07 sentyabr 2023 23:35
379

Düşmən səngərinə "patron" daşıyanlar

Vicdanın susduğu yerdə  şeytanın at oynatması qaçılmazdır

Dəfələrlə yazmışıq ki, AXCP sədri Əli Kərimlinin inhisarında olan dağıdıcı müxalifət Azərbaycanın həm ikinci Qarabağ müharibəsindəki tarixi Zəfərini, həm də postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan  sürətli tikinti- quruculuq işlərini həzm edə bilmir. Ona görə ki, Azərbaycan dövlətinin bu uğurları sözügedən dağıdıcı düşərgənin əqidəsinə və antimilli duyğularına tərs gəlir.

Hakimyyət hərisliyi onların gözünü o qədər kor edib ki, hətta ölkəmizin geosiyasi qüdrətini görməzlikdən gəlirlər. Əvəzində dövlətimizə və xalqımıza qarşı böhtan kampaniyasını davam etdirməklə anti-Azərbaycan qüvvələrin əsas istinadgahına, səngərinə çevrilirlər. Necə deyərlər, düşmən səngərinə «patron» daşımaq funksiyasını məmnuniyyətlə yerinə yetirirlər.

Bəli, onlar buna məcburdular. Ona görə ki, erməni lobbisinin xaricdəki maliyyə qaynaqları dağıdıcı müxalifətin dolanışıq mənbəyidir. Bu adamlar ağalarının  çaldığı hər türlü havaya oynamasalar xaricdə oxuyan və yaşayan övladlarının zəngin  həyat tərzləri bir neçə günə darmadağın olar.

Onların sosial şəbəkələr  vasitəsilə Azərbaycana atdıqları böhtan və hədyanların təkcə miqyası deyil, eyni zamanda, iyrəncliyi də insanlarda ikrah hissi oyadır. Məsələn,  AXCP Rəyasət Heyətinin üzvü (necə də pafosla səslənir) İlham Hüseyn ölkəmizə qarayaxma kampaniyasında olan- qalan vicdanını da dəfn edərək yazır: «44 günlük müharibədən sonra hökumət elə siyasi cəhənnəm yaratdı ki, «hərbi zəfər» ifadəsini işlətməyə tərəddüd edirsən.»

Bu nankordan soruşmaq lazımdır ki, son 3 ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikilən  və ən müasir standartlara cavab verən Füzuli və Zəngilan beynəlxal hava limanlarını, Şuşaya çəkilən tarixi Zəfər yolunu, Laçına, Füzuliyə, Zəngilana qayıdan məcburi köçkünlərin , Ağdamda, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə aparılan nəhəng tikintiləri niyə görmək istəmirsən? Cavabı sadədir: Ona görə ki, dövlətimizin həyata keçirdiyi bu nəhəng işlər bir ermənilərə, bir də sizin dağıdıcı düşərgənizə cəhənnəm əzabı kimi görünür. Çünki sizin kimilərin vicdanının susduğu yerdə  şeytanın at oynatması qaçılmazdır.

İlham Hüseyn daha sonra yazır: « Laçın dəhlizində uğur qazanmaq çətindi» və yaxud «Ağdam yolunun açılıb-qapanması nəyi dəyişəcək?» Eynən erməni ruhlu cümlələr... Sanki o, Ermənistandakı revanşistlərin buradakı sözçüsüdür. Revanşistlər də bütün dünyaya təlqin etməyə çalışırlar ki, Ağdam- Xankəndi yolu onlara sərf etmir və ona görə də ondan imtina edirlər. Əvəzində Laçın-Xankəndi yolunu təbliğ edirlər. Ona görə ki, ermənilər Laçın -Xankəndi yolu ilə Xankəndidəki separatçı-terrorçu dəstələrə yalnız  humanitar yük deyil, həm də silah və sursat da daşımağa çalışırlar.

Əslində, Laçın-Xankəndi yolunun Ermənistandan gələn çoxsaylı yük maşınlarının üzünə qapadılması, hətta erməni lobbisinin himayəsindəki beynəlxalq təşkilatların ölkəmizə yönəlik təzyiqlərinə rəğmən onların hələ də Azərbaycan ərazilərinə buraxılmaması müstəqil dövlətin şərəf və ləyaqət məsələsidir. Biz dünyaya göstəririk ki, suveren ərazilərimizə bizim icazəmiz olmadan yük göndərmək qadağandır və ölkəmizə qarşı hörmətsizlikdir. Ona görə də hər kəs regionun güclü ölkəsi olan Azərbaycanla hesablaşmalıdır.

Təbii ki, hər bir şərəfli  vətəndaşımız Azərbaycanın bu qətiyyəti ilə nəinki qürur duymalıdır, hətta ona dəstək verməlidir. Ancaq İlham Hüseyn kimilərinə bu xarakter və duyğular hələ də yaddırsa demək problem onların əxlaqında və əqidəsindədir.      

Ona xatırlatmaq lazımdır ki, Kəlbəcəri, Şuşanı, Laçını ermənilərə təhvil verən, milyonluq qacqın, məcburi köçkün köçü yaradan ilham hüseynlilərdən fərqli olaraq  olaraq ərazilərimizi işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün Azərbaycan xalqının yurd həsrətinə son qoydu. Lakin üstündən 30 illik bir vaxt keçməsinə baxmayaraq Azərbaycan xalqının yaddaşında rəzillik, milli faciə dövrü kimi qalan AXC-Müsavat hakimiyyətini hələ də tərifləyən siz ilham hüseynlər bundan sonra da düzələn, ağıllanan deyilsiniz. Çünki  şəxsiyyətin manqurtlaşması insanda sağalmaz mənəvi dayazlıq və kasadlıq  yaradır.

Azərbaycan demorkatik ölkədir, burada söz və mətbuat azadlığı kimi önəmli prinsiplər mövcuddur Ona görə də hər kəs istənilən şəxsi, yaxud qurumu, hətta dövləti və onun rəhbərini tənqid edə bilər. Ancaq tənqid və iradlarında səmimi olanlar cəmiyyətdə daha çox nüfuz sahibi olurlar. Eyni zamanda, dövlətin də belə səmimi insanların təklif və tənqidlərinə dözümlülük prinsipi ilə yanaşması cəmiyyətin inkişafını şərtləndirir.

Elçin Zaman, «İki sahil»