10 oktyabr 2023 23:56
263

Axsaq atın kor nəlbəndi

Fuad Qəhrəmanlının statusları tamamilə syasi fəaliyyətin fiaskosu və kor düşüncələrin məhsuludur

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yenə də yalanları ilə dayazlaşmaqda davam edir. Onun sosial şəbəkə statusları birmənalı olaraq dövlətimizi və xalqımızı aşağılamağa hesablanıb.  Həm də hər dəfə bir yeni yalan uydurmasa  dinclik və rahatlıq tapmayacaq qədər narahat görünür.

Bu antimilli ünsür indi də ölkəmizdəki söz və mətbuat azadlığına dil uzadıb. Debilcəsinə iddia edir ki, guya ölkənin əsas nüfuzlu qəzetlərini hakimiyyət maliyyələşdirir. Təbii ki, bu dəfə də başından böyük və həm də ağ yalan danışır. Çünki hazırda hakimiyyət qəzeti deyilən bir ifadə yoxdur. Əvəzində dövlətə və dövlətçiliyə xidmət edən qəzetlər var ki, onların da nəşri abunələrinin hesabınadır. Bu qəzetlərə cəmiyyətin inamı ona görə yüksəkdir ki, həqiqəti yazırlar, səhifələrində dezinformasiyalara yer vermirlər.

Bütün bunlara rəğmən bu gün gündəlik çıxan nüfuzlu  qəzetlər AXCP sədri Əli Kərimlinin şəxsi mətbuat orqanı  olmuş  «Azadlıq» qəzeti kimi şantajla, saxta informasiyalarla, təhqir  və təhdid dolu yazılarla gündəmə gəlmirlər. Məhz bu xarakterli yazılara görə, «Azadlıq» qəzeti tamamilə oxucusuz qalaraq tarixin arxivinə gömüldü. Hətta sizlər vaxtilə ölkədəki demokratik şəraitdən eninə-boyuna  istifadə edərək, əlinizdəki mətbuat vasitələrindən yararlanaraq hakimiyyət nümayəndələrini, ziyalıları belə təhqir etməkdən əl çəkmirdiniz.

Fuad Qəhrəmanlının belə anlaqsız statusları təkcə bununla  yekunlaşmır. Onun ötən günlərdəki statuslarında da xalqımıza və dövlətimizə yönəlik bir hirs və nifrət vulkanı var idi. Məsələn, o, yazır: «Qarabağda separatizmin məğlubiyyətinə hakimiyyətin vərdiş etmədiyimiz reaksiyası nə ilə bağlıdır? Əvvəllər bir rayonun azad edilməsinə verilən reaksiyanı indi bütövlükdə Qarabağın azad edilməsinə münasibətdə görmürük. Prosesi bu şəkildə aparmaqla iqtdar cəmiyyətə o mesajı verir ki, heç də cəmiyyət olaraq qalibiyyət, zəfər duyğusuna qapılıb, " Qarabağ məsələsində xalq olaraq  qalib gəldik" deyib böyük iddialara düşmə. Hakimiyyət kütləvi olaraq cəmiyyətimizdə "əzik xalq" kompleksi yaratdığı üçün xalqımızda hər hansı özgüvən, üstünlük duyğusunun yaranmasında maraqlı deyil. Çünki əzik xalqı istismar etmək daha asandır axı. Belə olanda hakimiyyət şəhidləri, qaziləri olan, öz qanı, canı ilə Qarabağı azad etmiş xalqa özünü uğurun, qələbənin tək müəllifi kimi təqdim edə bilir.»

Bəli, məhz  belə qərəzli bir status yazandan qətiyyən  ağıllı, məntiqli, düşüncə gözləmək  mümkün deyil. Əvvəla, Fuad Qəhrəmanlı, sənin «əzik xalq» dediyin Azərbaycan xalqı sizi neçə illərdir ki, bir kağız parçası kimi əzərək tarixin zibilxanasına atıb. Ona görə də sizin kimilərin bu xalqı, həm də Qarabağdakı xuntanın tamamilə məhv edilməsi və özünü buraxması kimi möhtəşəm bir zamanda təhqir etməsi vicdansızlıqdır.

Bu gün  dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycan  hakimiyyəti də konstruktiv müxalifətin olmasında maraqlıdır. Ona görə ki, müxalifətsiz cəmiyyət inkişafsız cəmiyyətdir . Adətən konstruktiv müxalifət hakimiyyətin qüsurlarını  kənardan aydın görüb onu şərh edir, təkliflər verir, seçkilərdə rəqibinə qarşı bu faktlardan yararlanaraq sivil şəkildə mübarizə aparır. Lakin xaricdəki anti-Azərbaycan qüvvələr  və onların  ölkəmizdə sivil müxalifətin yaranmasına deyil, dağıdıcı müxalifətin formalaşmasına nail olublar. Onların ən bariz nümunəsi isə AXCP sədri Əli Kərimli və onun sosial şəbəkələrdəki trol dəstəsinin önündə gələn Fuad Qəhrəmanlıdır. Bunlarla siyasət yürüdənlər  onlara inanıb arxasınca gedənlər varsa yazıq onların halına. Çünki onların səmərəsiz siyasi fəaliyyəti «axsaq atın kor nəlbəndi» ifadəsinin real təcəssümüdür.

Elçin Zaman, «İki sahil»