərmi ki, vaxtilə böyük şəhərlər olmuş Ağdamda, Füzulidə, Cəbrayılda, ümumiyyətlə, canlı aləmin yaşaması üçün hər şey yox edilib? Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Digər məsuliyyət isə əlbəttə, bu vandalizmi ört-basdır edən, həqiqəti olduğu kimi deməyən, dünya ictimaiyyətini aldatmağa çalışan riyakar beynəlxalq təşkilatların, ilk növbədə, Avropa Parlamentinin üzərinə düşür. Görünür, Avropa Parlamentinin rəhbərliyi Ermənistanın xalqımıza məxsus abidələri dağıtmasının “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə zidd olduğunu hələ də dərk etmir. Guya Avopa Parlamenti bütün bunlardan xəbərsizdir. Bunları görməmək və eşitməməyin bir adı var: siyasi korluq və riyakarlıq. Avropa Parlamenti də daxil bütün beynəlxalq qurumlara, ölkələrə Azərbaycan dövlətinin və xalqının tolerant və multikultural dəyərlərə daim sadiqlik nümayiş etdirdiyi, respublikamızda dilindən, dinindən asılı olmayaraq bütün xalqlara, mədəniyyət və sivilizasiyalara məxsus hər bir abidənin həssaslıqla qorunduğu, həmin abidələrin zəngin tariximizin bir hissəsi kimi gələcək nəsillərə çatdırılmasına böyük diqqət göstərildiyi yaxşı məlumdur. Ermənilərin bu vəhşi əməllərinə baxmayaraq, Azərbaycan heç zaman din davası gerçəkləşdirməyib. Ölkəmizin ərazisində bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunub, məscidlərlə yanaşı, sineqoqlar tikilib, yeni kilsələr inşa edilib. Hətta Bakı şəhərinin mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunan abidələr siyahısına salınıb.

Sevinc Azadi, “İki sahil”