11 sentyabr 2023 22:58
254

Xankəndiyə hər bir halda girəcəyik! Ya karvanla, ya kolonla...

“Seçki” təxribatı ilə vəziyyəti gərginləşdirən separatçılar humanitar yük maşınlarını Qarabağa buraxmasalar hərbi texnikalarımızı “qarşılamalı” olacaqlar

Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində separatçıların “seçki” təxribatı Azərbaycanın lazımi adekvat tədbirlər görməsi üçün ciddi əsaslar yaradır. Çünki vaxtilə Ermənistanın torpaqlarımızı işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında növbəti qanunsuz fəaliyyəti Azərbaycan Konstitusiyasının və digər aidiyyəti qanunlarının, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycanın suveren ərazilərində Ermənistanın hərbi, siyasi, maliyyə də daxil olmaqla tam dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan cinayətkar rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsinin olmaması Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Türk Dövlətləri Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatların və bir sıra dövlətlərin məsələyə münasibəti ilə də öz təsdiqini tapıb. “Seçkilər” Türkiyə, Ukrayna, Pakistan, Böyük Britaniya, Moldova, Özbəkistan, Gürcüstan və digər dövlətlər tərəfindən pislənib. Siyahının genişlənəcəyi şübhə doğurmur, ancaq təəssüf ki, bu siyahıda 22 fevral 2022-ci il tarixində Azərbaycanla Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalamış Rusiyanın adı hələ də yoxdur...

Ermənistanın siyasi hakimiyyəti və Qarabağdakı separatçı qüvvələr 9 sentyabr tarixli təxribatı törətməklə bölgədə normallaşma prosesinə və erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməsi səylərinə də ciddi zərbə vurmuş oldular. Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərdi ki, Ermənistan və onun yaratdığı xunta rejimi status-kvonun saxlanılması, işğalçılıq siyasətinin davam etdirilməsi, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub, sülh prosesində qətiyyən maraqlı deyil. Çünki iki dövlət arasında sülh danışıqlarının müqavilənin imzalanması ilə nəticələnməsi üçün ən mühüm şərtlərdən biri, bəlkə də birincisi rəsmi İrəvanın Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatlarına əməl etməsidir. Ancaq Paşinyanın sözdə dedikləri ilə əməlləri üst-üstə düşmür, erməni xisləti yenə də özünü göstərir.

Qarabağdakı “seçki” təxribatı fonunda dünya ictimaiyyəti ermənilərin aylardır davam edən “blokada”, “humanitar böhran” şousunun, əslində yalan və riyakarlıqdan başqa bir şey olmadığı reallığının da şahidi oldu. Separatçılar Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin xətti ilə göndərdiyi humanitar yük daşıyan maşınları kimi, Rusiyanın Qırmızı Xaç Komitəsinin yardım TIR-ının da Ağdam yolu vasitəsilə Xankəndiyə daxil olmasına icazə verməyəcəklərini bildiriblər. Beləliklə də hər kəsə məlum olur ki, həm Ermənistan rəhbərliyinin, həm də Qarabağdakı quldurların “aclıq”, “çörək çatışmazlığı” ilə bağlı dedikləri siyasi spekulyasiya məqsədi daşıyırdı.

Torpaqlarımızda qeyri-qanuni, cinayətkar xunta rejimi yaradanların Azərbaycana hər hansı şərt qoymaları, separatçıların aqressiv ritorika nümayiş etdirmələri, Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinin fəallaşması, müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələri ilə üzbəüz mövqelərdə uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, səngərlər qazmağa, mühəndis-istehkam işləri aparmağa cəhdlər edilməsi, qoşunlarımızın təminat yollarına diversiya qrupları tərəfindən piyadalar əleyhinə minalar basdırılması, mülki erməni əhalinin təzyiq və qorxu altında girova çevrilməsi və onların reinteqrasiyasına imkan verilməməsi bölgədə qəti tədbirlərin görülməsini zəruri edir. Birmənalı olaraq, sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Əks halda, Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq.

Biz Xankəndiyə hər bir halda girəcəyik! Ya oradakı erməni vətəndaşlarımıza humanitar yük aparan avtomobillərin karvanı, ya da Qarabağdakı separatizmin kökünü birdəfəlik kəsmək üçün hərəkət edən hərbi maşınların və zirehli texnikaların kolonu ilə. 

Mahir Rəsuloğlu, “İki sahil”