Görəsən, onun məqsədi nədir
Məşhur Amerika yazıçısı, ictimai xadim Mark Tvenə məxsus aforizmlərin birində deyilir: “Ülgücün istifadə müddəti bitəndə və onu itiləmək imkansız görünəndə bərbər bir neçə həftəliyə onu bir kənara qoyur. Həmin müddətdə bu alət öz-özünə itilik qazanır. İnsan oğlu cansız əşyaların qeydinə bu cür qaldığı halda, eyni qayğını nədənsə özünə rəva görmür. Əgər ara-sıra rəfə qoyub, insana da öz-özünə itilənmə imkanı yaransaydı, heç bilirsiniz o, necə orijinal düşüncə sahibi, necə güclü varlıq olardı?”
Bütün dünyada zərb-məsələ çevrilən bu dəyərli fikirlər heç bir halda Azərbaycanda fəaliyyətləri yalnız yalan, böhtan, qarayaxma ilə məhdudlaşan, cəmiyyətdə heç bir nüfuzu, sosial dayağı olmayan, ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itirmiş, anti-Azərbaycan qüvvələrin qolubağlı buyruqcusuna çevrilmiş dağıdıcı müxalifətdə təmsil olunanlara aid edilə bilməz. Çünki həm fiziki, həm də mənəvi cəhətdən aşınmaya məruz qalmış həmin ünsürlər istər bərbər aləti kimi bir kənara, istərsə də torpaq kimi dincə qoyulsun, nə onların düşüncəsində bir dəyişiklik baş verəcək, nə də güclü varlığa çevriləcəklər. Onların əlindən gələn yeganə bir şey var ki, o da ölkədə yaranmış sabitliyi pozmaqdan, həqiqətə uyğun olmayan ittihamlar səsləndirmək, xalqımızın min illər boyu qazandığı və müqəddəs xəzinə kimi yaşatdığı mənəvi inciləri, ulu keyfiyyətləri tapdalamağa və s. cəhd göstərməkdən ibarətdir.
AXCP sədri Əli Kərimli Müsavat Partiyasını ələ keçirməyə çalışır. Son günlər Kərimlinin yaxın çevrəsi sosial şəbəkələrdə onun əlaltısı və siyasi maşası olan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunu təbliğ edir, onu Müsavat Partiyasının başqanı kimi görmək istədiklərini bildirirlər. Məsələn, “Milli Şura”nın üzvü Namizəd Səfərov yazıb ki, Tofiq Yaqublu Müsavat Partiyasını dayandığı ətalət nöqtəsindən çıxarmaqla, irəli aparmağa qadir olan birisidir. Görünən odur ki, AXCP-də diktatura rejimi yaratmış Əli Kərimli Müsavata tamah salıb. Görəsən, onun məqsədi nədir?
Belə anlaşılır ki, AXCP Müsavat başqanlığına keçiriləcək seçkilərə də müdaxilə edəcək və Tofiq Yaqublunu sədr seçdirməyə səy göstərəcək. Əgər müsavatçılar Əli Kərimli-Tofiq Yaqublu oyunlarını başa düşüblərsə, hər bir halda alternativ addımlar barədə düşünəcəklər. Yoxsa, əks təqdirdə Müsavat AXCP-nin yeni trol şöbəsinə çevrilə bilər.
Ötən il T.Yaqublunun AXCP sədri Əli Kərimli və “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli haqqında səs yazısı yayılmışdı. O, səs yazısında Ə.Kərimlinin vaxtilə Elçibəy hakimiyyətinin devrilməsi üçün qərar layihəsini hazırladığını bildirib: “Çıxıblar orda Müsavatın tarixini təftiş edirlər ki, nə bilim filanıncı ildə İsa Qəmbər belə elədi, burdan arxamıza bıçaq sancdılar. Əli Kərimli özü Elçibəy hakimiyyətinin devrilməsinin, onun impiçmentinin qərar layihəsini hazırlamış adamdır. Müsavatın tarixini təftiş edir. Və yaxud Gültəkin xanım, sənə heç kim heç nə demir axı. İndiki bu halda niyə köhnə şeyləri qabardırsınız?”
Hamının yaxşı xatirindədir ki, Kərimli vaxtilə Elçibəyə rəqib olmaq iddiası, partiyanı ələ keçirmək niyyəti ilə AXCP-nin daxilində intriqa toxumu səpdi, toqquşmalar meydana çıxardı. Onun təşkilat içərisində qeyri-leqal təşkilat yaradıb partiyanın zirvəsinə irəliləmək cəhdləri, müxalifətdə sirr qoymayıb lazımı ünvanlara ötürməsi, bununla da müxalif siyasi qüvvələrin planlarını pozmasını, başqa sözlə, məkr, hiylə, çirkin fənd sahibi olmasını müxalifətdə olanlar zaman-zaman dilə gətirib. Təsadüfi deyil ki, müxalifət daxilində xəyanət deyəndə ilk növbədə Əli Kərimlinin adı yada düşür. Və bu imicin olduğu kimi ictimaiyyətə təqdim olunmasında zaman-zaman Yaqublu kimilərin rolu az olmayıb. İndi isə bu düşmənlər guya birləşiblər. Necə deyərlər, qarı düşmən dost olmaz. El dilində desək Kərimli-Yaqublu cütlüyü mehriban düşmənlərdir.
Görəsən T.Yaqublu Ə.Kərimlinin onu oyuna salmaq istəyindən xəbərdardırmı? Xəbəri olsa da, olmasa da, bunlar çətin düzəlsin. Çifayda...
Cavid Əkbərov, “İki sahil”
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli