07 sentyabr 2023 23:57
367

Xalqı təhqir etmək qəhrəmanlıq deyil, Qəhrəmanlı!

Təəssüf ki, AXCP-nin sədr müavini bu qərəzli yanaşması ilə toplumda özünə böyük nifrət hissi yaradır

“Kimdir günahkar, siyasətçilər, yoxsa, cəmiyyət? Çünki siyasətçinin fəaliyyətinin qiymətləndirilməsi qədər cəmiyyətin, vətəndaşın da məsuliyyətini müzakirə etmək lazımdır.” Bəli, bu yanlış, təxribat xarakterli sözlər təbii ki, AXCP-nin yeni və köhnə sədr müavini Fuad Qəhrəmanlıya məxsusdur. Hər hansı başqa bir adam öz xalqının ünvanına bu cür nalayiq, qeyri-obyektiv fikirlər səsləndirməz. Belə qərəzli yanaşma yalnız F.Qəhrəmanlıya və onun təmsil olunduğu dağıdıcı müxalifət düşərgəsində lövbər salmış antimilli ünsürlərə aid ola bilər.

Bu simasız üzdəniraq şəxsi “Facebook” səhifəsində hətta daha da irəli gedərək qeyd edir ki, bütün günah siyasətçilərin üzərinə yüklənir və toplumda özünə tənqidi münasibət, islah olunmaq təşəbbüsləri də yaranmır. Nəticədə öz günahını görə bilməyən toplum sonra hər şeyi siyasətçilərdən gözləyir. Cəmiyyət dəyişməsə onların bütün fəaliyyəti idman zallarında döşəməyə bərkidilmiş velosiped pedalı kimi yerində hərəkət olacaq, irəliyə getmək mümkün olmayacaq.

Beləliklə, çagırışlarında on minlərlə insanı mitinqə yığa biləcəklərini desələr də hər zaman fiaskoya uğrayan radikallar növbəti dəfə rüsvayçı vəziyyətə düşdülər. AXCP sədri Əli Kərimlinin ən yaxın adamlarından biri olan F.Qəhrəmanlı növbəti dəfə özünü və təmsil etdiyi düşərgənin əsl simasını ortaya qoydu. Bu ünsürlər xalqdan o qədər uzaqlaşıblar ki, utanmadan xalqı, cəmiyyəti ittiham edirlər. Normal düşüncəyə malik olan, özünə siyasətçi deyən biri üzvü olduğu cəmiyyəti mənəvi çürümədə ittiham edə bilərmi? Bəs, hansı üzlə həmin cəmiyyətdən dəstək, səs istəyə bilirsən? Bəyənmədiyin, təfəkkürsüzlükdə ittiham etdiyin cəmiyyətdə niyə siyasi mübarizə aparırsan? Əslində sizinki siyasi mübarizə deyil, bəyənmədiyiniz xalqın, dövlətin maraqlarının əleyhinə fəaliyyət göstərməkdir. Cəmiyyəti sosial debilizm sindromuna yoluxmaqda ittiham edən bu üzdəniraq xalqa o qədər nifrət edir ki, Azərbaycan cəmiyyətini ictimai şüurun yoxluğunda ittiham edir. Bununla da bitmir. Utanmadan Azərbaycan cəmiyyətini intellektsizlikdə, düşünmə qabiliyyətinin olmamasında ittiham edir. Cəmiyyəti sosial debilizmdə ittiham edən birinin özü debil deyil, bəs nədir? Təmsil olunduğu cəmiyyətə sadəcə material kimi baxdığını gizlətməyən bu antimilli ünsürün əslində hansı mənəvi keyfiyyətlərə sahib olduğunu bəyənmədiyi toplum çox yaxşı bilir.

F.Qəhrəmanlının xalqı ələ salan, cəmiyyətə xor baxan sözlərindən belə çıxır ki, dağıdıcıların özlərinin konsepsiyaları məhz xalqı günahlandırmaq, cəmiyyəti hər vəchlə qınamaqdan ibarətdir. Sən demə, uğursuzluqlarının günahı onlarda deyil, xalqda imiş! Radikal düşərgə təmsilçilərinin xalqa yuxarıdan aşağı baxması artıq xroniki xəstəlik halını alıb.

AXCP-nin sədr müavini utanıb-qızarmadan bəyan edir ki, cəmiyyətin mənəvi çürüməsini nəinki tənqid etmək, hətta ona qarşı ən kəskin formada etiraz etmək lazımdır. Bu, artıq sosial reanimasiya halıdır.

Öz ailəsinə faciə yaşatdığına görə F.Qəhrəmanlını partiyadan biabırcasına qovan və sonra yenidən köhnə vəzifəsinə qaytarmaq Ə.Kərimlinin ən böyük avantürist addımlarından biridir. Belə edəndə, axırı da belə olmalı idi. Elə biri-birinin tayıdırlar. Sonda qeyd edək ki, Fuadın “Belə bir cəmiyyətə sadəcə material kimi baxmaq gərəkdir” sayıqlaması artıq əndazəni aşmaq, xalqı açıq-aşkar təhqir etmək deməkdir. Ar olsun sənə, F.Qəhrəmanlı!

Cavid Əkbərov, “İki sahil”