11 sentyabr 2023 23:46
311

“Boşanmış” Ermənistan özünə “təzə ər” axtarır

İki “adaxlı”sı var, biri qovuldu, o biri də gahgirdir

Cənubi Qafqazda “nifaq alması” rolunu oynayan Ermənistanın güvənc yerləri bir-bir sıradan çıxmaqdadır. Laçın sərhəd-buraxılış məntəqəsində Fransanın hikkə ilə göndərdiyi icazəsiz humanitar karvanın geri qaytarılması, Rusiyanın TIR-larının Ağdam-Xankəndi marşrutu ilə buraxılması buna bir sübutdur. Rusiyadan “boşanan” “gözüdağınıq” Hayastan beş ildir ki, özünə “təzə ər” axtarır. 200 ildən artıq Rusiyadan hər cür təminat alan asi ölkənin birdən-birə yolunu azması hər iki ölkədə qəribə qarşılanır və narazılıqlara səbəb olur.

Gərginləşən Rusiya-Ermənistan mövzusu üç ildən bəridir ki, hər iki ölkənin mediasında gündəmin əsas mövzusu olaraq qalır. Erməni mediası çəkincəklərini saxlasalar da, Rusiyadan Ermənistana istiqamətlənmiş hədələr getdikcə artmaqdadır.  Doğrudur, bu hələlik rəsmi şəxslər deyil, jurnalistlər, politoloq və siyasi ekspertlər səviyyəsindədir. Amma görünən odur ki, bu hədə-qorxu tezislər bir mərkəzdən- böyük ehtimalla Rusiya Xarici İşlər Nazirliyindən gəlir. Bu tezislərdə əsasən İrəvanın  bilərəkdən Rusiya Federasiyasından uzaqlaşmağa başladığı, onun düşmənləri ilə isti münasibətlər yaratması və bütün əlaqələri kəsməyə cəhd göstərməsi vurğulanır.

Rusiyapərəst politoloq Artur Atayan hesab edir ki,  ABŞ Ermənistanın köməyi ilə Rusiyanın təsir zonasında daha bir münaqişə ocağı yaratmağa çalışır: “ABŞ siyasətçilərinin bəyanatlarına əsasən, onların çoxu artıq Ukraynadakı siyasətlərinin uğursuzluğunu etiraf edir. Onlar Gürcüstanda bizə qarşı “ikinci cəbhə” açmağı planlaşdırırdılar, lakin bu ölkənin rəhbərliyi çox praqmatik oldu. Yəni Qərb Gürcüstanda 2008-ci ildə olduğu kimi Rusiyaya qarşı körpücük yarada bilmədi. Ona görə də ABŞ başda olmaqla Qərb İrəvanın simasında Rusiyaya təzyiq göstərmək üçün üçüncü “təzyiq nöqtəsi” seçdi. Qərbin məqsədi indi Rusiyayönlü Ermənistanı anti-Rusiyaya çevirmək üçün regiona daxil olmaqdır”.  

Təhlilçinin fikrincə, vəziyyət tezliklə elə bir mərhələyə gələ bilər ki, Rusiya diplomatları Ermənistandan qovulsun, hərbi bazaları çıxarılsın. “Lakin bu, yalnız Ermənistanın özünə və onun hakimiyyət orqanlarına böyük ziyan vuracaq. İndi Ermənistanda anti-Rusiya vəziyyəti çox sürətlə yetişir,”-deyə Atayan bildirib.

Politoloq onu da qeyd edib ki, Ermənistanın timsalında Qərbin Rusiyanın itaətkar tərəfdaş ölkəsini  ona düşmənə çevirmək  mexanizm uğurla işləməkdə davam edir: “Təəssüf ki, bu gün bir sıra postsovet respublikalarına antimilli, qlobalizm yönümlü elitalar rəhbərlik edir. Onların bu ölkələrin xalqlarından tamamilə fərqli məqsədləri və dəyərləri var. Bu elitalar güclü milli dövlət deyil, Rusiyaya qarşı çıxan Qərb “sivilizasiya mərkəzinin” bir hissəsi olmaq istəyirlər. Ermənistanın timsalında biz görürük ki, Qərbin Rusiya Federasiyasının tərəfdaş ölkələrini ölkəmizin düşməninə çevirmək üçün yaratdığı mexanizm uğurla işləməkdə davam edir. Üstəlik, hər gün təkmilləşir: Qərb mütəxəssisləri öz aparıcı universitetlərində və hərbi akademiyalarında gələcək elitalarla işləyirlər. ABŞ və Aİ haqlı olaraq ümid edir ki, zaman keçdikcə bu insanlar öz ölkələrinə rəhbərlik edəcək və onun Qərbə üz tutmasına töhfə verəcəklər. Heç kim postsovet ölkələri xalqlarının fikrini nəzərə almayacaq”.

Baş verən olaylara hövsələ göstərən Rusiyada Hayastanın namərd hərəkətlərinə qarşı etiraz səsləri getdikcə güclənir. Onlardan biri, “Rossiya seqodnya” qəzetinin eksperti  Vladimir Kornilovun fikrincə, Ermənistan hakimiyyətinin bütün son addımları Qərbin sifarişi olaraq Rusiya ilə münasibətləri mümkün qədər çox korlamaq istəyindən xəbər verir.

“Artıq bir neçə ildir ki, Ermənistan müxtəlif  aktivliklə Rusiyadan uzaqlaşır. Qərbin Moskva ilə İrəvan arasında münasibətləri pozmaq xətti şübhəsiz, davam edəcək. Ona görə də bu istiqamətdə uzunmüddətli qarşıdurmaya hazır olmalıyıq”, - Kornilov hesab edir.

Ekspertin fikrincə, Moskva bu gün Qərbin Rusiyaya dost olan ölkənin düşmənə çevirməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görür. Təbiidir ki, Rusiya Hayastanı yerində oturtmaq üçün lazımi addımları atacaq. Çünki onun bu ölkənin dərinliklərində möhkəm rıçaqları var. Orduda vəzifə tutmuş casuslar, xüsusi xidmət orqanlarının məxfi əməkdaşları, sərhəd qoşunları, Gümrüdəki 102-ci hərbi baza Moskvanın əmr və tapşırıqlarını yerinə yetirməyə hazır vəziyyətdə gözləyirlər. Belə böyük bir hərbi qüvvənin qarşısında Ermənistan beş-on gün ərzində darmadağın vəziyyətinə düşə bilər. Qərbdəki dostları dünyaya haray-həşir salanadək Hayastan dövlətçiliyini itirib özəl şirkət səviyyəsinə düşər.

Ruspərəstliyi ilə tanınan, buna görə də Ermənistanda arzuolunmaz şəxs elan edilən jurnalist Marqarita Simonyan yana-yana yazır ki, Nikol Paşinyan erməniləri uçuruma aparır. Simonyan iddia edir ki, Paşinyan nə vaxtsa “erməni genosidi” barədə danışarkən, “bizimkilər  axmaqlıq ediblər, özlərini əbəs yerə təhlükəyə məruz qoyublar” kimi bir ifadələr də işlədib.

Paşinyanın Vladimir Putini aldatmaq cəhdinə gəlincə, Putini aldatmağın çətin olduğunu bildirən Simonyan baş nazirin Amerikanın adamı olduğunu, ruslarla səmimi olmadığını, səfeh oyun oynadığını deyir.

Başqa sözlə, Simonyan ermənilərin xoşbəxtliyini əbədi olaraq Rusiyanın ağuşunda olmaqda görür, bu fikirdə olmayanları isə Rusiyanın, eləcə də özünün düşməni sayır. Beləliklə, Rusiyadan “boşanmış” Ermənistan özünə təzə “ər” axtarır. Onun iki “adaxlı”sı var, biri ABŞ, digəri Fransadır. Fransanın burnundan vurub geri qaytardılar. ABŞ isə hələlik minnətçi rolundadır. Həm də məlumdur ki, bu ölkənin "örkəninin üstünə darı sərmək" olmaz. Bir də görərsən ki... Nə isə, bizə düşən odur ki, deyək: Allah xoşbəxt etməsin!

Vəli İlyasov, “İki sahil”