09 sentyabr 2023 01:56
325

Başsız baş nazir

Nikol Paşinyan Ermənistanı hara aparır?..

Bəli, Ermənistanın baş naziri Nikol Paşinyanın azı on dəfə "Azərbaycanla sülh bağlamağa hazıram" dediyini və dediyini “yediyini” azı on dəfə  eşitmişik, görmüşük. İşi bir balaca əyilən kimi, "Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş bağlamağa hazırdır" deyən qeyri-səmimi baş nazirin bu kəlmələri qorxu hissinin təsiri altında səsləndirdiyi də gün kimi aydındır. Bu, əsl erməni riyakarlığı və simasızlığıdır. Bu jestlər dövlət başçısının nüfuzuna ciddi zərbə vuran amillərdir, yəni, yüksək məqamda duran şəxs dediyini “yeməməlidir.” "Yeyirsə" deməli, onun dövlət idarəçiliyindən, diplomatiyadan və siyasətdən xəbəri yoxdur.

Bir məsələ barədə xarici ölkələrdə müxtəlif variantlar söyləyən baş nazir bəzən əvvəlki fikirlərini bilərəkdən ya tamamilə danır, ya da təhrif edir ki, bu da çox vaxt onu gülünc vəziyyətə salır. Paşinyanın xaricə səfərlərində mətbuata verdiyi müsahibələrdə və açıqlamalarda bunun şahidi olmuşuq. Bu günlərdə o, yenə də özünün "qırxdilli" olduğunu nümayiş etdirib.

"Beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün Laçın dəhlizinin açılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də qəbul etdiyi qərarlara uyğun olaraq prosesi davam etdirmək əhəmiyyətlidir. Bütün bunların əsasında Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş bağlamağa hazırdır", - Paşinyan deyib. Onun sözlərinə görə, "Ermənistan tərəfi sülh gündəliyinə sadiqliyini ifadə edir".

Nikol Paşinyan sözünün ağası olmadığını dəfələrlə sübut edib. Artıq beynəlxalq ictimaiyyət onun boş laflarına inanmır. Hamı bilir ki, Ermənistanın başının üstünü təhlükə alanda Nikol Vovayeviç saxta səmimiliyini göstərən maskasını geyinir. Yenə də belədir. Əgər ABŞ-ın əsgər və zabitləri Ermənistana gəlirsə, deməli, əks tərəf, yəni Rusiya və iran bundan bərk rəncidə olublar. Belə çıxır ki, Ermənistan həm İrana, həm də Rusiyaya dirsək göstərir. Bu fakt isə Nikol Vovayeviçə yaxşı heç nə demir. Bəs o, ABŞ əsgərləri gedəndən sonra nə edəcək? "Aradan sivişib salamat çıxmaq" üçün hansı hiyləni işlədəcək, hansı yalanı satacaq? Yalnız özü bilir.

Paşinyanın "səkkizliyə" çevrilən sarsaq fikirlərinə ilk kəskin reaksiya Rusiyadan gəlib: “Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi və ABŞ hərbçilərini öz ölkəsinə dəvət etməsi Rusiyaya münasibətdə dost addım deyil, düşmənçilik aktıdır”.

Bu fikri mətbuata açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib. Bu açıqlama göstərir ki, ruslar Paşinyana son dərəcə qəzəblidirlər. “Ermənistanın baş naziri Nikol Paşinyanın bu qərarı Moskvanın, Rusiya rəhbərliyinin qəzəbinə səbəb olub”, - o qeyd edib.

 Markov daha sonra deyib: “Doğrudur, Rusiya rəhbərliyinin reaksiyasının nəticə etibarilə necə olacağını söyləmək çətindir. Amma aydındır ki, Rusiya rəhbərliyi Ermənistana qəzəblidir. Əminliklə deyə bilərəm ki, Rusiya Ermənistana qarşı siyasətini fəallaşdırmaq qərarına gəlib və qəti addımlar atmağa hazırdır. Çünki belə bir düşüncə var ki, sadəcə gözləmək vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq”. Hətta bu ölkədə yuva bağlamış ermənilərin nahaqası (yəni başçısı) Ara Abramyan "zəncir çeynəyərək" bildirib ki, Rusiya erməniləri diasporu Ermənistanda keçiriləcək birgə təlimlərə qarşı kəskin mövqedədirlər. Yəni, Rusiyadan başqa heç bir dövlət Ermənistanda hərbi təlim keçirə bilməz, çünki Rusiyada Ermənistandakından çox erməni yaşayır. Ara uzun illərdir Rusiyanın Ermənistanla strateji müttəfiq olduğunu da vurğulayıb.

Qeyd edək ki, Ermənistan və ABŞ-ın “EAGLE PARTNER 2023” adlı birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.

Ancaq ondan sonra Ermənistanı nə gözləyir, onu demək olmaz. Allah saxlasın demərəm, özü bilər, biz o işə qarışa bilmərik. Ancaq məlum olan odur ki, hayları qara günlər gözləyir. Çox olsun!

Vəli İlyasov, "İki sahil"