09 oktyabr 2023 12:00
352

Azərbaycan ötən illər ərzində beynəlxalq birliyin fəal üzvünə çevrilib

Dövlətimizin siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub. Məhz bu səbəbdəndir ki, dünyada Azərbaycanın dostları artır və ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir. Bütün bunların nəticəsidir ki,  Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra qarşıda duran ən vacib məsələlərdən biri beynəlxalq birliyin tamhüquqlu və nüfuzlu üzvü olmaq idi. Bu baxımdan ötən illərdə dövlət olaraq beynəlxalq arenada qısa müddətdə qazandığımız nüfuz başqa heç bir dövlətin diplomatik nəticəsi ilə müqayisə oluna bilməz. Ölkəmiz BMT- dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir, iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Doğma yurdumuzun coğrafi mövqeyi - Qərblə Şərq arasında yerləşməsi və dünyanın iki mərkəzini birləşdirən iqtisadi körpü rolunu oynaması beynəlxalq arenada mövqeyimizi möhkəmləndirən mühüm faktorlardan biridir.

74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi xüsusilə diqqətəlayiqdir. Tədbirin məhz bu il ölkəmizdə təşkil olunması təsadüf sayılmayacaq simvolik bir ənənənin davamı idi. 24-cü Beynəlxalq Astronavtika Konqresi Bakıda Ulu Öndər Heydər Əliyevin iştirakı ilə keçirilmişdir. Əlli il sonra 74-cü Beynəlxalq Astronavtika Konqresi də məhz Bakıda keçirildi. 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının iştirak etdiyi nüfuzlu beynəlxalq tədbirin  açılış mərasimində Prezident İlham Əliyev ölkəmizin müstəqillik illərində həyata keçirdiyi siyasətə, Azərbaycan həqiqətlərinə və icra edilən enerji layihələrinə də diqqət çəkdi. Ölkə başçısı vurğuladı ki, beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir, qarşıya qoyduğu mühüm hədəflərə nail olur. Ölkəmiz eyni zamanda dünyada mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də tanınır. Oktyabrın 2-dən 6-dək davam edəcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin məhz Bakı şəhərində keçirilməsi bu reallığı təsdiqləyir. Azərbaycan dünyada kosmik ailənin də fəal üzvünə çevrilib.

Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında respublikamızın kosmik sahənin inkişafı ilə bağlı hədəflərini bir daha diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.

Azərbaycan MDB məkanında kosmosa peyklər buraxan azsaylı ölkələr sırasında yer alır. Məlumdur ki, birinci süni peykimiz olan “Azerspace-1” 2013-cü il fevral ayının 8-də Cənubi Amerikada yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılıb. Əhatə dairəsi  Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz olan peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədi daşıyır. Azərbaycanın 2014-cü il iyunun 30-da orbitə göndərdiyi ikinci peyk isə “Azersky” adlı müşahidə peykidir. “Azersky” əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir.Sayca üçüncü peykimiz olan  “Azerspace-2” isə 2018-ci il sentyabrın 26-da  yenə də Kuru kosmodromundan orbitə buraxılıb. 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın enerji resurslarına və iştirakçısı olduğu beynəlxalq miqyaslı enerji layihələrinə də diqqət çəkdi. Azərbaycan dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib. Ölkə başçısı bildirdi ki, müstəqil ölkə olaraq, təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir.

Cənab Prezident çıxışında Ermənistanın 30 illik işğal siyasətinin nəticələri, Azərbaycanın öz gücünə beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etməsi, işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri barədə məlumat  verib. Bütün bunların mötəbər beynəlxalq tədbirdə səsləndirilməsi dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri barədə məlumatlandırılması baxımından çox önəmlidir. Bütövlükdə,   74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizin tarixində mühüm hadisədir. Prezident İlham Əliyevin mükəmməl xarici siyasəti bu durumu Azərbaycanın diplomatik uğuruna çevirən başlıca amildir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsi ölkəmizin dünya siyasi sistemində qazandığı inam və nüfuzun göstəricisi sayılır. Təqdir olunası haldır ki, Bakının ev sahibliyi etdiyi olduqca əhəmiyyətli tədbirlər yalnız iqtisadi, siyasi mahiyyət kəsb etmir, eyni zamanda dünyanın gələcəyini müəyyənləşdirən elmi-texniki məsələləri də əhatə edir. Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində ölkəmizin 30 il işğalla üz-üzə qaldığını və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü də diqqətə çatdırdı. Ölkə başçısı xatırlatdı ki, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. Ölkəmiz 28 il ərzində danışıqlar prosesinə qəti surətdə sadiq qaldı. Prezident İlham Əliyev bu mövzuda danışarkən onu da vurğuladı ki, Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdi və üç il əvvəl öz ərazilərini azad edərək işğala son qoydu.

Ümumilikdə Azərbaycanın belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etməsi beynəlxalq səviyyədə də kosmik tədqiqatlar baxımından ölkəmizin nailiyyətlərinin qəbul olunduğunun və perspektiv inkişafına inamının göstəricisidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri