07 oktyabr 2023 14:30
620

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla və institutlarla qarşılıqlı əlaqələrini intensivləşdirməyə başladı. Xüsusən 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə qayıdışı bu prosesi daha da sürətləndirdi. Bütün bunların sayəsində Azərbaycan Respublikasının xarici əlaqələri davamlı şəkildə genişləndi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə başçımız möhtərəm İlham Əliyevin ölkəmizə uğurlu rəhbərliyi sayəsində müasir dövrdə də Avropa institutları ilə əməkdaşlığımız uğurla davam etdirilir və dərinləşdirilir. Bunun nəticəsi olaraq bir çox mötəbər tədbirlər məhz bizim ölkəmizdə təşkil olunur ki, bu da dövlətimizə Avropa institutları tərəfindən verilən dəyərin göstəricisidir.

Avropa və Asiya qitələrinin qovuşuğunda yerləşən Azərbaycan həm də şərq ilə qərb arasında vacib, mühüm əməkdaşlıq körpüsü rolunu oynayır. Azərbaycan Respublikası iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Ölkəmiz son dövrlərdə eyni zamanda Avropanın mühüm enerji təchizatçısına çevrilməkdədir. Son dövrlərdəki  siyasi proseslərə nəzər salsaq görərik ki, Avropa ölkələrində enerji təhlükəsizliyi məsələsi həddən artıq aktual problemə çevrilmişdir. Azərbaycan Respublikasının enerji siyasəti isə məhz belə çətin şəraitdə Avropanın enerji təhlükəsizliyinə öz töhvəsini verməkdədir. Müasir dünya reallığı bundan ibarətdir ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2 oktyabr 2023-cü ildə Bakıda təşkil olunmuş 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində etdiyi çıxışında bir çox aktual məsələlərə ətraflı münasibət bildirdi. Ölkə başçımız həmçinin ölkəmizlə bağlı bir çox vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Cənab İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir.

Dövlət başçımız əlavə etdi ki, üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü.

Lakin bütün çətinliklərə baxmayaraq Azərbaycan ayaq üstə dayanmağı və öz potensialını, gücünü, qüdrəti bərpa etməyi bacardı. Ötən illər ərzində Azərbaycan dövləti dünyanın bir çox ölkələri ilə, o cümlədən beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq formalaşdırmağa nail oldu. Bütün bunlar isə öz növbəsində həm dünyada, həm də regionda mühüm sabitlik amilidir.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini