Babayanın qarşısına perspektivdə Nikol Paşinyanı "yıxmaq" vəzifəsi qoyulub
Xankəndidə ara yenə qarışıb. Araik Arutyunyanın “istefası”ndan sonra Qarabağdakı separatçılar arasında qarşıdurma yeni mərhələyə keçib. Qarşıdurmadan məqsəd heç də başlarına oyun açdıqları bədbəxt hayların vəziyyətini düzəltmək və ya hazırki qarışıq durumda onların taleyi ilə maraqlanmaq deyil, qovrulub-yandıqları ambisiyalarını reallaşdırmaq, yəni terrorçubaşı olmaqdır. Bu "post"a papaq sulayanlardan biri, vaxtilə üzdəniraq rejimin "müdafiə naziri" olmuş Samvel Babayandır. Onun ətrafında əvvəlki rəhbərlərdən incik düşən və onlarla düşmən münasibətdə olanlar yığışıb. Belə hesab edirlər ki, Araik getdi, birinci olmaq üçün əsl məqamdır. Bu məqsədlə Babayan olan-qalan əhalini bir yerə toplamaq və özünü tülküsayağı "xəlvət dərənin bəyi" elan etmək istəyir. Ancaq bu, onun son məqsədi deyil. "Post"a gəlişinin məqsədi daha uzağa, İrəvanda ən yüksək kürsüyə doğru uzanır.
Ona görə də verilən xəbərlərə görə, Samvel Babayan Qarabağdakı hayların sentyabrın 8-i saat 10-da mitinqə gəlmələrini israrla tələb edib. O, özünü göstərmək üçün hədə-qorxu gələrək bildirib ki, əhali küçələrə çıxmasa, həmişəlik məhv olacaqlar. Hələlik görünən odur ki, Babayanın mitinqi Azərbaycana qarşı yox, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırkı “rəhbərliyi”nə qarşıdır: “Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir. Onlar bunu gizlətmir və bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişənə qədər insanlar “aclığa” dözməlidir. İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”, - o deyib.
Babayanın qarşısına perspektivdə Ermənistanın baş naziri Nikol Paşinyanı "yıxmaq" vəzifəsi qoyulub. Axı, ondan əvvəl bu metoddan, yəni "Qarabağ kartı"ndan Levon Ter-Petrosyan, Robert Koçaryan, Serjik Sarkisyan istifadə edərək Ermənistanda hakimiyyəti ələ keçiriblər. İndi də Samvel Babayan onların yolu ilə getmək istəyir, buna görə də Xankəndidə boşalmış "post"u zəbt etmək üçün "dişlərini itiləyib." Şübhəsiz ki, ona bu yolu göstərənlər və əlaltdan kömək edənlər var. Yoxsa cəsarəti çatardımı ki, Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazidə özünü balıq suda hiss edən kimi aparsın? Əlbəttə, başqa cür olsaydı özünü belə sərbəst apara bilməzdi. Unudur ki, mandat vermədikləri rus sülhməramlıları son məqamda yalnız öz dövlətlərinin mənafelərini qorumaq üçün Qarabağdadırlar, ermənilərin maraqlarını qorumaq üçün yox. Ondan-bundan cəsarət "idxal" edən hayların milli xüsusiyyətləri belədir: özlərini rahat və təhlükəsiz hiss etdikləri yerdə və məqamda cəsarətli olurlar. Yoxsa baş nazir Nikol Paşinyana qarşı çıxa bilərdimi? Əlbəttə, çıxa bilməzdi. Nə isə...
Samvel Babayan guya ağıl və siyasət nümayiş etdirərək Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb. O, sətiraltı işarə vurur ki, Bakı ilə danışıqları özü apara bilər. Ancaq burada bərk yanılır. Əvvəllər o, bu fikri ortaya atanda Azərbaycan tərəfdən sərt reaksiyalar verilmişdi. Ona xatırlatmışdılar ki, İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilən cinayətkarlar harada aşkar edilsələr həbs ediləcəklər. Ancaq hayların super həyasızlığı bütün dünyaya məlumdur. Yəni, utanmadan cavabını bildiyi sualı təkrar verir. Samvelin əli günahsız azərbaycanlıların qanına bulaşdığı üçün onu danışıqlar yox, ədalət mühakiməsi gözləyir. Qatil ilə kim nə danışacaq? Bəs onun axıtdığı qanların cavabını kim verəcək, cəzasını kim çəkəcək? Digər Xocalı qatili Vaqif Xaçaturyanın aqibəti onu da gözləyir. Özü öz cinayətlərini bilə-bilə yuyulmamış çömçə kimi özünü ortalığa atır, axmaq bəyanatlar verir. Ancaq bizdə adət var, vaxtsız banlayan xoruzu...
Vəli İlyasov, "İki sahil"
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli