07 oktyabr 2023 02:14
297

Böyük Qayıdış: Dayanmadan ali hədəfə doğru

Tarixi ədalətin bərpası, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın yağı tapdağından azad edilməsi ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, iqtisadi gücünü də nümayiş etdirdi. Hətta inkişaf etmiş dövlətlərin belə koronavirus pandemiyasının təsirlərindən ciddi problemlər yaşadığı bir vaxtda Azərbaycan iyrimi birinci əsrin müharibəsini apardı, eyni zamanda, postmüharibə dövründə azad edilmiş ərazilərdə başladılan geniş quruculuq işləri, nəhəng infrastruktur layihələri ilə dayanıqlı və möhkəm təməllər üzərində qurulmuş iqtisadi potensiala malik olduğunu sübut etdi.

Şanlı Zəfərimizdən keçən müddət ərzində erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində misli görünməmiş irimiqyaslı layihələr icra olunur, yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, şəhərlərin, kəndlərin baş planları, layihələri hazırlanır, yaşayış binalarının təməlləri qoyulur. Ölkəmizin başçısının işğaldan azad edilmiş rayonlara hər yeni səfəri zamanı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin sürətli icrasına start verilir. Artıq azad edilmiş ərazilərdə bir sıra iri layihələrin icrası başa çatdırılıb. Beləliklə, Şuşaya Zəfər yolunun çəkilməsi, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının inşası, Zəngilanda Ağalı kəndinin bərpası, yeni su-elektrik stansiyalarının, yarımstansiyaların tikilib istifadəyə verilməsi, Şuşa şəhərində başlanan bəzi layihələrin yekunlaşması azad olunmuş ərazilərin bərpası işlərinin sürətlə həyata keçirilməsindən xəbər verir.

Bu gün genişmiqyaslı layihələrin uğurla reallaşdırılması sayəsində Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanını xatırladır. Artıq yaşayış məntəqəsində- Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərində, Laçın, Füzuli şəhərlərində və digər ərazilərdə keçmiş köçkünlər firavan həyat sürürlər.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı Şərqi Zəngəzur və Qarabağda yeni-yeni kəndlərin, infrastruktur obyektlərinin təməli qoyulur, eyni zamanda, bir sıra açılış mərasimləri keçirilir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətdir. Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Təbii ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Böyük Qayıdışa hazırlaşan insanlarımızda qürur hissi oyadır.

Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir. Qətiyyətlə demək olar ki, dövlət başçısının rəhbərliyi, güclü iradəsi, qətiyyəti və xalqımızın birliyi, həmçinin ölkəmizin iqtisadi qüdrəti sayəsində Azərbaycan bütün dağıdılmış şəhərlərimizi, kəndlərimizi yenidən quracaq, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcək.

Zahid Rza, “İki sahil”