Torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda başlayan 44 günlük İkinci Qarabağ müharibəsi qüdrətli Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatdı. Bu tarixi qələbə ölkəmizin nəinki 30 il ərzində işğal altında olan torpaqlarınının azadlığa qovuşması, həm də bizim kimliyimizin, gücümüzün, birliyimizin bütün dünyaya bəyanı oldu. Bəli, İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Zəfər savaşından sonra azadlığına qovuşan torpaqlarımızda aparılan tikinti-quruculuq və yenidənqurma işləri sürətlə davam edir. Hər qarışına şəhidlərimizin qanı axan o müqəddəs torpaqlarımızı yenidən cənnətə çevirmək üçün dövlətimiz tərəfindən bütün tədbirlər ən yüksək səviyyədə həyata keçirilir.
Hər birimizə məlumdur ki, 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.
Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.
Xüsusi olaraq qeyd edək ki, bir müddət əvvəl "Laçın" sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi də öz təsdiqini tapmışdır. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı ilə Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbi rədd olunub, "Laçın" keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialar qəti şəkildə təkzib edilib. Bu qərar, şübhəsiz, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin daha bir təntənəsinin bariz təzahürüdür.
Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması gərginliyi azaltmağa, daha sülhsevər bir atmosfer yaratmağa və regionda daha sürətli əməkdaşlığın inkişaf etməsinə kömək edir.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli