06 oktyabr 2023 15:41
257

Müasir dünyada Azərbaycan əməkdaşlıq körpüsü rolunu oynayır

24-cü Beynəlxalq Astronavtika Konqresi Bakıda Ulu Öndər Heydər Əliyevin iştirakı ilə  keçirilmişdir. Əlli il sonra 74-cü Beynəlxalq Astronavtika Konqresi də məhz Bakıda keçirildi. 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının iştirak etdiyi nüfuzlu beynəlxalq tədbirin  açılış mərasimində Prezident cənab İlham Əliyev geniş nitq söylədi. Ölkə başısı çıxışında bildirdi ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Hazırda üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.

74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident cənab İlham Əliyev ölkəmizin müstəqillik illərində həyata keçirdiyi siyasətə, Azərbaycan həqiqətlərinə və icra edilən enerji layihələrinə də diqqət çəkdi. Ölkə başçısı vurğuladı ki, beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşdür. Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, Azərbaycanın xarici siyasət gündəliyini nümayiş etdirir. Məlum olduğu kimi, Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir.

Müasir dünyada Azərbaycan əməkdaşlıq körpüsü rolunu oynayır. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir. Beynəlxalq Astronavtika Konqresində ölkə başçısı qeyd etdi ki, coğrafiya bizim üçün fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində Azərbaycan coğrafi yerləşməni müsbət ssenariyə çevirə bilib. Bu gün ölkəmiz üfüqlərini genişləndirir. Azərbaycanın qitələrarası körpü olmağı cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Dövlətimiz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edir. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır. Azərbaycan on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk dəfə idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi.

74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident cənab İlham Əliyev Azərbaycanın enerji resurslarına və iştirakçısı olduğu beynəlxalq miqyaslı enerji layihələrinə də diqqət çəkdi. Azərbaycan dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib. Ölkə başçısı bildirdi ki, müstəqil ölkə olaraq, təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olmaq bizim üçün inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitədir. Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycan müstəsna əhəmiyyətə malikdir. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir.

Prezident cənab İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində ölkəmizin 30 il işğalla üz-üzə qaldığını və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü də diqqətə çatdırdı. Ölkə başçısı xatırlatdı ki, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. Ölkəmiz 28 il ərzində danışıqlar prosesinə qəti surətdə sadiq qaldı. Prezident cənab İlham Əliyev bu mövzuda danışarkən onu da vurğuladı ki, Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdi və üç il əvvəl öz ərazilərini azad edərək işğala son qoydu.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı