10 oktyabr 2023 01:57
283

Hərəyə bir xal lazım idi...

İdmanımızın inkişafı üçün yeni mühüm addım

Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat pul ayrılıb.

Bu xoş xəbər bütün gəncəliləri və ölkəmizin idman ictimaiyyətini çox sevindirdi. Çünki hamımızın bu stadionla bağlı retro xatirələrimiz var və dərhal gözlərimizin önündə bir gözəl idman bayramı canlanır...

1960-cı illərdə respublikanın ikinci böyük şəhəri Gəncədə digər idman növləri ilə bərabər, futbol da inkişaf edirdi. 1962-ci ildə "Dinamo" Kirovabad (o vaxt Gəncə Kirovabad adlanırdı) "Neftçi"yə və Kiyev "Dinamo"suna qalib gələrək, ölkə kubokunun 1/4 final mərhələsinə çıxmışdı. “Dinamo" Kirovabadın bu uğuru onun nüfuzunu SSRİ məkanında daha da artırdı. 1965-ci ildə "Dinamo" adı altında SSRİ çempionatının birinci dəstəsinə vəsiqə qazanan "Kəpəz", 3 il sonra isə SSRİ çempionatının 1-ci dəstəsində çempion olub xüsusi mükafata layiq görüldü və güclülər dəstəsinə vəsiqə qazanaraq Azərbaycan futbol tarixində bir ilkə imza atdı. Belə ki, ölkənin futbol tarixində ilk dəfə olaraq Azərbaycan SSRİ güclülər dəstəsində iki komanda ilə təmsil olunacaqdı. 1967-ci ilin payızında keçiriləcək həlledici matçda "Neftçi" ilə oyuna çıxan Gəncə "Dinamo"suna uduzmaq olmazdı, heç-heçə isə təmin edirdi. Gəncə şəhər stadionunda keçirilən oyuna Azərbaycanın hər yerindən azarkeşlər axışıb gəlmişdilər. Stadionda iynə atsaydın yerə düşməzdi, bir dənə də boş yer yox idi. Hamı böyük həyəcanla oyunun başlanmasını gözləyirdi. Komediya ustası, sevimli aktyorumuz, Bakıdan oyunu izləməyə gələn respublikanın Xalq artisti Bəşir Səfəroğlu matç başlayarkən meydanın mərkəzinə çıxdı, məşhur "Hərəyə bir xal lazımdır" sözlərini deyərək topu stadionun mərkəzindən oyuna daxil etdi. İstər futbolçular, istərsə də stadiondakılar Bəşir Səfəroğlunun nə demək istədiyini başa düşürdü. Nəhayət, matç başladı. 90 dəqiqəlik maraqlı və gərgin idman mübarizəsi 1:1 hesabı ilə qurtardı. Beləliklə, Gəncənin "Dinamo" komandası "Neftçi" ilə bərabər  SSRİ birinciliyində təmsil olunmağa başladı. Bu matç tarixi hadisə kimi hamının yaddaşında qaldı. Sonralar “Dinamo” həmin stadionda SSRİ-nin bir çox tanınmış komandaları ilə görüşlər keçirdi. Lakin növbəti illərdə SSRİ birinciliyinə vəsiqə qazana bilməyən Gəncə futbol komandası getdikcə öz populyarlığını itirməyə başladı və sıradan çıxdı. Buna baxmayaraq komanda Azərbaycan futboluna Ruslan Abdullayev, Çingiz İsmayılov, Müzəffər Qasımov, Nizami Salahov, Yusif Məhərrəmov və başqaları kimi güclü futbolçular bəxş etdi.

Bir vaxtlar azarkeşlərlə dolub-daşan Gəncə şəhər stadionu Qarabağın işğalı ilə əlaqədar olaraq uzun illər baxımsız qaldığı üçün indi bərbad gündədir. Əvvəlki abadlıqdan əsər-əlamət qalmayıb. Vaxtilə hay-küylü stadion şəhərin idman ictimaiyyəti və idman həvəskarları üçün göz dağına çevrilmişdi. Ona görə də Prezident İlham Əliyevin müvafiq Sərəncamı hamının sevincinə səbəb olub. Çünki hamının gözləri qarşısında Gəncə stadionu yenidən abadlaşacaq, orada əvvəlkindən də çox canlanma olacaq. Təmir-bərpa və yenidənqurma işləri başa çatandan sonra stadion idmansevərləri, azarkeşləri və şəhər sakinlərini yenidən öz qoynuna alacaq. İnanırıq ki, çox keçmədən bura peşəkarların və idman həvəskarlarının sevimli məkanına çevriləcəkdir.

Vəli İlyasov, "İki sahil"