07 sentyabr 2023 00:22
516

Ruben ayamalı Şir və tülkü ləqəbli Ruben

Birini Afrikaya göndərdilər, o birini isə gəldiyi yerə, yəni Rusiyaya "ixrac" edəcəklər

Ermənistanda iki tanınmış Ruben var. Birinə "şir Ruben", o birinə "tülkü Ruben" deyirlər. Şir Ruben çox ət yediyindən sərf etmədiyi üçün haylar onu “eksport”a göndərməyə qərar veriblər. Ancaq tülkü Ruben, Moskvadan "köçüb" Xankəndidə lövbər salmış Ruben Vardanyan haqqında hələ də bir qərara gələ bilmirlər. Çünki o, quyruq ələ vermir...Hə, yeri gəldikcə haylar ona "adam" Ruben də deyirlər.

Nəhayət, uzun illər qəfəsdə baxımsız vəziyyətdə saxladıqları şir Rubeni bu günlərdə öz vətəninə-Cənubi Afrikaya göndəriblər ki, getsin orada nə taparsa onu da yesin.

Söylədiklərim sizə qəribə gəlməsin, təmsilə bənzəsə də içində həqiqətlər də var. Belə ki, məlumata görə, Ruben adlı şirin Afrikaya göndərilməsi prosesi Böyük Britaniyada yerləşən “Animal Defenders International” təşkilatının köməkliyi ilə baş tutub. Şir bundan sonra Cənubi Afrikada şir və pələnglər üçün nəzərdə tutulan xüsusi qoruqda yaşayacaq.

“Daily Mail”in yazdığına görə, sözügedən 15 yaşlı şir uzun illər ermənilərin nəzarəti altında qalan Azərbaycanın Ağdərə rayonunda olan zooparkda dünyaya gəlib. Zoopark erməni biznesmenlərdən birinə məxsus olub. O, zəngin olsun deyə həmin şiri zooparklardan birindən pulla satın alıb. Biznesmen çezəndən sonra bütün heyvanlar satılıb-sovulsalar da şiri alan olmayıb. Ona görə də həmin şir təqribən 6 il ərzində baxımsız və tək vəziyyətdə qalıb. Ruben bir müddət əvvəl oradan çıxarılaraq İrəvan yaxınlığındakı zooparka köçürülmüşdü. İndi şir Ruben Afrika cəngəlliklərində öz kefindədir, ovunu edib başını saxlayır. Ağıllı heyvandır, nə olar heyvan olanda, bir kəlmə dedilər, qandı. Başa düşdü ki, bura onun cəngəlliyi deyil.

...Beləliklə, haylar boğaz ortaqlarından birini beləcə başdan eləyiblər. Ancaq o biri həyasız, yəni tülkü Ruben hələ qalıb. Cəmdəyinin yekəliyindən görünür ki, heyvan Rubendən əskik olmayan bu adam Ruben də elə şir qədər yeyir. Bu da haylara sərf eləmir. Çünki ölkədəki hazırkı qıtlıqda adam Rubenin yedikləri gündə on ermənini doyuzdurar. Axı, o, şir Ruben kimi qabağına atılan hər sür-sümüyü, yaxud da iylənmiş ətləri yemir. O, ərzaqların harada ən say-seçmələri, bahalısı var, onları həzm-rabedən keçirir. Milyardları olmasına baxmayaraq ac gözlərini Azərbaycanın sərvətlərinə dikən adam Ruben o qədər simicdir ki, acından köpük qusan haylarına belə bir tikə uzatmır. Ona görə də haylara çoxyeyən adam Rubeni saxlamaq sərf eləmir. Onu da başlarından birdəfəlik rədd etməyi, eksport malı kimi Rusiyaya ya ifraz, ya da ixrac etməyi düşünürlər. Çünki tülkü Rubeni başa salmaq çətindir. Başı yekə olsa da heç cür anlamaq istəmir ki, bura onun qoruğu deyil...

Vəli İlyasov, "İki sahil"