12 sentyabr 2023 00:12
366

Reallığı dərk etməyən «ReAL»çı

Natiq Cəfərlinin absurd fikirləri nəyə və kimə xidmət edir?

Real Partiyasının icraçı katibi Natiq Cəfərli siyasi fəaliyyətində hələ də populizmdən və siyasi manipulyasilarından əl çəkmək niyyətində deyil. Bu, onun həm iqtisadi «dəyərləndirmələrində» həm də siyasi məsələlərə münasibətində özünü davamlı olaraq göstərir.  Məsələn o, Cənubi Qafqazın ən böyük və mütəşəkkil partiyası olan və 30 ildən çoxdur ki, hakimiyyətini ən şəffaf və ədalətli seçkilərin nəticəsinə uyğun olaraq davam etdirən YAP haqqında həm anlamsız, həm də qərəzli fikirlər söyləyib: «Bizdə problem odur ki, YAP özü də klassik anlamda partiya, iqtidar partiyası deyil».

Təbii ki, Natiq Cəfərlinin bu fikirləri söz yığınıdır və məqsəd nəyisə təhlil etmək deyil, kimə və nəyəsə kin püskürməkdir. O, hələ də anlamır ki, Prezident İlham Əliyev həm də YAP-ın sədridir. Eyni zamanda, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır. Hakimiyyətdə təmsil olunanların da böyük çoxluğu YAP üzvləridir. Eyni zamanda, cənab İlham Əliyev  demokratiyanın və vətəndaş həmrəyliyinin əsas prinsiplərinə istinad edərək bacarıqlı və müasir dünya görüşlü kadrları da dövlət idarəçiliyinə dəvət edir. Belə prinsipial məsələlərdə partiya mənsubiyyətinin elə də önəmi yoxdur.

Natiq Cəfərli daha sonra yazır: « İqtidar partiyası yeri gələndə millətçi-türkçü olurlar, bəzən «sollaşırlar», bəzən «sağa» dönüş edirlər, birdən «multikulturalist» donu geyinirlər, çox vaxt da hər vəziyyətə uyğunlaşıb sadəcə siyasi diskursu yola verirlər. Çox istərdim ki, yeni siyasi dönəmdə əsas siyasi rəqibimiz olan YAP-ın ideoloji kimliyini bilək, ona uyğun da alternativlər yaradaq.»

Real həyatı dərk etməyən bu «ReAL»çının məntiqsiz fikirləri onun özünün hələ hansı məzhəbə, ideologiyaya xidmət etdiyini anlamamasından irəli gəlir.  Bəli, YAP  o partiyadır ki, milli iedologiyasında azərbaycançılıq, inkişaf pinsiplərində müasirlik daim əsas istinad nöqtəsi olub.  Partiya Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, ölkədə  demokratik siyasi sistemin və vətəndaş cəmiyyətinin yaranması, bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması üçün tarixi siyasi  fəaliyyətə malik olub. Bu fəaliyyətində nə sollaşıb, nə də sağlaşıb. Əvəzində siyasətin təməl prinsiplərinə, tarixi şəraitə və milli mənafelərimizə uyğun doğru, dürüst və ədalətli siyasət yürüdüb.

Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, bu partiyanın sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.

Natiq Cəfərlinin daha bir gülüş doğuran statusu isə belədir: «YAP iqtidarda təmsilçiləri olan partiyadır». «ReAL»çıdan çox xəyalçı olan Natiq Cəfərliyə xatırlatmaq lazımdır ki, YAP 30 ildir ki, hakimiyyətdə təkbaşına iqtidardır. Nə vaxtdan Azərbaycanda YAP ilə koalisiyon hökumət qurulub və fəaliyyət göstərir ki, onu ancaq Natiq Cəfərli  görür.

Doğrudan Azərbaycanın siyasi həyatında faciə odir ki, siyasi hakimiyyətə iddialı olan bir partiyanın funksioneri politologiyanın  bəsit terminlərinin mənasını tam mənası ilə anlamır. Belələrinin rəhbərlik etdiyi partiyanın siyasi gələcəyi də sual altındadır. Necə deyərlər, ağası gülüm olanın başına külüm olar.

Elçin Zaman, «İki sahil»