08 sentyabr 2023 01:57
461

İran separatçılara nəfəs verir

Minlərlə günahsız insanın ölümünə bais olmuş, Xocalı soyqırımı kimi dəhşətli qətliam törətmiş və bu siyasətində xristian birliyinin köməyinə arxalanmış Ermənistanı dəstəkləməkdə davam edən müsəlman İranı Zəngəzur dəhlizinin açılmasına maneələr törətməklə, üstəlik, Hindistandan göndərilən silah-sursatı təcavüzkar ölkəyə ötürməklə yanaşı, hayların törətdikləri  hər təxribata haqq qazandırmaqda davam edir.  Belə ki, İranın İSNA və İRNA xəbər agentlikləri Azərbaycanın guya Laçın-Xankəndi yolunu kəsərək  Qarabağda yaşayan erməniləri blokadaya almasına, onların ərzaqla təmin edilməsinə əngəllər yaratmasına dair yalan məlumatlar yaymaqdadır. Həmin məlumatlarda Azərbaycanın humanistliyindən, “humanitar fəlakət”in şou məqsədi ilə yaradılmasından bir kəlmə belə söz açılmır.

İranın “Karzar.net” saytında Abbas İqbal Mehranın təşəbbüsü ilə Laçın yolunun guya “bağlanması”nı pisləyən və Qarabağda “humanitar fəlakət”in qarşısını almaq üçün addımlar atmağa çağıran imza toplanılması kampaniyası da davam etdirilir. Kampaniyanı 17 sentyabr 2023-cü ilə qədər davam etdirmək nəzərdə tutulub. Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan iranlı “ekspert” Ehsan Movəhhediyan isə özünün sosial media hesabında İrəvan Dövlət Universitetinin İranşünaslıq fakültəsinin dekanı Vardan Voskanyanın İran-Ermənistan birgə antiterror hərbi qüvvələrinin yaradılmasından dəm vuran müsahibəsini yayıb. SEPAH-a bağlı “İran Daily” ingilisdilli qəzeti isə son bir ayda Azərbaycan əleyhinə ondan artıq məqalə ilə çıxış edib. Həmin yazıların birində deyilir ki, guya Zəngəzurun Azərbaycana birləşdirilməsi və Laçın yolunun blokadaya alınması İran üçün həm təhlükəsizlik, həm də iqtisadi itki olacaq. Bu nəşr daha sonra molla rejiminə “məsləhət” verərək bildirir ki, Zəngəzur dəhlizi məsələsində geri addım atmaq olmaz.

Elə  İsrail və yəhudi-amerikan KİV-lərində Holokost soyqırımından sağ çıxan yəhudilərin guya Qarabağda yaşayan ermənilərin “soyqırımına şərik” olmasından bəhs edən kampaniyada da fars-molla rejiminin, onun təbliğat mexanizminin əli vardır. Bütün bunlarla da  Ermənistana külli miqdarda tank əleyhinə raketlər verən, Xankəndiyə gizli yollarla terrorçular göndərən mollakratiya hayların “humanitar fəlakətinə”  öz növbəti “töhfəsini” verib və verməkdə davam edir.

Şübhəsiz, bütün bunlar iqtisadi böhrandan tutmuş hökumət əleyhinə etirazlara qədər kifayət qədər böyük problemləri olan, elə bu kimi səbəblərdən inqilabın astanasına gəlib çıxan fars-molla rejiminin Azərbaycana qarşı həm də  informasiya müharibəsini genişləndirməsinin sübutudur. Halbuki Azərbaycan heç vaxt erməni sakinlərinin Laçın yolunda sərbəst hərəkətinə, eləcə də ərzaq, dər­man və digər humanitar məqsədlər üçün istifadəsinə əngəl yaratmayıb. Üstəlik, rəsmi Bakı özünün suveren ərazisində ya­şayan bir ovuc erməninin ehtiyaclarının qarşı­lanması məqsədilə  onlara Ağdam–Xankəndi yolunu da təklif edib. Separatçılar isə öz çirkin niyyətlərin gerçəkləşdirmək məqsədilə ancaq Laçın yolundan istifadədə israr edirlər. Bu isə o deməkdir, ümumiyyətlə, hansısa yolun bağlanmasından söhbət gedə bilməz. Bu, sadəcə hayların yalanlarına uymaqdan başqa bir şey deyil. Şübhəsiz, həmin  uydurmalar fars-molla rejiminin bölgədəki siyasətinə yaradığı üçün onlardan faydalanmağa çalışır.

Bəli, bu gün Zəngəzur dəhlizinin açılmaması üçün var gücü ilə çalışan molla rejimi Laçın yolunun “açılması" məsələsində haylarla həmfikirdir. Görünür, fars-molla rejimi üçün Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatizminin qalması onun maraqlarına cavab verir. Şübhəsiz, mollakratiyanın mətbuatının məsələyə bu cür yanaşması həm də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini demək olar ki, hər gün müxtəlif çaplı atıcı silahlardan atəşə tutmasına bəraət qazandırmağa hesablanıb. Qeyd edək ki, ötən 10 gün ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini 25 dəfədən çox  atəşə tutub.

Bütün bunlar İranın bölgədə söz sahibi olan, öz suverenliyini bərpa edən, müstəqil siyasət yeridən, uğurları ilə beynəlxalq aləmdə nüfuz qazanan Azərbaycanın nailiyyətlərini həzm edə bilməməsindən irəli gəlir. Ancaq fars-erməni birliyi, onların birgə təxribatları heç nəyi dəyişə bilməyəcək. Azərbaycan siyasi iradəsi ilə Zəngəzur dəhlizini açacaq, hayları Ağdam-Xankəndi yolundan istifadəyə məcbur edəcək, Qarabağdakı separatçıları da zərərsizləşdirəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”