09 sentyabr 2023 02:14
525

Azad edilmiş ərazilərə nə qədər əhali qayıdıb?

Əsas məqsəd keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasıdır

44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin ardından ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi, tarixi şəhər və kəndlərimizin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasıdır.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Bu mühüm məsələ ilə bağlı Prezident İlham Əliyevin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət başçısının tapşırığına əsasən artıq 3 ilə yaxındır ki, bu istiqamətdə müxtəlif işlər görülür, Böyük Qayıdış proqramının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər edilir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir.

Əhalinin qayıdışını təmin etmək üçün bu ərazilərdə tikiniti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən, hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun – digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. I Dövlət Proqramına əsasən 2023-2026-cı illərdə daha 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda ümumilikdə 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bu işlər üzrə əsas icraçı Minatəmizləmə Agentliyi, digər icraçılar isə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətidir. Bu ərazilərdə yeni yaşayış massivləri, müəssisələr, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmiryol xətlərinin çəkilişləri həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Sentyabrın 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə, yəni 102 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar. Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

19 iyul 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndindən başlayan “Böyük Qayıdış” layihəsi bu gün də sürətlə davam etdirilir. Birinci mərhələdə Ağalı kənidinə 10 məcburi köçkün ailəsi köçürülsə də, növbəti mərhələlərdə bu say get-gedə artıb. Belə ki, artıq Ağalı inzibati ərazisində 108 ailə (526 nəfər) məskunlaşıb. İşğaldan əvvəl Ağalı inzibati ərazisi özündə 3 kəndi birləşdirirdi. Həmin vaxt Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) məskunlaşmışdı.

Zəngilandan əlavə Laçın şəhərinə də keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 29-da Laçına növbəti köç prosessi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən daha 13 ailə (52 nəfər) Laçın şəhərinə yola salınıb. Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşublar.  Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər. Bununla da Laçın şəhərində 247 ailə, yəni, 956 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

İndiyədək “Böyük Qayıdış” layihəsi çərçivəsində 19 iyul 2022-ci il tarixdən bu günə qədər işğaldan azad edilən ərazilərə ümumilikdə 477 ailə (1957 nəfər) köçürülüb. Həmçinin Tərtərin Talış kəndinə 20 ailə (90 nəfər), Laçının Zabux kəndinə 20 ailə (88 nəfər) köçürülüb. Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın keçmiş məcburi köçkün ailəsinin, yəni 10 minə nəfərə yaxın vətəndaşın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı nəzərdə tutulub. Bu ilin sonunadək Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı planlaşdırılıb.

Həmçinin bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1500 sakinin köçürülməsi də nəzərdə tutulub. Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıdışını təmin etmək üçün artıq ötən ilin avqust-sentyabr aylarından başlayaraq burada 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.

Cavid Əkbərov, “İki sahil”