09 oktyabr 2023 13:17
570

Azərbaycanın regional siyasətində Gürcüstanın xüsusi əhəmiyyəti var - Aydın Hüseynov

“Azərbaycanın dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və bunun davamlı olmasına təsirini göstərir. Ölkəmiz münasibətlərini çoxşaxəli, qarşılıqlı maraq əsasında qurur, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verir. Azərbaycanla Gürcüstan arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatması iki ölkənin xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri, bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Azərbaycan-Gürcüstan münasibətlərinin tarixinə nəzər salsaq, əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost münasibətləri də əhəmiyyətli rol oynayıb. Bu gün Azərbaycan və Gürcüstan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı da bu məsələlərə bir daha diqqət yönəldilib. İşgüzar səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Hər iki dövlətin liderləri ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndirilməsi və  möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmirlər. Dövlət başçılarının ənənəvi görüşləri iki dost və qardaş ölkələrin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar və bu gün də belədir. Bu dostluq əlaqələri həm ölkələrimiz üçün o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir”.