07 oktyabr 2023 02:58
289

Siyasi simasızlığın klassik Avropa nümunəsi

Avropa Parlamentinin son qətnaməsi də Azərbaycana qarşı yönəlmiş digər irrasional və əsassız ittihamların yer aldığı analoji sənədlər kimi, Bakı üçün adi kağız parçasıdır

Erməni lobbisi ilə sıx təmasları olan, hayların maraqlarına xidmət edən, illərlə Ermənistanın təcavüzkar siyasətinə göz yuman, o cümlədən erməni işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşən yüz minlərlə soydaşımızın hüquqlarının tapdalanmasına laqeyd yanaşan Avropa Parlamenti (YAP) ölkəmizə qarşı riyakar, qərəzli, heç bir reallığa əsaslanmayan qətnamələr və bəyanatlar qəbul etməkdə davam edir. Qurumun 5 oktyabrda qəbul etdiyi “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı davam edən təhdidləri” adlı məcburi qüvvəyə malik olmayan qətnamə də növbəti məsuliyyətsizlik, qərəz və məlumatsızlıq nümunəsidir. Qətnamə qəbul olunarkən bundan əvvəl Qarabağa səfər edən BMT missiyasının yekun rəyi belə nəzərə alınmayıb. Bu da onu deməyə əsas verir ki, təşkilat üçün orada mövcud vəziyyət, hansı proseslərin yaşanmasının heç bir əhəmiyyəti yoxdur.

Qətnamədəki bir sıra tələblərə nəzər salaq: Avropa Parlamenti Azərbaycanın Qarabağ ermənilərinə qarşı əvvəlcədən planlaşdırılmış və əsassız hərbi hücumunu qəti şəkildə pisləyir, bu hücumun beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulması olduğunu vurğulayır, bu azmış kimi, "mövcud vəziyyətin etnik təmizləmə təşkil etdiyinə inanır və Azərbaycan qoşunlarının Dağlıq Qarabağ əhalisinə qarşı törətdiyi təhdidləri və zorakılıq aktlarını qətiyyətlə pisləyir" ifadələri də bu qətnamədə yer alıb. Eləcə də Avropa Parlamenti "Laçın dəhlizinin blokadasının dərhal götürülməsini tələb edir", qarabağlı ermənilərin "təhlükəsizliyini və rifahını təmin etmək üçün təcili olaraq beynəlxalq təminatların verilməsi üçün" Avropa İttifaqının (Aİ) və onun üzv dövlətlərini dərhal hərəkətə gəlməyə çağırıb. Avropa Parlamenti habelə, BMT missiyasının hesabatından "məyus olub" və sonra da ümumiyyətlə, absurda vararaq "Rusiya sülhməramlı qüvvələrinin təcili olaraq BMT-nin sülhməramlı missiyası ilə əvəzlənməsini" tələb edib.

Habelə, artıq sabiq separatçı xuntasının saxlanaraq Bakıya gətirilmiş “rəhbərlərinin dərhal azad olunması”, “Azərbaycan qoşunlarının Ermənistanın bütün suveren ərazisindən çıxarılmasını” (!), Azərbaycanı dəstəkləyən ölkələr hədələnir, Aİ-nin Azərbaycanla münasibətlərə yenidən baxılması tələb olunur, Aİ ölkələri Azərbaycandan təbii qaz almamağa "dəvət olunur" və s.

Qeyd edək ki, Ermənistanı himayə edən qüvvələr bu sənədi "möhtəşəm qətnamə, Bakının mütləq şəkildə icra edəcəyi şərtlər" kimi qələmə verirlər. Halbuki sözügedən qətnamə hüquqi baxımdan məcburi funksiyalı sənəd deyil - sadəcə, məsləhət xarakteri daşıyır. Bundan əlavə, sözügedən qətnamə əslində Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində Avropa İttifaqının vasitəçilik cəhdlərinə və ümumiyyətlə, həmin missiyaya vurulan ən ağır zərbələrdən biridir.

Avropa Parlamenti olmaqdan daha çox Ermənistan parlamentinin komitəsinə çevrilən bu qurum Ermənistan XİN-dən göndərilən layihələri notarius kimi təsdiqləyir. Digər tərəfdən, kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti ilə ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Ermənistanın lehinə güzəştlər əldə etməyə çalışır. Qurumun parlamentariləri unudurlar ki, Azərbaycan bu gün apardığı aktiv xarici siyasətlə Avropanın enerji təhlükəsizliyindəki rolu, qlobal təşəbbüsləri ilə beynəlxalq arenada yüksək nüfuza malikdir. Avropa Parlamenti isə korrupsiya cinayətləri ilə gündəmdədir. Sirr deyil ki, son 10 il ərzində AP tamamilə çirkli pulların təsiri altında olan siyasətçilərin məskəninə çevrilib. Ümumiyyətlə, AP-da təmsil olunanlar birmənalı şəkildə siyasi hadisələrin təhlilindən uzaqdırlar. Ciddi media strukturlarında dərc edilən yazılar da sübut edir ki, burada deputatlar demək olar ki, iclaslara hazırlıqsız qatılır. Bir çox məşhur diplomatlar öz xatirələrində AP-ın işləmə mexanizmlərini ifşa ediblər. Diqqətlə analiz edəndə görürük ki, Avropa Parlementindəki Azərbaycan düşmənçiliyinin direktivləri birbaşa Fransadan gəlir. Daha öncəki qətnamələrdə də Fransa mərkəzli siyasətçilər prosesin “aparıcı qüvvəsi”ni təşkil etmişdilər. Fransa Cənubi Qafqaz regionunda təmsilçilik əldə etmək üçün müxtəlif təxribatlara əl atır. Fransanın bu təxribatları ölkənin olmayan nüfuzunun daha da zədələnməsi ilə nəticələnir. Fransa Prezidenti E.Makronun Azərbaycan və Ermənistan arasında formalaşa biləcək sülh və etimad mühitini pozmaq planına Avropa Parlamenti dəstək verməyə çalışır. Prosesə bir qədər geniş müstəvidə baxsaq, erməni lobbisinin izlərini də aydın görə bilərik. Erməni lobbisinin Fransa hakimiyyətinə təsir imkanları genişdir. Ona görə də erməni lobbisinin çirkli pullarının Avropa Parlamentinə ötürülməsində əsas vasitəçi rolunu elə Fransanın oynadığını demək üçün kifayət qədər əsaslar var. Makron hakimiyyəti bu gün birmənalı şəkildə Ermənistanı dəstəkləmək, eyni zamanda, Avropa Parlamenti kimi qurumları Azərbaycan və Türkiyə əleyhinə qızışdırmaqla Fransanın Bakı və Ankara ilə gələcək iqtisadi-siyasi əlaqələrini sabotaj edir. İstənilən halda əlaqələrin zədələnməsindən itirən Azərbaycan və Türkiyə deyil, Fransa və onun dəstəklədiyi Avropa Parlamentindəki lobbist qruplar olacaq. Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur. Müasir səlibçilərə çevrilən Avropa Parlamentinin bir sıra irqçi, islamafob, Azərbaycanofob, türkafob mövqeləri və ikili standartları ilə tanınan deputatları susdurulmalıdır. XXI əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması onların Orta əsr səlib yürüşləri dövrünün təfəkkürünə qayıtdıqlarını sübut edir. Əminliklə deyə bilərik ki, müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir.

Sevinc Azadi, “İki sahil”