07 oktyabr 2023 12:19
251

Arayik Harutyunyanın saxlanılması dövlətimizin separatizmə qarşı mübarizədə böyük uğurudur - POLKOVNİK

Qarabağda separatçıların keçmiş “prezidenti” Arayik Harutyunyanın saxlanılması dövlətimizin separatizmə qarşı mübarizədəki böyük uğurlarından biridir. Bu fakt bir daha sübut etdi ki, xalqımıza qarşı ağır cinayətlər törədən hər kəs cəzasını alacaq, tarixi ədalət bərpa olunacaq. Separatçıların keçmiş “prezidenti”nin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması onu göstərdi ki, Azərbaycan separatizmə qarşı mübarizədə barışmaz mövqedədir.

“İki sahil” xəbər verir ki,  bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Onun sözlərinə görə, dövlətimiz bu təhlükənin neytrallaşdırılması üçün bütün imkanlardan istifadə etmək əzmindədir. Arayik Harutyunyan Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törədən, günahsız insanların ölümünə səbəb olan təhlükəli cinayətkarlardandır. Onun həm Vətən müharibəsi, həm də postmüharibə dövründə xalqımıza qarşı törətdiyi cinayətlər separatizmin necə böyük bəla olduğunu növbəti dəfə bütün dünyaya göstərdi. Vaxti ilə Azərbaycan dövləti və onun suverenliyi haqqında məsuliyyətsiz bəyanatlar səsləndirən, əli Azərbaycan xalqının qanına batan bu şəxsin Bakıya gətirilərək qanun qarşısına çıxarılması olduqca böyük və qururverici hadisədir. Bu digər cinayətkarların da cəzalanacağı, onların qanun qarşına çıxarılacağı günün uzaqda olmadığını bir daha xatırlatdı. Əminəm ki, “prezidentləri” kimi onlar da etdikləri hər bir əmələ görə cavab verəcəklər.

“Mən Arayik Harutyunyanı ələ keçirən, onun qanun qarşısında cavab verməsini təmin edən DTX-ya, onun hər bir əməkdaşına minnətdarlığını bildirirəm. İnanıram ki, DTX bundan sonra da Azərbaycan xalqının düşmənlərinə aman verməyəcək, onların hər birinin tapılaraq layiqli cəzasını alması üçün əlindən gələni əsirgəməyəcək”, - deyə C.Xəlilov vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycanın DTX-sı və Baş Prokurorluğu kompleks tədbirlər həyata keçirir. Araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Harutyunyan Arayik Vladimiri tərəfindən respublikamızın ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadəsinin təşkilinə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Bundan başqa, Arayik Harutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkilinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.

İstintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin A.Harutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan ərazilərinin davamlı şəkildə minalaması, cəbhə zonasından kənardakı, əhalinin sıx məskunlaşdığı Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkili və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

O, 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Bu il oktyabrın 3-də A.Harutyunyan DTX tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona ittiham elan edilib.