11 oktyabr 2023 13:22
452

Qalıcı sülhə töhfələr verəcək əməkdaşlıq

Beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş Azərbaycan Respublikası həm qlobal, həm də regional səviyyədə dünya dövlətləri ilə əməkdaşlığını daha da genişləndirməkdə və dərinləşdirməkdədir. Azərbaycan regionda reallaşan bütün vacib layihələrdə birmənalı olaraq aparıcı tərəfdir. Bütün bunlar isə sözsüz ki, regionda sülhə, sabitliyə, iqtisadi tərəqqiyə və Cənubi Qafqaz xalqlarının gələcək firavanlığına xidmət edir. Müasir dövrdə logistik əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu hal-hazırkı dövrdə də belədir və gələcəkdə də belə olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz Cənubi Qafqazda qarşılıqlı faydalı əməkdaşlığa önəmli töhvələr verməkdədir. İşğalçı Ermənistanın torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlamasına baxmayaraq, Azərbaycan iqtisadi inkişaf yollarında qətiyyətlə addımladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən sağlam təməllər üzərində qurulmuş enerji siyasətimiz ölkə başçımız Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Azərbaycan Respublikasının qardaş Türkiyə Cumhuriyyəti və Avropa dövlətləri ilə əlaqələrinin daha da intensivləşdirilməsində qonşu Gürcüstan dövləti xüsusi rola malikdir. Strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan -- Gürcüstan münasibətləri siyasi, iqtisadi, texniki, mədəni və bir çox başqa sahələri əhatə edir. İki dövlət arasında yüklərin daşınma həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi gələcək iqtisadi inkişafamıza mühüm töhvələr verəcək. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Dövlətlərimizin birgə reallaşdırdıqları layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün vacib əhəmiyyət daşıyır.  Yaxın qonşu etibarlı dost olan ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.  Azərbaycan Respublikası ilə Gürcüstan Respublikasının beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək, birgə səmərəli fəaliyyət təcrübəsi var.   Humanitar əməkdaşlığımız  yüksək səviyyədədir.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 8 oktyabr 2023-cü il tarixində Tiflisə rəsmi səfəri, buradakı görüşləri maraqlı hadisələr və mətbuata verilən vacib açıqlamalarla yadda qaldı. Ölkə başçımız bildirdi ki, Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Bu ölkədə yaşayan soydaşlarımız Gürcüstan dövlətinin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Bütün qeyd olunanlarla yanışı əlavə etmək lazımdır ki,  əlaqələrimizin daha da şaxələndirilməsi baxımından kifayət qədər perspektivlər də var. Strateji müttəfiq olan Azərbaycan ilə Gürcüstan arasındakı sıx əməkdaşlığın Cənubi Qafqazda qalıcı sülhə mühüm töhfələr verəcəyi şübhə doğurmur. İllər ərzində bu münasibətlərin formalaşdırılmasında isə Ulu Öndər Heydər Əliyevin və möhtərəm Cənab Prezident İlham Əliyevin müstəsna əməyi var.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi