05 oktyabr 2023 22:36
297

Kor kirpi kürkünü yamayır

Və yaxud AXCP sədri Əli Kərimli xəyanətkar rolunda necə çıxış edir?

İşğal altındakı ərazilərimin azad olunması uğrunda təcavüzkar Ermənistanla apardığımız savaşda qalib gəldik. İgid əsgər və zabitlərimiz Azərbaycan ərazisini işğalçı və separatçı ordudan tam olaraq təmizləyib. Ordumuzla qürur duyuruq. Ermənistanın hərbi baxımdan indiki məğlubiyyətlə barışmaqdan başqa çarəsi yoxdur.

Lakin AXCP sədri Əli Kərimli, təəssüf ki, Azərbaycanın bütün sahələrdə olduğu kimi, hərbi arenadakı dünyaya səs salan Qələbəsinə qısqanclıqla yanaşmaqda davam edir. Ə.Kərimli son statusunda yenidən Ermənistanı tərifləyib, bu işğalçı dövləti Azərbaycandan üstün tutub. Bu radikal ünsür düşməni hüquq və azadlıqları təmin olunan ölkə, rifah içində yaşayan xoşbəxt xalq rolunda görür. Antimilli ünsür həyasızcasına qeyd edir ki, savaşdakı hərbi uğurumuza baxmayaraq, təəssüf ki, hazırkı start vəziyyətində bizim dövlət olaraq vəziyyətimiz Ermənistanın durumundan daha uğursuzdur.

Ə.Kərimli daha da azğınlaşaraq artıq Fransanın Ermənistanı silahlandırmaq imkanlarını mümkün sayaraq bunu təqdir edib. Göründüyü kimi, hansı dövlət ölkəmizin maraqlarının əleyhinə mövqe tutursa, AXCP sədri bunu müsbət hal adlandırır. İşi-gücü ancaq hakimiyyətə böhtan atmaqdan ibarət olan bu radikal ünsür dövlətimizə qarşı olanları dəstəkləməklə özünü çıxılmaz vəziyyətə qoyub. 

Daha sonra Ə.Kərimli qeyd edir ki, Avropa İttifaqı və ABŞ-ın yardımları ilə Ermənistan Qarabağdan getmiş ermənilərin sosial problemlərini də tezliklə həll edəcək. Buradan bir daha məlum olur ki, silahdan yeməyə qədər başqa ölkələrdən kömək dilənən işğalçı dövlət AXCP sədrinin bu mənada gözünə xoş görünür. Amma qüdrətli dövlət yaradaraq sosial-iqtisadi inkişafı təmin edən,  öz gücünə arxalanan, daxili imkanları ilə Qarabağ və Şərqi Zəngəzuru yenidən quran Azərbaycan heç bir dövlətdən asılı deyil.

Artıq azad edilmiş ərazilərin bərpasına Azərbaycan hökuməti 3 il ərzində 7 milyard ABŞ dolları xərcləyib. Bu böyük məbləğ hətta işğalçı Ermənistanın ümumi valyuta ehtiyatlarından çoxdur. Lakin cəmiyyəti çaşdırmağa çalışan, ətrafında dolanan 3-5 özü ağılda adamla birlikdə işğalda olan torpaqları azad edən Azərbaycan dövlətinə nəyin hesabına olursa-olsun şər-böhtan atmaq hissi ilə alışıb-yanan Ə.Kərimli artıq çoxdan xalqa, Vətənə, dövlətə xəyanət yolunu seçib. Bunu demək olar ki, hər gün təsdiqləyir. Xalqımız onun əsl simasını yaxşı tanıdığından düşmən dəyirmanına su tökən Kərimli kimilər heç vaxt niyyətlərinə çatmayacaqlar.

Paşinyanı az qala “qəhrəman” sayan Ə.Kərimli görəsən son günlər Ermənistanda hökumətə qarşı çıxan narazı kütləyə qarşı polis zorakılığını görmürmü? Və yaxud görməzdən gəlir. Bu fakt isə bir daha təsdiq edir ki, onun düşmənə xüsusi sevgi hissi və böyük simpatiyası var. Ermənistanın güc strukturlarının heyəti hazırda ölkənin bütün ərazisində közərən qığılcımları, paytaxt İrəvandakı narazılıq dalğasını vəhşicəsinə dağıtmaqla məşğuldur. Həmişə Qərb dəyərlərindən dəm vuran Paşinyan polis dəyənəkləri hesabına hökuməti ayaqda saxlamaq istəyir. Ə.Kərimli isə məhz bu böyük antidemokratik hökumətin başçısına artıq bir neçə ildir ki, tərif yağdırmaqla məşğuldur.

Qələbəmizə xor baxan, yalnız sifariş aldığı mərkəzlərin mənafeyini düşünən Kərimlinin mənasız, əsassız, sərsəm yanaşmalarına özü və ətrafından başqa inanan kimsə yoxdur.

Cavid Əkbərov, “İki sahil”