07 oktyabr 2023 00:34
319

Adamı özünə bax belə gətirərlər…

Əliqanlı “yan”lar dəmir barmaqlıqlar arxasında  yana-yana qalıblar

Azərbaycan Ordusunun yüksək peşəkarlıqla yerinə yetirdiyi lokal antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdəki qanunsuz birləşmələri ağ bayraq qaldırdı. Onların Qarabağla bağlı məkrli siyasətləri uğursuzluqla nəticələndi. Lokal xarakterli antiterror tədbirlərindən sonrakı mərhələdə tarixi proseslərin şahidi oluruq.  Separatçı rejim dağıldı. Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlərdə iştirak edən, separatizmin alovlanmasına, 30 ilə yaxın davam etmiş ilhaq prosesindəki fəaliyyətinə görə ittiham olunan bir sıra cinayətkarlar ard-arda saxlanılaraq Bakıya gətirilir. Ruben Vardanyanla başlanan prosesdə son olaraq keçmiş qondarma rejimin 3 sabiq “prezidenti” və 1 “parlament sədri” Azərbaycanın ədalət məhkəməsi önündə dayanıb. Dinc əhaliyə qarşı qırğınlar, saysız-hesabsız terror aktları törədən, minlərlə günahsız insanı qətlə yetirən, onlara ağlasığmaz işgəncələr verən bu vandal cinayətkarlar indi ilahi ədalət qarşısında cavab verirlər.

Saxlanılanlar arasında Gəncəni, Bərdəni, Tərtəri, digər şəhər və kəndlərimizi xaincəsinə ballistik raket atəşinə tutmağı əmr etmiş, onlarla qocanın, körpənin, günahsız insanın qətlinə fərman vermiş Araik Arutyunyan da var.  Qarabağda qondarma rejimin “prezident”i olmuş Arayik barəsində Azərbaycan ərazisində təcavüzkar müharibənin aparılmasında iştirak etməsinə, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Müharibə canisi Arutyunyan, həm də Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunur. 2020-ci il oktyabrın 4-də o özü də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi: “Mənim sərəncamımla “Artsax” silahlı qüvvələri bölmələri yaylım raket atəşi sistemi vasitəsilə Gəncə şəhərini vurub. Özünüzə gəlin! Özünüzə gəlin, çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, digər şəhərləri vurmağa davam edəcəyik....” Bu yaramazın “özünüzə gəlin!” mesajından  düz 3 il sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları müharibə canisi Arutyunyanı öz torpağımızda – Xankəndidə həbs etdi. Oktyabrın 3-də Xankəndi şəhərində tutulan A. Arutyunyan Bakıya gətirildi. Bu faktın özü çox böyük simvolik məna dəyışır. Bu, o deməkdir ki, proses mükəmməl bir strategiya üzrə davam edir. Bu strategiya da zərgər dəqiqliyi ilə işlənmiş və formalaşdırılmış bir strategiyadır. Adamı özünə bax belə gətirərlər: əlləri qandallı, sifəti çaşqın, başı təzim vəziyyətində…

Azərbaycana qarşı təcavüzdə, se­paratçılığın təşviq edilməsində, ter­ror əməllərində, əsirlikdə olan hərbi qulluqçular və mülki şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi və digər faktlar üzrə Azərbaycan Respub­likasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi çər­çivəsində qeyd edilən şəxslərin həbsi ilahi ədalətin bərpasına xidmət edir. Bu, Azərbaycanın haqq işinin növbəti qələbəsidir. 2020-ci ilin Vətən müharibəsində Gəncə‚ Bərdə, Tərtər şəhərlərini, digər bölgələri raket-artil­leriya atəşinə tutdurmuş, davamlı hərbi təx­ribatlar‚ terrorlar, milli‚ irqi və dini zəmində ağır cinayətlər törətmiş Araik Arutyunyanın həbs edilməsi ədalətin təntənəsidir. Bununla da bütün mənfur düşmən qüvvələrin‚ ermə­nilərin havadarlarının məkrli oyunla­rı‚ ermənipərəst dövlətlərin və mərkəzlərin məkrli planları iflasa uğradı. 

Bu həbslər göstərdi ki, 1990-cı illərdə Azərbaycana qarşı cinayətlər törədənlərin hər biri hüquqi təqibə məruz qalacaq. Onların zamanında “prezident” və ya “ölkə rəhbəri”, indiki halda isə hər hansı bir beynəlxalq təşkilatın rəhbərliyində təmsil olunmaları heç nəyi dəyişməyəcək. Yəni,  əliqanlı yanlar bilsinlər və agah olsunlar ki,  insanlığa qarşı törətdikləri dəhşətli cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Bəli, təəssüflər olsun ki, hələlik həbs olunanlar sırasında Azərbaycana qarşı çoxsaylı cinayətlər, xüsusilə Xocalı soyqırımı kimi bəşər tarixində analoqu olmayan qətliamlar törətmiş, sonradan isə Ermənistanın prezidentləri olmuş  Robert Koçaryan və Serjik Sarkisyan yoxdur. Amma  bədbinləşməyə dəyməz. İnşallah tezliklə onlar da əlləri qandallı, boynu bükük vəziyyətdə Bakıya gətiriləcəklər.

Artıq dövlət başçımızın uğurlu siyasəti ilə illər boyu davam edən təcavüzün, müdaxilənin və separatizmin sonu gəlib. Bundan sonra vətəndaşlarımıza qarşı cinayətlər, soyqırımları törətmiş bütün şəxslər mütləq Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Bütün dünya, xüsusən Azərbaycana qarşı məkrli planlar quran avantürist qüvvələr an­lamalıdırlar ki‚ Azərbaycanda separatizmə yer yoxdur. Düşmən dairələr bizim ölkəmizin ərazisində hər hansı separatçı rejim yaratmaq siyasətindən birdəfəlik əl çəkməlidirlər. İnsanlıq əleyhinə cinayət törədən Xankəndi xuntasının keçmiş əliqanlı rəhbərləri isə layiq olduqları cəzanı almalıdırlar. Sarkisyanlar, Koçaryanlar düşünməsinlər ki, ədalət mühakiməsindən qaça biləcəklər. Bu qətiyyən mümkün olmayacaq. Çünki bizim qətiyyətli Ali Baş Komandanımız, peşə hüquq-mühafizə orqanlarımız var. Bütün problemlərin həlli ən yüksək səviyyədə, peşəkarlıqla, sona çatdırılacaqdır. Tarix dəfələrlə sübut edib ki, heç kim ədalətin hökmündən yayına bilməz. 30 illik işğal dövründə kimlər ki Qarabağda azərbaycanlılara qarşı cinayət törədiblər o qatillər harada olurlar olsunlar onlara mütləq əlimiz çatacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”