Əli Kərimli nə qədər “demokrat”, “azadlıq aşiqi” rolunu oynamağa çalışsa da, əsl mahiyyətini gizlədə bilmir
Azərbaycan xalqı yaxşı bilir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və digər dağıdıcı antimilli ünsürlərin əsas məqsədi müxtəlif bəhanələr gətirərək ölkəmizin demokratik nüfuzuna zərbə vurmaqdır. Çünki onlar iqtidara qarşı başqa heç cür mübarizə apara bilmirlər. Ölkədə sosialyönümlü siyasətin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması və s. bu kimi mühüm addımları görən dağıdıcı müxalifət yaxşı bilir ki, onların əlində iqtidarı tənqid etmək üçün əsaslı səbəb yoxdur. Məhz bu səbəbdən də xaricdəki ağalarının “xeyir-duası” ilə hər vəchlə aranı qarışdırmağa çalışır, ölkədə xaos, anarxiya mühiti yaratmaq üçün dəridən-qabıqdan çıxırlar.
Uzun illərdir ki, özünü “əsas müxalifət” adlandıran, müxalifətçilikdə belə başqasına meydan tanımaq istəməyən AXCP sədri Əli Kərimli nə qədər “demokrat”, “azadlıq aşiqi” rolunu oynamağa çalışsa da, əsl mahiyyətini gizlədə bilmir.
Partiyanın bu günlərdə keçirilən “sessiyası” ərəfəsində baş verənlər, partiyadaxili intriqalar və etirazlar göstərdi ki, onun əməlləri artıq öz tərəfdarları arasında da ifşa olunmaqdadır. Bütün bunları hiss etdiyindəndir ki, AXCP sədri “sessiya” zamanı seçkilərdə alternativ namizədlərin olmasına belə dözə bilmədi. Yaxın dəstə üzvləri ilə əsl “sessiya tamaşası” qurmağa nail oldu. “Sessiya şousu”na bir çox adamların müəyyən miqdarda pul qarşılığında gətirilməsi barədə deyilənlər göstərir ki, özünü “əvəzolunmaz lider” hesab edən Ə.Kərimli, əslində meydanda tək qalıb.
Şouda Nurəddin Məmmədli Ali Məclisin sədri seçilib. AXCP həmişə öz daxilindəki yalançı, demokratik seçki mühitindən dəm vurur. Lakin son “sessiya” bir daha onların paxırlarının üstünü açdı. Seymur Həzi Ali Məslisin sədri vəzifəsinə namizədliyini irəli sürsə də seçilməyib. Bütün bunlar Ə.Kərimlinin qaranlıq işlərindən xəbər verir.
Daha bir təəccüblüsü odur ki, Ali Məclis Fuad Qəhrəmanlını AXCP sədrinin müavini olaraq təsdiq edib. Çox maraqlıdır, bir müddət əvvəl öz ailəsini şantaj edib qalmaqal yaratdığına görə AXCP-nin sədr müavini vəzifəsindən istefa verən bu avantüristi yenidən həmin vəzifəyə seçmək nə dərəcədə doğrudur? Belə hadisələri öz ailəsinə yaşadan F.Qərhəmanlı çoxdandır ki, cəmiyyətdə nifrət olunan bir məxluqa çevrilib. Qeyd edilməlidir ki, F.Qəhrəmanlının sədr müavini təyinatı AXCP üzvləri üçün mənəvi təhqirdir.
Burada vurğulamaq lazımdır ki, gərək hər bir insanın, əsl vətəndaşın sözü ilə işi, əməli arasında möhkəm birlik olsun, ölkəsinin, xalqının mənafeyi ilə yaşasın, atdığı hər bir addımına ağlının gözü ilə baxmağı bacarsın. Ancaq Ə.Kərimli və onun dəstəsinin deyilənləri dərk etməyinə heç inanmağım gəlmir.
Bu gün Azərbaycan sosial-iqtisadi sferanın bütün sahələrində sürətlə inkişaf edir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik və müstəqil dövlət quruculuğu prosesində böyük nailiyyətlərlə müşayiət olunur. Təəssüf ki, bütün bu nailiyyətləri radikal müxalifət qısqanclıqla qarşılayır.
Ölkədə qarışıqlıq yaratmaq iddiasında olmaq, dövlətin demokratik imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxmaq heç də Vətənə, xalqa xidmət sayıla bilməz. Bu, hər şeydən əvvəl Azərbaycanı istəməyən qüvvələrin, o cümlədən erməni dəyirmanına su tökməkdən başqa bir şey deyil. Məhz buna görədir ki, bir ovuc radikalın bu pozucu niyyətləri hər yerdə etirazlara səbəb olur. Artıq radikal düşərgə təmsilçiləri öz “lider”lərinə etibar və inamlarını itiriblər.
Cavid Əkbərov, “İki sahil”
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli