05 sentyabr 2023 22:57
331

Düşmənimizin dostu sizin nəyinizdir?..

Künc zərbəsi

Antimilli qüvvələr Azərbaycan əleyhinə aparılan təbliğata münasibət bildirməməklə əsl simalarını göstərirlər

Ermənistanın rüşvət, şantaj, terror hədəsi kimi ən müxtəlif qanunsuz yollarla beynəlxalq arenada özünə “tərəfdaş”, təbliğatçı qazanması faktdır və bu barədə nəinki yerli, eləcə də xarici KİV-də dəfələrlə yazılıb. Əsasən ABŞ-da və Qərbdə fəaliyyət göstərən erməni lobbisinin illər boyu qarşısına qoyulmuş ən vacib tapşırıqlardan biri də nə yolla olursa-olsun yaşadığı ölkənin nüfuzlu siyasətçilərinə, dövlət və hökumət nümayəndələrinə, hətta məşhur sənət adamlarına, idmançılara nüfuz edərək onları “erməni dostu”na çevirmək olub. NATO kimi nüfuzlu hərbi təşkilatın keçmiş baş katibi Anders Foq Rasmussenin yalan təbliğat kampaniyasına görə Ermənistan hökumətindən pul almasının, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, vəkil Luis Moreno Okamponun Azərbaycan əleyhinə əsassız və qərəzli ekspert rəyi hazırlamasının, nizamnaməsində “bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiqliyini, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas” olduğunu bildirən BBC-nin ölkəmizə qarşı birtərəfli, qərəzli, manipulyativ təbliğat aparmasının da kökündə erməni lobbisinin xidmətləri dayanır. Bizimlə düşmən olsalar da, o da faktdır ki, milli məslələrdə ermənilər öz aralarında olan ixtilafları kənara qoyub birləşməyi, hətta özlərini satmaq bahasına olsa belə Ermənistan naminə hansısa addımlar atmağı bacarırlar.

Bəs bizim sözdə özlərini “milləti sevən”, “demokrat” adlandıran üzdəniraq “müxalifətçilərimiz” niyə içlərindəki bütün xalqımıza yönəlmiş kinlərini, nifrətlərini bir kənara atıb ermənilərin və onların havadarlarının Azərbaycan əleyhinə böhtanlarına bircə dəfə də olsun münasibət bildirməyiblər, bildirmirlər? Əslində müxalifətçi deyil, antimilli xain olan bu qüvvələrin yuxarıda sadalanan faktlarla bağlı tək bircə kəlmə etiraz etdiyini eşidən, görən olubmu? Axı hər üç halda düşmənlər ölkəmizə, xalqımıza, dövlətimizə şər atır, Azərbaycanın nüfuzunu ləkələməyə çalışırlar? Bəs düşmənimizin dostu sizin də düşməniniz deyil? Xeyr, çünki Azərbaycanın maraqlarını çoxdan erməni lobbisinin və onların nüfuz dairəsində olan bəzi beynəlxalq təşkilatların çirkli pullarından ayrılan qrantlara dəyişmiş əli kərimlilər, cəmil həsənlilər, gültəkin hacıbəylilər, tofiq yaqublular, qənimət zahidlər, “Qarabağ kimindir” sualına “Onu gələcək gostərəcək” cavabını verə biləcək qədər şərəfini satmış gündüz ağayevlər və digərləri həmişə olduğu kimi, müqəddəs Vətən, torpaq, Qarabağ dəyərlərindən üz çevirərək ermənipərəst dairələrin tapşırıqlarını yerinə yetirməklə məşğuldurlar. Müasir beynəlxalq münasibətlər sistemində özünü etibarlı tərəfdaş, güclü və nüfuzlu dövlət kimi təsdiqləmiş Azərbaycanın dinamik inkişaf yolunda əmin addımlarla irəliləməsi onların da ermənilər qədər xoşuna gəlmir. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin milli maraqlara və yeni qlobal çağırışlara cavab verən müstəqil strateji kursu qətiyyətlə davam etdirməsi təkcə anti-Azərbaycan, ermənipərəst dairələri deyil, eləcə də “sapı özümüzdən olan” həmin “baltaları” narahat edir. Onların ölkəmiz əleyhinə qarayaxma kampaniyası aparmalarının, Azərbaycanın müstəqil siyasətinə və dinamik inkişafına kölgə salmaq üçün ən ucuz, çirkin vasitələrdən istifadə etməyə çalışmalarının əsas səbəbi də bu narahatlıqla bağlıdır. Radikal müxalifətin təmsilçiləri Azərbaycan əleyhinə aparılan düşmən təbliğatına münasibət bildirməməklə əsl simalarını bir daha göstərmiş olurlar. İndi bütün bunlardan sonra həmin antimilli qüvvələr, erməni lobbisinin “muzdlu ideoloji əsgərləri” nə üzlə “Vətəni sevməkdən”, “demokratiyadan”, “ədalətdən” danışacaqlar? Ya da danışdıqlarına özlərindən başqa kim inanacaq?

Mahir Rəsuloğlu, “İki sahil”