02 oktyabr 2023 11:03
358

Azərbaycan BMT missiyasından ədalətli yanaşma gözləyir

“BMT-nin missiyasının 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə  gəlməsi müsbət haldır. Bu o deməkdir ki, Azərbaycan şəffaflığı təmin edir, xoş niyyətini və humanistliyini nümayiş etdirir. Ermənistan və separatçı rejim 30 illik işğal dövründə bu ərazini əsarətdə saxlayıb, heç bir beynəlxalq müşahidə missiyasının Qarabağa daxil olub monitorinq aparmasına, situasiyanın dəyərləndirilməsinə imkan verməyib”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan ərazilərinin işğalı zamanı işğal, dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə səfərini erməni tərəfi hər zaman əngəlləyib. Eyni zamanda, hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrif edib. Amma ordumuz tərəfindən aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə  uyğun olaraq həyata keçirilir.

Millət vəkilinin sözlərinə görə, missiyanın səfəri zamanı  Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradılıb. Eləcə də, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdirilir. Artıq BMT missiyası Ağdam-Xankəndi yolu ilə, “Laçın” sərhəd-nəzarət buraxılış məntəqəsinə gedərək müşahidə aparıblar. Onlar Qarabağ ermənilərinin məcburi deyil, könüllü surətdə Ermənistana getmələrinə şahidlik etdilər. Halbuki, dövlətimiz onlara vətəndaşlıq təklif edir.

“Biz bilirik ki, Ermənistan Qarabağ ermənilərindən istifadə edərək  “etnik təmizləmə” şousu yaratmaq istəyir. Bununla da, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə çalışır. Lakin bu cəhdlər əbəsdir. Dövlətimiz Qarabağ ermənilərinə qarşı heç bir addım atmır, əksinə onların vətəndaşlıqla bağlı məsələlərini həll etmək üçün praktiki addımlar atır. Eləcə də, Qarabağın erməni sakinlərinə davamlı humanitar yardımlar göstərilir. Bütün bunlar BMT missiyasına təqdim olunur. Ona görə də, missiya hansısa beynəlxalq güclərin, erməni lobbisinin təsiri ilə deyil, obyektivlik meyarı əsasında mövqe ortaya qoymalıdır. BMT dünyanın ən böyük və nüfuzlu təşkilatıdır. Azərbaycan BMT missiyasından ədalətli yanaşma gözləyir. Əgər missiya qeyri-obyektiv rəy ortaya qoyarsa, bu, ilk növbədə BMT-nin öz nüfuzuna mənfi təsir göstərəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.