11 oktyabr 2023 02:15
257

Korrupsiya qo(r)xulu (qət)namə

Siz avroparlamentarilər, gözlərinizi yumaraq bölgədəki reallıqlardan tamamilə uzaq, erməni yalan və böhtanları ilə dolu bu kağız parçasını qəbul etməklə elə düşünürsünüzsə ki, Azərbaycanı milli maraqlarının əksinə hansısa addım atmağa məcbur edə bilərsiniz, tamamilə yanılırsınız...  

Bu gün Avropa Parlamenti (AP) islamofob, Azərbaycanofob qüvvələrin, riayakar və erməni lobbisi qarşısında rəzil durumda olan, ədalətdən və beynəlxalq hüquqdan uzaq bir toplumun yığıncaq yerinə çevrilib. Bu qurumun işi ancaq demokratiya şüarı altında düşmənçilik, ikiüzlülük və gərginlik toxumunu səpməkdən ibarətdir. 

Uzun illərdir ki, AP-ın ölkəmizin inkişafını həzm edə bilməməsinin şahidiyik. Son illər, xüsusilə üç il əvvəl Ermənistan üzərindəki parlaq Qələbəmizdən sonra bu qurum ölkəmizə qarşı qeyri-obyektiv və ədalətsiz mövqeyini açıq şəkildə nümayiş etdirir. Avropa Parla­menti Azərbaycanın öz ərazisində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin ta­rixə qovuşması ilə heç cür barışa bil­mirlər. Ona görə də AP indiyədək Azərbaycana qarşı selektiv mövqe nümayiş etdirib, ölkəmizə qarşı böhtanların, iftiraların əks olunduğu üzərində qurulan qərəzli qətnamələr  qəbul edib.  Bu qurumun üzərindəki korrupsiya xəcaləti ilə  oktyabrın 5-də qəbul etdiyi “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı davam edən təhdidləri” adlı məcburi qüvvəyə malik olmayan sonuncu qətnamə də Azərbaycanfob kağız parçalarından  biridir. 

Qətnamədə irəli sürülən iddialar­dan fərqli olaraq, Azərbaycan hökuməti Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan erməni sakinlə­rin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və dövlətimizin himayəsindən istifadə etməsinə imkan yaradılması məqsədi ilə burada sosi­al, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində komp­leks tədbirlər həyata keçirir. BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq qurumların səsləndirdikləri bəyanatlara tamamilə zidd olaraq Avropa Parla­mentinin bölgədən könüllü getmiş er­məni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ic­timaiyyəti çaşdırmaq məqsədi daşıyır. Belə absurd qətnamə Avropa Parlamentinin beynəlxalq hüquqa və prinsiplərinə ən azı hörmətsizliyinin bariz nümunəsidir.  Ona görə də bu sənədi də əvvəlki sənədlər kimi tarixin zibilxanasına atmaq olar.

Əslində, AP öz aqressiv və qərəzli qətnamələri ilə Ermənistan parlamentindən geri qalmır, bəzi hallarda işğalçı ölkədən də irəli gedir. Mayası siyasi riyakarlıqdan, yalan və böhtandan tutulmuş Avropa Parlamenti qeyri-obyektivliyindən əl çəkmir, sanki ermənipərəstliyindən “qürur duyduğunu” nümayiş etdirir. Söz yox ki, AP-i özünün maliyyə rıçaqlarını möhkəmləndirmək üçün kimlərinsə, xüsusilə Fransa və erməni lobbisinin əllərində alətə çevrilib. Necə deyərlər, onların çaldıqları hər havaya oynayırlar. Belə yerdə onu da yaxşı deyiblər ki, utanmasan oynamağa nə var? ..

Azərbaycan öz milli maraqlarını qətiyyətli şəkildə qoruyur. Dövlət başçımızın uğurlu hücum diplomatiyası bu gün öz bəhrəsini verir. Məhz bunun nəticəsidir ki, bizə qarşı cızılan bütün  məkrli planlar alt-üst edilir. Milli Məclisin cavab bəyanatı da bu qəbildəndir. Bu bəyanat Avropa Parlamentinin bütün məkrli siyasətini ifşa etdi.

Qardaş Türkiyə Azərbaycana qarşı olan bu məsələyə də göz yummadı. Belə ki, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb. "Avropa Parlamentinin qəbul etdiyi "Azərbaycanın hücumundan sonra "Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri" adlı məcburi xarakter daşımayan qətnamə məsuliyyətsizlik, qərəz, tərəfkeşlik və məlumatsızlıq örnəyidir", - deyə Türkiyə XİN bildirib.

Görünən odur ki, Avropa Parlamenti sonuncu qətnaməsində Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkiliyini davam etdirərək, ölkəmizin daxili işlərinə kobud müdaxilə etmiş, ərazi bütövlüyümüzə və suverenliyimizə qəsd edən yanaşma sərgiləmişdir. Azərbaycan hökumətinin Qarabağın erməni sakinlərinin reinteqrasiyası sahəsində tədbirlərini görməzdən gələn və onların bir qisminin Ermənistana getməsini “etnik təmizləmə” kimi qiymətləndirən ikiüzlü parlamentarilər nədənsə  məsələ bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalmasına  çatanda lal, kor və kar  olurlar. Qarabağdan köçmüş ermənilər üçün qayıdış hüququndan, hansısa beynəlxalq mexanizmdən dəm vuran AP nədənsə eyni tələbi Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürmür.  Çünki Azərbaycan tərəfi  avropalı parlamentariləri  yemləmir…

 Məhz bu cür qərəzli və obyektiv­likdən uzaq fəaliyyəti ilə Avropa Par­lamenti öz nüfuzuna sarsıdıcı zərbə endirir, erməni lobbisinin və onu dəstək­ləyən qüvvələrin əlində oyuncağa çev­rildiyini göstərir. Burada təmsil olunan bir sıra deputatlar Avro­pa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edir. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncə­nin təzahürüdür. Bu yanlış siyasəti ilə AP Avropa İttifaqının Cənubi Qafqaz siyasətini təhlükə altı­na atır. 

Azərbaycan bu təşkilatın üzvü deyil və Avropa Parlamenti ilə heç bir əməkdaşlığı və bu qurum qarşısında hər hansı öhdəliyi yoxdur. Avropalı parlamentarilər özləri də bilirlər ki, bu sənədin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Sadəcə bu, həm də dumanlı məqamlar, yeni rüşvət və korrupsiya fonunda ermənilər qarşısında təsəlliedici addımdır. Ancaq avropalı parlamentarilər özləri də öncədən bilirlər ki, həmin qətnamənin reallaşma əmsalı və dəyəri elə sıfıra bərabərdir. Belə qətnamələrin müəyyən maraqlara xidmət etməsi özünü açıq şəkildə büruzə verir. Korrupsiyalaşmış və erməni lobbisinin əlində alətə çevrilmiş Avropa Parlamenti rəhbərliyi və üzvlərinin destruktiv və qərəzli, üzdəniraq qətnamələri Cənubi Qafqazda yaranmış yeni reallıqlara mane ola bilməyəcək.

Siz avroparlamentarilər, gözlərinizi yumaraq bölgədəki reallıqlardan tamamilə uzaq, erməni yalan və böhtanları ilə dolu bu kağız parçasını qəbul etməklə elə düşünürsünüzsə ki, Azərbaycanı milli maraqlarının əksinə hansısa addım atmağa məcbur edə bilərsiniz, tamamilə yanılırsınız...  Qəhrəman Azərbaycan xalqı, qüdrətli Azərbaycan dövləti sizin iyrənc və mənfur siyasətinizə, təzyiqlərinizə əsla boyun əyməz...Bizim haqq və ədalət uğrunda yürüdüyümüz Zəfər yolumuz var və bu yolda qarşımıza çıxan istənilən gücü darmadağın etmək iqtidarındayıq! Haqq yolundan bizi heç bir qüvvə döndərməyib, bundan sonra da döndərə bilməz!

Yaqut Ağaşahqızı, “İki sahil”