11 sentyabr 2023 23:21
318

Sapı özümüzdən olan baltalar

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı işğalçı Ermənistanın maraqlarına xidmət etməyə davam edir. Şəxsi “Facebook” səhifəsində yazdığı statusda soyadı Qəhrəmanlı olsa da əməllərində qəhrəmanlıqdan əsər-əlamət olmayan bu antimilli ünsür yenə təəssüf ki, Azərbaycan dövlətini xaincəsinə ittiham edib.

Təsəvvür edin, bir azərbaycanlı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsində öz dövlətini günahlandırır. Onun iyrənc statusu bir daha sübut edir ki, AXCP bir partiya olaraq düşmən dəyirmanına su tökür.

Həmçinin statusda Qəhrəmanlı Azərbaycanın Qarabağ savaşında əldə etdiyi uğura kölgə salmaq istəyib və o, bu tarixi Qələbənin guya yarımçıq olduğunu vurğulayıb. Artıq 3 ilə yaxındır ki, dünya gündəmindən düşməyən Qarabağ Zəfəri dillərdə dastan olub. Bütün dünya mətbuatı 44 günlük müharibənin  Azərbaycanın tarixi Zəfəri olduğunu vurğulasa da, Qəhrəmanlı bu məsələyə laqeyd, neqativ və ikiüzlü yanaşması ermənidən betər ermənilik etməkdir.

Qəhrəmanlı, həmçinin bildirir ki, ötən il 12-13 sentyabr toqquşmalarında guya Azərbaycan bir-iki təpəni götürüb. Bu, bir faktdır və həqiqətdir ki, Azərbaycan Ordusu sentyabr döyüşlərində düşmənin təxribatına cavab olaraq Ermənistan silahlı qüvvələrinə ağır zərbə vurub. 

Bütün bunlar onu göstərir ki, Qəhrəmanlı kimi bir antimilli ünsürün timsalında AXCP Qarabağ məsələsində Ermənistanın işğalçı mövqeyini canla-başla müdafiə edir. Qısa zaman kəsiyində - 44 gün ərzində işğalçı Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Ordusunun peşəkarlığı sayəsində Vətən müharibəsi zamanı hər gün qələbə qazandıq. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədə bütün xalqımızın xidməti olub. Hazırda düşmən işğalından azad olunmuş ərazilərimizdə böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Bu ərazilər qısa zamanda ən müasir görkəm alacaq.

Bu Qələbəni Azərbaycanın igid, qəhrəman oğullarının sayəsində qazandıq. “Sapı özümüzdən olan baltalar”, xain düşmənlər Vətən müharibəsində qazandığımız Qələbəyə kölgə salmaq istəyirdilər. Lakin Azərbaycan xalqının birliyi, gücü öz sözünü dedi, düşmənləri yerində oturtdu. Bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəman və qorxmaz xalqdır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun və xalqımızın dəmir yumruq kimi birliyi nəticəsində Azərbaycan bütün dünyada öz sözünü dedi, ərazi bütövlüyünü bərpa etdi. Amma bu fakt Ermənistana, onun havadarlarına və dağıdıcı müxalifətə sərf etmir. Amma onların arzusu gözündə qalacaq. Azərbaycan güclü dövlətdir. Radikal müxalifət müasir Azərbaycana düşmən gözü ilə deyil, vətəndaş gözü ilə baxmağı öyrənməlidir.

Cavid Əkbərov, “İki sahil”