10 oktyabr 2023 16:25
310

44 günlük Vətən müharibəsi şanlı tariximizin qızıl səhifəsidir

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti,  beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”. Bu tarixi sözlər müzəffər Ali Baş Komandanımız İlham Əliyevə məxsusdur.  Tam həqiqətlərin səsləndiyi bu çıxışda bir daha vurğulanır ki, biz məhz müdrik millət və güclü dövlətin birliyindən bu tarixi qələbəmizə  nail olduq.

Bəli məhz 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz. 

44 günlük Vətən müharibəsinin bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən isə Rəşadətli  Ordumuz və Müzəffər Ali Baş Komandanmız oldu.

Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq Zəfər qazandı.

 Bəli, 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı və sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistan isə kapitulyasiyaya məcbur edildi. Bir sözlə, 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.

 Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər və zabit yaralanmış, 7 nəfər itkin düşmüşdür. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Müharibə dövründə düşmənin təxribatları nəticəsində 100-ə yaxın mülki şəxs, habelə, onların arasında uşaqlar və qadınlar da həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş, yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.

 Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycana qaytarıldı. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr- Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri