09 oktyabr 2023 19:58
211

Biz Azərbaycanı çox sevirik, Azərbaycan bizim qardaş dövlətimizdir - Ersin Tatar

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar TNS-ə eksklüziv müsahibə verib.

Cənab Ersin Tatar müsahibəsində bildirib ki, Kiprdə iki ayrı xalq, iki ayrı dövlət var. Bu, əsrlərdir, belə davam edir. Çünki burada 1571-ci ildə venediklilərin idarəçiliyi vardı. Osmanlı bir il davam edən savaşda 80 min şəhid verərək, Kipri fəth edib. Ondan sonra atalarımız buraya yerləşiblər. Osmanlı dövləti 350 il adanı idarə edib. Bura Osmanlı dövlətinin bir parçası olub. Təbii ki, bura Anadoluya çox yaxındır. Anadolu – Türkiyə Cümhuriyyəti buradan 60 kilometr aralıdadır. Amma Yunanıstanla məsafə 900-1000 kilometrdir. Yəni biz Türkiyəyə məsafə baxımından da çox yaxınıq. Hər zaman Türkiyənin təsiri altında olan adada türklər 453 ildir, mövcudluqlarını davam etdirirlər.

Onun sözlərinə görə 1878-ci ildə Osmanlı dövləti adanı bir müddətliyinə ingilislərə kirayə vermək məcburiyyətində qaldı. Amma ingilislər Birinci Dünya savaşını bəhanə edərək, buradan çıxmadılar, adanı ilhaq etdilər. 1923-cü il Lozan anlaşması ilə ada suverenliyini itirdi. 1923-cü ildən 1960-cı ilədək - 37 il buranı tamam başqa yer halına gətirdilər, yunan əhalisinin sayını artırdılar. Yunan-rum ikilisinin sayı türklərdən artıq duruma gəldi. Əhali sayının onların lehinə çevrilməsi ilə guya bura yunan adasıymış kimi hərəkətə keçdilər,  "Enosis" hərakatını başlatdılar. Məqsədləri buranı Yunanıstana bağlamaq idi. Türklərə hücum etdilər, insanları qətlə yetirdilər. Ermənilərin azərbaycanlılara yaşatdıqlarını bizə də burada rum-yunan ikilisi yaşatdı. 1974-cü il çox önəmli tarixdir. Çünki həmin ildə türk əsgəri adaya çıxdı, mehmetciyin gəlməsi ilə artıq Kipr türk xalqı gerçək müstəqilliyinə qovuşdu. O vaxtdan indiyədək mübarizəmizə davam edirik. Əvvəlcə federal dövlət olduq, daha sonra - 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti quruldu. Bu il Şimali Kipr Türk Cümhuriyyətinin 40-cı ildönümü qeyd edəcəyik. Amma biz 1963-cü ildən bəri dövlətik. 1963-cü ildə bu otaqda qurulan Kipr Türk Dövləti pillə-pillə irəli gedir.

Ersin Tatar qeyd edib ki, indi artıq yeni bir siyasət gündəmə gəlib. Suverenliyimiz, bərabər şərtlərdə beynəlxalq statusumuz qəbul edilməlidir. Çünki bizim bundan sonra federasiyanı qəbul etməyimiz mümkün deyil. Biz iki dövlətin anlaşamalı şəkildə əməkdaşlığının ola biləcəyi, yalnız bu şərtlərə razılıq verəcəyimiz yeni bir siyasəti masaya qoyduq.

Ersin Tatar Türk Dövlətləri Təşkilatına yekdilliklə müşahidəçi üzv olduqlarına görə qardaş Azərbaycana təşəkkürünü bildirib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin bizə böyük dəstəyi oldu. Prezident İlham Əliyevlə görüşlərimiz olub. Azərbaycan xalqının Kipr türklərinə dəstəyi tamdır. Cənab İlham Əliyev bizə tam dəstək verir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da təşəkkürümü təkrarlamaq istəyirəm. Bir neçə həftə əvvəl – sentyabrın 19-da Nyu-Yorkda tarixi çıxışında o, yenə də Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasından bəhs etdi. Şimali Kipr Türk Cümhuriyyəti ilə bütün sahələrdə - iqtisadi, mədəni, diplomatik, siyasi əlaqələrin qurulmasının vacibliyini dilə gətirdi. Hörmətli Rəcəb Tayyib Ərdoğan “Bizim kimsənin haqqında gözümüz yoxdur, amma öz haqqımızı da kimsəyə verməyəcəyik”, - dedi. Onun Kiprlə əlaqədar böyük səyləri olub. Dünyanın hər yerində Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasına çalışır. Artıq Şimali Kipr Türk Cümhuriyyəti bir gerçəkdir. Bunun geri dönüşü yoxdur. Kiprlə bağlı bir anlaşma olduğu təqdirdə Şimali Kipr Türk Cümhuriyyəti bu anlaşmanın bir parçası olacaq. Kipr türkləri ilə rumlar arasındakı münasibətlər, əməkdaşlıq Şərqi Aralıq kimi strateji bir bölgədə milli və regional dəngələrin, sabitliyin davamı üçün olduqca önəmlidir. Şimali Kipr Türk Cümhuriyyəti olmasa, buradakı dəngələr Yunanıstan lehinə çevrilər, bu da Türkiyəyə narahatlıq yaradar. Türkiyə bölgənin ən böyük ölkəsidir, əhalisi 85 milyondur. Dünyadakı digər türk vətəndaşları ilə birlikdə bəlkə də 95-100 milyon nəfərdir. Gələcəkdə də əhalinin sayında artım gözlənilir. Burada əsas güc Türkiyədir. Kipr adası Türkiyə Cümhuriyyətinin təhlükəsizliyi üçün də önəmlidir. Nəticə etibarilə həm Kipr türklərinin mal və can güvənliyi, həm Türkiyənin güvənliyi üçün, həm də öz haqq və mənfəətlərimizin qorunması baxımından Türkiyənin adada qarantorluğu və hərbi varlığı çox vacibdir”.

Ersin Tatar qeyd edib ki, artıq nazirlərimiz Türk Dövlətləri Təşkilatının tədbirlərinə öz bayrağımızla qatılır, universitetlərimiz, sənaye müəssisələrimiz, banklarımız qarşılıqlı olaraq Türk Dövlətləri Təşkilatı çətiri altında görüşüb, müzakirələr aparır. Yavaş-yavaş bu münasibətlər ən yüksək səviyyəyə çatacaq.

Şimali Kipr Türk Respublikasının Prezidenti qeyd edib ki, həmişə öz aramızda danışanda deyirik ki, bir millət, üç dövlətik. Ana Vətənimiz Türkiyə Cümhuriyyəti, gerçək qardaş dövlət olan Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti. Biz eyni millətin övladlarıyıq. Bu coğrafiyada Bakıdan İstanbula, oradan ən qərbdə yerləşən Kiprə qədər varlığımız çox qiymətlidir. Bizim iş birliyimiz mərhələli şəkildə gerçəkləşməkdədir. İnşallah, yaxın günlərdə Azərbaycana ziyarətimiz olacaq. Bəzi mədəni tədbirlərə dəvət aldıq, heyətimlə birlikdə gedəcəyik.

Onun sözlərinə görə müstəqilliyimiz, azadlığımız, dövlətimiz bizim üçün çox önəmlidir. Biz də deyirik ki, əsla vaz keçməyəcəyik, yolumuza davam edəcəyik: “Bizə yaxın ölkələri çox yaxşı bilirik. Onların başında da Azərbaycan gəlir. Azərbaycan dövləti, Prezident İlham Əliyev hər zaman gerçək qardaş olduğumuzu bəyan edir. Gerçək qardaşlarınız olaraq, sizi gözləyirik. İnşallah, yaxın bir gələcəkdə fərqli vəsilələrlə aramızdakı münasibətlərin daha da artması, inkişaf etməsi arzu və istəyimizdir. Necə ki, Türkiyə ilə hər sahədə iş birliyi içərisindəyik, Azərbaycanla da əməkdaşlığımız qurulacaq. Birbaşa təyyarə reysləri, birbaşa ticarət və s.”

Şimali Kipr Türk Respublikasının Prezidenti qeyd edib ki, ölkəsi Azərbaycanla əlaqələri ən yüksək səviyyəyə çatdırmağa çalışır: Mən bir daha bütün Azərbaycan xalqına sağlamlıq, hüzur, rifah diləyirəm. Onlar bizim gerçək qardaşlarımızdır. Bizə qəlbdən bağlıdırlar, biz də onlara qəlbdən bağlıyıq. Bizim Azərbaycana olan sevgimiz, könül birliyimiz məlumdur. Bu coğrafiyada eyni millətin övladları - Kipr, Türkiyə, Azərbaycan türkləri olaraq, böyük bir gücük. Biz Azərbaycanla mədəni əlaqələri inkişaf etdiririk. Önümüzdəki günlərdə TÜRKSOY toplantıları olacaq. Türk Dövlətləri Təşkilatı çətiri altında mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmaq, bu sahədə əlaqələrimizi inkişaf etdirmək üçün fəaliyyət göstəririk. Bu, məni çox sevindirir. Biz Azərbaycanı çox sevirik, Azərbaycan bizim qardaş dövlətimizdir.

Ersin Tatar  gələcəkdə Azərbaycandan buraya daha çox turistin gəlməsini gözlədiklərini bildirib: “Bura dünyanın ən gözəl adalarından biridir. Dənizi, yaşıllığı, dağları, təbii gözəlliyi ilə Şimali Kipr Türk Cümhuriyyəti bu bölgədə turizm baxımından çox uyğun yerdir. Bu gün Güney Kipr üzərindən buraya gələn xeyli xarici turist vardır. İsveçdən, Finladiyadan, Almaniyadan və digər müxtəlif ölkələrdən buraya turistlər gəlir. Azərbaycan xalqının da Şimali Kipr Türk Cümhuriyyətinin tətil imkanlarından yararlanmalarını arzulayıram. Buradakı universitetlərdə çox sayda azərbaycanlı müəllim var, hər ixtisas üzrə azərbaycanlı pedaqoq mütləq vardır. Bu da məni məmnun edir. Əvvəllər Kiprdə daha çox azərbaycanlı tələbə olub, indi sayları azalıb. Bunun səbəbini tam bilmirəm. Ola bilər ki, Azərbaycanda və Türkiyədə yeni universitetlər yaradılıb. Ona görə tələbələrin sayı azalıb. Önümüzdəki dövrdə Şimali Kipr Türk Cümhuriyyətindəki universitetlərə daha çox azərbaycanlı tələbə qəbul etsək, bura üçün çox yaxşı olar. Biz Azərbaycandan gələn iş adamlarını da bağrımıza basarıq.