09 sentyabr 2023 00:47
300

“Boz”u pozmaq zərurəti...

Separatçıların Qarabağda “seçki” təxribatı antiterror əməliyyatını qaçılmaz edir

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində separatçılar növbəti təxribata hazırlaşırlar. Son günlər Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin, daha doğrusu, Ermənistan ordusunun Azərbaycan ərazisindəki tör-töküntülərinin fəallaşmasının, müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələri ilə üzbəüz mövqelərdə uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, səngər qazmağa, mühəndis-istehkam işləri aparmağa cəhdlər edilməsinin ardınca separatçı xunta rejiminin qondarma “prezident seçkiləri” keçirməsi bölgədə son və qəti tədbirlərin görülməsini zəruri edir. Dəfələrlə edilən xəbərdarlıqlara, reinteqrasiya məsələlərinin həlli üçün görüşün keçirilməsi ilə bağlı təkliflərə məhəl qoymayan separatçıların bu addımı, eyni zamanda, beynəlxalq hüququn və Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır.

Üstəlik, sözügedən təxribat nəticəsində Qarabağda yaşayan ermənilər növbəti dəfə separatçılar arasındakı qarşıdurmanın qurbanına çevrilə bilərlər. Belə ki, Xankəndidə qondarma qurumun “prezidenti” seçilmək uğrunda gedən mübarizənin ciddi etirazlarla, hətta qanlı toqquşmalarla nəticələnəcəyi istisna edilmir. Xunta rejiminin ləğv edilməsinin qaçılmaz olduğunu, hətta onun və quldur dəstəsinin qanunlarımız qarşısında cavab verəcəyi (ən yaxşı halda Azərbaycan rəhbərliyi humanizm nümayiş etdirərək haqlarında amnistiya tətbiq edilməsi məsələsinə baxa bilər. Bu fikir ABŞ Dövlət Departamenti tərəfindən alqışlanıb-red.) ehtimalının yaxınlaşdığını hiss edən Araik Arutyunyanın “topu başqalarına ötürmək” məqsədilə istefa verməsindən sonra vəziyyət son dərəcə gərginləşib və hər an nəzarətdən çıxa bilər.

Ermənistan mətbuatının Qarabağdakı mənbələrinə əsasən yazdığına görə, qondarma “parlamentdə” keçiriləcək “prezident seçkiləri”ndə əsas qarşıdurma Ermənistanın baş naziri Nikol Paşinyanın kadrı olan “təhlükəsizlik şurası”nın keçmiş sədri Samvel Babayanla Rusiyayönümlü qüvvələrin namizədi, hazırkı “dövlət naziri” Samvel Şahramanyan arasında yaranıb. “Hraparak” nəşri yazır ki, Şahramanyana separatçılardan Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan üçlüyü “lobbiçilik” edirlər. Bu isə S.Babayanın şanslarını azaldır. Ancaq Babayan narazı müşahidəçi kimi prosesləri izləmək fikrində deyil, hansı yolla olursa olsun, yaranmış vəziyyəti son şans kimi dəyərləndirməyə çalışacaq. Üstəlik, onun da Qarabağdakı anti-Rusiya meyilli QHT təmsilçiləri arasında Tiqran Petrosyan, Artur Osipyan, Hayk Xanumyan kimi müttəfiqləri var. Deməli, hər şey qarşıdurmaya doğru gedir.

Arutyunyanın gedişindən sonra ləğv edilmiş “antiböhran şurası”nın sədri Tiqran Petrosyan “Hraparak”a müsahibəndə bildirib ki, Samvel Şahramanyan prezident seçilərsə toqquşmalar baş verəcək və qan töküləcək: “Bizim “Artsaxda” (Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan ərazisi-red.) çox ciddi problemimiz var: həm icra, həm də qanunverici orqanlar legitim deyil. Müharibədən sonra heç kim onları ciddi qəbul etmir. Xalqın etibarı sıfırdır. Bu insanlar indi bir neçə nəfərlə “prezident” seçəcəklər. Sizi əmin edirəm ki, bu, vətəndaş müharibəsinə gətirib çıxaracaq.”   

Göründüyü kimi, son “seçki” təxribatı separatçıların qorxu və təzyiq altında saxladıqları Qarabağın erməni əhalisi üçün də yaxşı heç nə vəd etmir. Odur ki, qeyri-qanuni fəaliyyət göstərən xunta rejiminin ləğv edilməsi, Ermənistan ordusunun həmin ərazidə olan silahlı birləşmələrinin zərərsizləşdirilməsi və cinayətkarların cəzalandırılması zərurətə çevrilib. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi də qəti və birmənalıdır: suveren ərazimizdə “boz zona” istəmirik. İndi xəritəmizdən həmin “boz”u silmək üçün antiterror əməliyyatının keçirilməsi qaçılmazdır...

Mahir Rəsuloğlu, “İki sahil”