09 oktyabr 2023 20:02
202

Azərbaycan artıq dünyada əhəmiyyətli beynləxalq tədbirlərə ev sahibliyi etdiyi ölkə kimi özünü təsdiq edib

Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  bu, Bakıda keçirilən ikinci Beynəlxalq Astronavtika Konqresi idi.  Milli Məclisin deputatı Müşfiq Məmmədli Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyətinə toxunub:

"İlk növbədə qeyd etmək vacibdir ki, 1973-cü ildə Bakıda Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 24-cü  Beynəlxalq Astronavtika Konqresinin keçirilməsindən 50 il ötür. Ötən bu müddət ərzində xüsusilə də Azərbaycan müstəqillik əldə etdikdən sonra istər Ulu Öndər Heydər Əliyevin, istərsə də cənab prezident İlham Əliyevin hakimiyyəti dövründə beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib, çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib. Bu gün fəxrlə deyə bilərik ki, üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər."

Deputat vurğulayıb ki, Bakıda baş tutan nüfuzlu beynəlxalq tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var idi. Bu da konqreslə yanaşı ölkəmizə olan marağın göstəricisidir: "Azərbaycan artıq nəinki regionda, eləcə də dünyada mühüm əhəmiyyətli beynləxalq tədbirlərə ev sahibliyi etdiyi məkan kimi özünü təsdiq etmişdir. Təbii ki, bu da ölkə rəhbərinin yürütdüyü xarici siyasətin nəticəsidir. Bu siyasətin mühüm tərkib hissəsi həm də qitələrarası körpü olmaqla cəmiyyətimizin inkişafında mühüm rol oynamaqdır" - M.Məmmədli qeyd edib.