11 oktyabr 2023 01:58
263

Fransanın Ermənistanı silahlandırması…

Bu, hayların suriyalıların taleyini yaşamasına səbəb olacaq

Bu gün dünyadakı real münaqişələrə Fransa qədər ədalətsiz, ikili standartlarla yanaşan ikinci bir ölkə yoxdur. Bu rəzilliyin arxasında isə  Fransa Prezidenti Emmanuel Makron və  onun komandası dayanır. Makronun ən böyük riyakarlığı ondadır ki, tarixi cinayətlərlə dolu ölkəsinin törətdiyi soyqırmılara görə üzrxahlıq etmək əvəzinə, öz sərhədlərndən min kilometrlərlə uzaqlarda, xüsusilə də İslam ölkələrində cinayətkar siyasətini davam etdirir.

Erməni lobbisinin köləsinə çevrilən Makron və  komandası son zamanlar daha da azğınlaşaraq Cənubi Qafqazı öz inhisarına almaq istəyir. Xüsusilə Ermənistanı silahlandırmaqla bu bölgədə müharibəni yenidən alovlandırmağa çalışır. Makronun son addımları göstərir ki, bu ölkə Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasında  qətiyyən maraqlı deyil. Xüsusilə, Azərbaycan Ordusunun  həm İkinci Qarabağ müharibəsində, həm də 2023-cü ilin sentyabrın  20-dəki hərbi qələbələri  ilə Ermənistan barışsa da Makron barışa bilmir. Buna isə el dilində «Roma Papasından da artıq katolik olmaq» deyilir.  

Bu gün Ermənistandakı haylar elə bir iflas həddindədirlər ki, onlar müharibə etmək iqtidarında deyillər. Ancaq Makron isə onları məcburən müharibəyə sürükləyiir. Fransanın bu xain addımlarını qınayan  Prezident İlham Əliyev bildirib «Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.»

O da xüsusi vurğulanmalıdır ki, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən haqsız qətnamənin təşəbbüskarı da Makrondur.  İslamofobiyadan əziyyət çəkən Avropa Parlamentində qəbul edilən bu anti-Azərbaycan qətnamə  və orada əks olunan  fikirlər isə təbii ki bizim üçün qəbuledilməzdir. Yəni, bu, heç bir halda regionda sülhün, sabitliyin təmin olunmasına xidmət etmir. Məqsəd birdir: Azərbaycanla Ermənistan arasında gözlənilən  sülh danışıqlarını  pozmaq və sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaq.

Bu günlərdə İrəvana səfər edən Fransa xarici işlər naziri Ketrin Kolonna ölkəsinin çirkin planının mahiyyətini buradakı addımları ilə ortaya qoydu. O, erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Ermənistana hərbi texnikanın verəcəyini bəyan edib. Hətta bunun üçün iki ölkə arasında saziş bağlamağı da təklif edib. Onların bu məkrli planlarının bir məqsədi var- Cənubi Qafqaz bölgəsinə daxil olmaq. Lakin Ermənistan birmənalı şəkildə anlamalıdır ki, Fransanın bu rəzil oyunları heç də onların xeyrinə deyil, əksinə hayların sonu ola bilər.

Fransa bu son davranışları ilə həm də dünyaya nümayiş  etdirmək istəyir ki, guya Rusiyanı  buradan sıxışdırıb çıxarmaqla bölgəyə sülh gətirməyə çalışır. Ancaq dünya ictimaiyyəti yaxn tarixdən də yaxşı bilir ki, Fransa 30 il ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövləti kimi bir dəfə də olsun sülh təşəbbüsü ilə çıxış etməyib. Əksinə, ortaya atılan təşəbbüslərin müzakirəsinə mane olub. 2020-ci ildə isə ölkəmiz işğaldakı torpaqlarını  azad edəndə Fransa bizə qarşı çirkin böhtan kampaniyasına başladı. Eyni zamanda, hərbi əməliyyatların dayandırılmasına çalışdı.

Rəsmi Parisin informasiya mənbələrində qeyd olunur ki, İrəvana təyin ediləcək yeni hərbi attaşe Fransanın istehsal etdiyi öldürücü silahların Ermənistana tədarükünə nəzarət edəcək. Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərar birbaşa Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilib. Bütün hallarda Frasanın bu anormal addımları Ermənistana yaxşı heç nə  vəd etmir. Görünən odur ki, Ermənistan regional güclərin hərbi poliqonuna çevrilməklə Suriyanın taleyini yaşayacaq. Təbii ki, bütün bunların isə məsuliyyəti  tam olaraq Makronun üzərindədir.

Ən acınacaqlısı  odur ki, Avropa ölkələri və beynəlxalq təşkilatlar hələ də Fransanın çirkin planlarına, qərarlarına səssiz qalıblar. Hələ bu azmış kimi, Makronun  təşəbbüsü ilə Azərbaycana qarşı bədnam qətnamənin qəbuluna səs verirlər. O da məlumdur ki, Avropa İttifaqının aparıcı ölkələrindən birinin- Fransanın öldürücü silahlar tədarük etməsi  Ümumavropa sülh siyasətinin kobud şəkildə pozulmasıdır.

Elçin Zaman, «İki sahil»