05 oktyabr 2023 22:58
374

Cəbrayıl - işğaldan azad olunan ilk şəhərimiz

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin üçüncü ildönümünü yaşayır. Azərbaycanın dilbər guşələrindən olan Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olmuşdur. Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, bir daha qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi.

Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

4 oktyabr 2023-cü il Cəbrayılın azad olunmasından 3 il keçdi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Cəbrayıllılar Prezident İlham Əliyevin Cəbrayıla səfər zamanı onun ictimaiyyət nümayəndələri ilə görüşünü yaxşı xatırlayırlar. 2020-ci il 4 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətini bu gün kimi xatırlayırıq. “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm” deyə qeyd etmişdi cənab İlham Əliyev.

2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xydafərində Azərbaycan bayrağını qaldıraraq bu Vətən torpağının müqəddəsliyini bir daha sərgilədi.

Cəbrayıl rayonun tarixində növbəti əlamətdar hadisə 2020-ci ilin noyabr ayının 16-da baş verdi. Bu əlamətdar hadisə Azərbaycan Prezidenti  İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri idi. Müzəffər Ali Baş Komandan  İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyəti vardır. Azərbaycan tarixində dərin iz buraxan Xudafərin həm də xalqımızın mənəviyyatında milli qürur məsələsidir.

Düşməndən azad edilən torpaqlarımızın hər birində müharibə bitən gündən bərpa  quruculuq işləri gedir. Cəbrayıl rayonu da, düşmənin daşı daş üstündə qoymadığı yurd yerlərimizdən biri olduğu üçün, həyata keçirilən işlərlə yeni bir həyata doğru addımlamaqdadır.

Genişmiqyaslı bərpa işləri ilə Cəbrayıla 30 il əvvəlki çağlarından da gözəl görüntülər bəxş olunur. Cəbrayılda bu gün yollar abadlaşdırılır, qəsəbə və kəndlər salınır, məktəb, xəstəxanalar tikilir. Rayona elektrik enerjisi verilməsi üçün stansiyalar qurulur. Sənaye Parkı tikilir. Nəzərə alsaq ki, dövrümüz 30 il əvvəlkindən daha müasirdir, belə olan təqdirdə bu müasirliyin qədim torpaqlarımıza verəcəyi yenilikləri yaxın gələcəkdə görəcəyik. Qədimliyin fonunda müasirliyin tətbiqi isə hər biri turizm üçün böyük əhəmiyyətə malik torpaqlarımıza gələnləri heyran edəcək. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı